Məhkəmə qərarları › İş №3(060)-2592/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2592/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2592/2023 26.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Ağsu raynunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, aösu rayonu Padar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı 183780 №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində şübhəli şəxs kimi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 narkoloji tibbi yoxlama zamanı sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi R.M.Hüseynov göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində ilkin olaraq oğurluqla bağlı şübhəli bilindiyi üçün 4-cü PB-nə gətirilmiş, həmin fakt öz təsdiqini tapmamış, lakin Şəxs izahatında bir neçə gün öncə narkotik istifadə etdiyini bildirmişdir. Ona görə də müvafiq ekspertiza təyin edilmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 narkoloji tibbi yoxlama zamanı sidik nümunəsində THC (+)aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə 4-cü Polis Bölməsinin sahə rəisi R.M.Hüseynov ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs barəsində tutmaq tətbiq edilməmiş və onun azadlıq hüququ hər hansı şəkildə məhdudlaşdırılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri Ağsu rayonunda yaşayır. Özü isə Sumqayıt ərazisində kirayələrdə yaşamaqla fəhləlik edir. Bir neçə gün öncə yaşadığı yerin yaxınlığında siqaret qutusunda narkotik vasitə olan qurudulmuş marixuana tapmış və onu siqaret kimi çəkmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları yaxınlaşaraq onu PB-nə dəvət etmişlər. O da könüllü getmiş və orada yol verdiyi qanun pozuntusu barədə izhahat yazmışdır. O narkotik vasitələrdən daimi olaraq istifadə edən şəxs deyil, nədə ki, satışı ilə məşğul deyil. Narkotik vasitədən yalnız bir dəfə qəbul etmiş, hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan “Sərxoşluq hallarının tibbi müayinəsinin” xx.xx.2023-cü il tarixli aktından görünür ki, həmin tarixdə Şəxs narkotik vasitə qəbulu faktı və alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7012 nömrəli rəyindən görünür ki, həmin tarixdə Şəxs götürülmüş sidik nümunəsində THC (+)aşkar olundu, Şəxs hazırda narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan sonuncunun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə həvalə edilmiş, qərarın surəti məlumat üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar