Məhkəmə qərarları › İş №3(060)-2584/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2584/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2584/2023 26.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-552 saylı icra sənədi borclu tərəfindən üzrsüz səbəbindən icra edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-552/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İcra sənədi üzrə icraata 18 fevral 2019-cu il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Borclu bugünə qədər müxtəlif vaxtlarda ödənişlər etmişdir, lakin son 6-7 ay ərzində işləmədiyindən tam ödəniş edə bilməmişdir. Hal-hazırda borclunun 1156 manat aliment borcu yığılmışdır. Tələbkar borcun birdəfəlik ödənilməsini tələb edir. Bu il ərzində borclu xx.xx.2023-cü il tarixdə 140 AZN, xx.xx.2023-cü il tarixdə 190 AZN, xx.xx.2023-cü il tarixdə 308 AZN, xx.xx.2023-cü il tarixdə 140 AZN ödəniş etmişdir. Bundan başqa, borclunun adında heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Qanuni qüvvədə olan məhkəmə qərarını bu günədək icra etməməsi, əmlak və gəlirləri barədə dəqiq məlumat verməməsi Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Borclunun bugünədək 1156 AZN aliment borcu yığılmışdır. O heç bir yerdə işləmir, adına heç bir daşınar və daşınmaz əmlakı yoxdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs həmişə vaxtlı-vaxında onun çağırışlarına gəlmiş, icra sənədini tam icra etməməsinin səbəbləri barədə məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, bu ilədək o hər ay mütəmadi olaraq ödənişlər etmişdir, lakin son aylarda heç bir yerdə işləmədiyi üçün ödənişləri tam edə bilməmişdir. Sonuncu dəfə avqust və sentyabr aylarında ödənişlər etmişdir. Keçən ay işlədiyi işdən çıxmışdır. Ona görə də bu ay ödənişi həyata keçirə bilməmiş, lakin ay sonuna kimi 200 manat ödəməyə söz verir. Tələbkar onu polisə verdiyi üçün onu işlədiyi yerin müdüriyyəti işdən azad etmişdir. Hazırda yeni iş tapmış və sabahdan işə başlayacaq. Əvvəlki eviliyindən bir övladı, hazırkı evliliyindən isə 3 aylıq bir övladı var. Göstərilənlərə əsasən onun əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 bildirdi ki, Şəxs icra sənədini icra etməkdən yayınmaq niyyəti olmamışdır, indiyədək neçə illərdir borcunu həmişə vaxtlı-vaxtında ödəmişdir. Bu il ərzində işləmədiyi üçün hər ay ödənişlər edə bilməmiş, lakin ödənişlərdən də yayınmayaraq xx.xx.2023-cü il tarixdə 140 AZN, xx.xx.2023-cü il tarixdə 190 AZN, xx.xx.2023-cü il tarixdə 308 AZN, xx.xx.2023-cü il tarixdə 140 AZN ödəniş etmişdir. Bu isə onun göstərir ki, o məsuliyyətini dərk edir və icra məmurunun göstərişlərini icra edir. Bu il ərzində etdiyi ödənişlərin qəbzlərini məhkəməyə təqdim etmişdir. Ona görə də, əfəqqətov Elxan Eldar oğlu barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs A.R.İsayeva öz izahatında göstərmişdir ki, o sentyabr ayında icra məmuruna bildirmişdir ki, uşağı gətirsin borclu da heç olmasa uşağa məktəb çantası alsın. Borclu bu il ərzində ödənişni tam etməmişdir, ona görə də borcu qalmışdır. Borclu ödəniş etməkdən qəsdən yayınır, əgər onun məsuliyyəti olsa idi, kirayə pulunu ödədiyi kimi alimenti də ödəyə bilərdi. Göstərilən halların nəzərə alınmasını və borclunun barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 552/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu xx.xx.2023-cü il tarixdə 140 AZN, xx.xx.2023-cü il tarixdə 190 AZN, xx.xx.2023-cü il tarixdə 308 AZN, xx.xx.2023-cü il tarixdə 140 AZN ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-552/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədi əsasında 18 fevral 2019cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu həmin vaxtdan 2023-cü ilin əvvəlinədək ödənişlərini tam etsə də, bundan sonra ödənişlərini tam edə bilməmiş və 2023-cü il ərzində - xx.xx.2023-cü il tarixdə 140 AZN, xx.xx.2023-cü il tarixdə 190 AZN, xx.xx.2023-cü il tarixdə 308 AZN, xx.xx.2023-cü il tarixdə 140 AZN ödəniş etmişdir. Bu barədə qəbzlər məhkəməyə təqdim edilmişdir. Ödənişləri tam edə bilməməsini isə işdən çıxması və işsiz olması ilə əlaqələndirmiş və bu ayın ödənişindən daha artıq olmaqla (200 manat) ay sonuna kimi yerinə yetirəcəyinə söz vermişdir. Eyni zamanda icra məmurunun verdiyi məlumata əsasən borclu Şəxs həmişə vaxtlı-vaxında onun çağırışlarına gəlmiş, icra sənədini tam icra etməməsinin səbəbləri barədə məlumat vermişdir. İcra prosesində icra məmuru tərəfindən müəyyən edilmişdir ki, hal-hazırda borclunun heç bir rəsmi gəliri və mülkiyyətində hər hansı əmlakı yoxdur. Mülkiyyətində hər hansı bir əmlakının olmaması borclunun əmlak vəziyyətinin göstəricisi olduğu halda, borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Lakin protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu ödəniş etməkdən qərəzli boyun qaçırmır, maddi vəziyyəti imakn verdiyi dərəcədə ödənişlər edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olamamış, maddi vəziyyətinin pisləşməsi olmuşdur. Belə ki, şəxs bundan öncəki bir neçə il ərzində borclarını ödəməkdən yayınmamış, yalnız 2023-cü il ərzində tam deyil, qismən ödənişlər etmişdir. Öncəki bir neçə il ərzində icra prosesində heç bir ləngimənin olmaması özü də bir daha təsdiq edir ki, borclu Şəxs icra sənədinin icrası üzrə məsuliyyətini dərk etmiş və onun icra sənədinin icrasından yayınmaq üçün hər hansı qərəzli hərəkəti olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X4 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar