Məhkəmə qərarları › İş №3(060)-2591/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2591/2022

14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2591/2022 14.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11447672 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11447672 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Qərardan görünür ki, X2 “Mitsubishi Rosa avtobus” markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəəyən edilmiş hərəkət surətini 56 km/saat həddində aşmışdır. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli EQ 11447672 saylı inzibati tənbehvermə haqqında inzibati elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas Mitsubishi Rosa markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasiəsinin istifadəçisi X1 Sumqayıt şəhəri, Nəriman Nərimanov (Corat) ərazisində müəyyən edilmiş hərəkət surətinin 56 km/saat həddini aşması olmuşdur. X6 (avtobus) markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair mülkiyyətçi tərəfindən ona həmin avtomaşının idarə edilməsi ilə bağlı etibarnamə verilməsinə baxmayaraq xx.xx.2022-ci il tarixində saat 08:40:52 radələrində həmin avtomaşın onun tərəfindən idarə olunmayıb. Həmin faktı Mitsubishi Rosa (avtobus) markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3 da təsdiq edə bilər. Beləliklə də törətdiyi inzibati xətaya görə Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən 150 manat məbləğğində inzibati cərimə növündə tənbehi əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək bildirdi ki, maşının mülkiyyətçisi X3 həmin gün maşını özü idarə etmişdir, bunu da özü təsdiq edə bilər. Həmin qərarla razı deyildir, qərar qanunsuzdur və buna görə də şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X3 bildirdi ki, həmin avtobus özünündür, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, həmin gün, yəni xx.xx.2022-ci il tarixində saat 08:40:52 radələrində avtobusu özü idarə etmişdir, qərarda göstərilən surətlə avtobusu idarə etməmişdir, maşın öz adınadır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Baş X9 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli EQ 11447672 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X9 İdarəsinə göndərilməlidir. Səlahiyyətli orqan tərəfindən işə baxılması zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 328.3-cü maddəsinə görə yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş X9 İdarəsi tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, nəqliyyat vasitəsini X1 və ya başqa şəxsin idarə etməsi araşdırılmamış və tam müəyyən edilməmişdir. Məhkəməyə verilən izahatlardan görünür ki, həmin vaxt avtobusu X4 deyil, avtobusun mülkiyyətçisi X3 özü idarə etmişdir. Bu hal geniş araşdırma tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, hadisə vaxtı avtobusu kimin idarə etməsi müəyyən edilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X1 İnzibati Xətalar Məcəlləsinin 328.3cü maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11447672 saylı qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X9 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11447672 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar