Məhkəmə qərarları › İş №3(060)-2582/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2582/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2582/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs Əliyev Bəxtiyar Balaxan oğlunun iştirakı ilə, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22699511 saylı qərarından Əliyev Bəxtiyar Balaxan oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22699511 saylı qərarı ilə Əliyev Bəxtiyar Balaxan oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Bəxtiyar Əliyev şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında EQ 22699511 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Bəxtiyar Əliyev şikayətini onunla əsaslandırmışdır ki, “Hundai Santafe” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sonuncu dəfə ona etibarnamə verilmişdir. Həmin tarixdən bu günə qədər nəqliyyat vasitəsinin idarə edilməsi və ya sərəncam verilməsi barədə heç bir şəxsə etibarnamə verilməmişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 11:40-da Sumqayıt şəhəri, Sülh küçəsində İXM-nin 327.2-1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması ilə bağlı inzibati cərimə olunmuşdur. Bunda dərhal sonra Sumqayıt DYPŞ-nə müraciət edərək cərimə barədə məlumat almaq istədikdə aydın olmuşdur ki, inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilsə də, ona dair qərar xx.xx.2024-cü il tarixdə elektron sistemə vurulmuşdur. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərar bir gün ərzində onun elektron kabinetinə göndərilməli olduğu halda 12 gün keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Odur ki, EQ 22699511 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Bəxtiyar Əliyev şikayəti müdafiə edərək bildirdi ki, barəsində xx.xx.2024-cü il tarixli inzibati xəta tənbeh vermə haqqında qərar qəbul olunaraq 100 manat məbləğində cərimə olunmuş, inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilsə də, xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati xəta törədilməsi haqqında məlumat 01 gün müddətində yerləşdirilməli olsa da, bir neçə gündən sonra sistemə yerləşdirilmişdir. Bu barədə DYPŞsi ilə əlaqə saxlasa da, müsbət nəticə olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Əliyev Bəxtiyar Balaxan oğlu EQ 22699511 saylı, xx.xx.2024-cü il tarixli qərarla İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. DİN-nin BDYP Web Portalından inzibati xətanın törədilməsini əks etdirən fotoşəkildən görünür ki, inzibati xəta xx.xx.2024-cü il tarixdə 11:40 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində törədilmiş, qərar xx.xx.2024-cü il tarixdə 01:01:28 radələrində sistemə yerləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İXM-nin tələbləri pozulmuşdur. Belə ki, İXM-nin 81.2-ci maddəsinə görə Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə görə İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.5-ci maddəsinə görə Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Göründüyü kimi hazırkı iş üzrə Bəxtiyar Əliyev tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta xx.xx.2024-cü il tarixdə baş vermiş, bu fakt BDYPİ Mərkəzi İnformasiya Sistemi tərəfindən aşkar edilmiş, lakin inzibati tənbeh vermə haqqında elektron qərar Əliyevin elektron kabinetinə inzibati xətanın törədildiyi gündən bir gün müddətində (xx.xx.2024) deyil, hadisənin baş verməsindən təxminən 10 gün sonra (xx.xx.2024-cü) yerləşdirilmişdir. İXM-nin 38.6-ci maddəsinə görə Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə olduğu halda məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-nin yuxarıda qeyd olunan müddəalarına əməl edilməməsi səbəbindən İXM-nin 38.6-cı maddəsinin tələblərinə əsasən mübahisələndirilən qərar ləğv edilməlidir. Yuxarıda göstərilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Bəxtiyar Əliyev barəsində Baş Dövlət Yol Polis İdarəsinin EQ 22699511 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.11, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əliyev Bəxtiyar Balaxan oğlunın şikayəti təmin edilsin. Əliyev Bəxtiyar Balaxan oğlunun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin EQ 22699511 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar