Məhkəmə qərarları › İş №3(060)-2589/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2589/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2589/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Ermənistan SSR, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2İN xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 04 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinin həyətində nalayiq ifadələr işlədərək oradakı polis əməkdaşlarını söymüşdür. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi (bundan sonra mətndə 5-ci PBnin) tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 04 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında 5-ci PB-nin sahə rəisi X8 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinin həyətində nalayiq ifadələr işlədərək oradakı polis əməkdaşlarını söymüş, şöbənin iş rejimini pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs barəsində onun tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol Şəxs təqdim olunsa da o protokolu almaqdan imtina edərək heç bir sənədə imza atmamışdır. İ.Tahirov məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinə gedərək avtomobilinin sazlığını yoxlatmaq və avtomobilində qeyd olunan nöqsanları olarsa onları aradan qaldırmaq və yenidən texniki baxışdan keçirmək istəmişdir. Texniki baxışdan keçdikdən sonra onun avtomobilinin əyləc sistemində nasazlıqların olduğu ona bildirildikdə o əsəbləşərək polis əməkdaşlarına bunun mümkün olmadığını, əyləc sisteminin yeni dəyişdirdiyini bildirmişdir. Daha sonra polis əməkdaşı ona cərimələrinin olduğunu bu səbəblə də onun avtomobilinin texniki baxışdan keçirilməyəcəyini bildirdikdə o da əsəbləşib öz avtomobilini texniki baxışın çıxış hissəsinin əks istiqamətinə sürmüşdür. Daha sonra o, polis əməkdaşlarının və oradakı işçilərin fəaliyyətini öz telefonu ilə çəkməyə başlamışdır. Orada olan polis əməkdaşlarından biri ona yaxınlaşaraq onun telefonunu əlindən almağa cəhd etmişdir. O polisləri söyməmişdir, əksinə ona qarşı qanunsuz hərəkətlər edilmişdir, buna görə də DİN-nin 102 xidmətinə şikayət etmişdir. Ona təqdim olunan bir neçə səhifədən ibarət müayinəyə aid kağızları o özü maşınında cırmış, lakin həmin kağızları Hüseyn Məmmədovun üstünə atmamışdır. Qeyd olunanların nəzərə alınmasını barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmdən xahiş etdi. Məhkəmə iclasında şahid Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsi dövlət avtomobil müfəttişi X9 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə günorta radələrində Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinə idarə etdiyi “Hundai” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən adını sonradan bildiyi vətəndaş Şəxs yaxınlaşaraq avtomobilini texniki baxışdan keçirmək istədiyini bildirmişdir. Nəqliyyat vasitəsi aparat vasitəsilə yoxlanarkən aşkar olunan nasazlıqlar onun tərəfindən qırmızı qələmlə nasazlıqların altından xətt çəkməklə kağız daşıyıcıda Şəxs təqdim olunmuşdur. Şəxs əyləc sistemini bu yaxınlarda düzəltdiyini bildirib “tormoz nakladkası” aldığı kağızı əsəbi şəkildə ona göstərib bunun mümkün olmadığını bildirmişdir. O Şəxs izah etməyə çalışmışdır ki, o “tormoz nakladkasını” alsa da ola bilər ki, usta onu ya dəyişməyib, ya yerinə düzgün oturtmayıb. Bundan sonra Şəxs ona təqdim olunan bir neçə səhifədən ibarət texniki müayinəyə aid kağızları cırıb onun üstünə ataraq qışqırmağa başlamış, səs küy salmış, texniki baxış xəttinə çıxaraq əlindəki telefonla çəkilişlər aparmış, sonra avtomobilini işə salaraq texniki baxış zolağının əks istiqamətinə sürüb şöbənin bütün iş fəaliyyətini pozmuşdur. Şəxs nizam intizama dəvət olunsa da heç kimə əhəmiyyət verməmiş, polislərin ünvanına qışqıraraq söyüşlər söyərək xuliqanlıq hərəkətləri etmişdir. PPX-nə zəng olunmuş, polis əməkdaşları gəldikdən sonra da Şəxs sakitləşməmiş, texniki baxış xəttində uzanmış, təhqiramiz ifadələr işlətmişdir. Məhkəmə iclasında izahat verən Şahid şahd Hüseyn Məmmədovun izahatına uyğun izahat vermişdir. Şahid izahatında həmçinin bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta radələrində Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinin inzibati ərazisində Şəxs söyüşlər söymüş, avtomobilini texniki baxış zolağının əks istiqamətinə sürüb 3-4 saat ərzində şöbənin bütün iş fəaliyyətini pozaraq xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Şəxs tərəfindən məhkəməyə təqdim olunan və sonra onun özünə qaytarılan texniki müayinəyə aid 3 səhifədən ibarət kağızların cırılıb sonradan yapışqanla bərpa olunması müəyyən olunmuşdur. Məhkəmə iclasında materialda olan diskə baxış keçirilərkən X1 söyməsi eşidilməsə də, onun öz avtomobilini idarə edərək texniki baxış zolağının əks istiqamətinə sürməklə öz yolu ilə hərəkətdə olan digər avtomobillə qarşılaşmaqla inzibati yerdə Texniki baxış şöbəsinin iş rejimini pozması müəyyən olunmuşdur. İş materialında olan xx.xx.2022-ci il tarixli DİN-nin DYP WEB portalının çıxarışından görünür ki, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Şəxs adına yekun olaraq 829,00 manat cərimə vardır. Məhkəmə araşdırması zamanı Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək xırda xuliqanlıq hərəkətlərinə yol verməsi məhkəmədə dindirilmiş şahidlərin izahatları, işdə olan diskdəki görüntülər, materiala əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs məhkəmədəki izahatına tənqidi yanaşaraq qeyd edir ki, Şəxs inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün məhkəmədə səmimi olmayaraq törətdiyi inzibati xətanı etiraf etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 100,00 (bir yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar