Məhkəmə qərarları › İş №3(060)-2597/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2597/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2597/2023 27.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayit şəhər İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokol tərtib olunaraq aidiyyatı üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır və bu səbəbdən həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməldiri. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Lakin MN № ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilən zaman qanunvericiliyin qeyd edilən tələblərinə riayət olunmamışdır. Belə ki, iş materiallarında olan MN № ******* saylı, xx.xx.2023-cü il tarixli protokolun “inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti” hissəsində “Sumqayıt şəhər məhkəməsinin 2(060)-1103 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən X1 olan 19020 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir, icra məmurunun qanuni tələblərini icra etmir” qeyd olunsa da, pozuntunun məhz kim tərəfindən edildiyi, yəni protokolun kim barəsində tərtib edildiyi göstərilməmişdir. Hesab edirəm ki, icra məmuru tərəfindən “xətanın mahiyyəti” dəqiq və ətraflı protokolda əks olunmamışdır. Bundan başqa Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Pərvanə Novruzova tərəfindən Şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edə biləcək sübutlar protokola tam olaraq əlavə edilməmiş və ya əlavə edilmiş sənədlərin oxunması qeyri-mümkün olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, protokola əlavə edilmiş olan MN 174592 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun özü də ümumiyyətlə oxunaqlı olmamış və həmin protokola baxılması və nəticəsi barədə hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Lakin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərkən yol verilən və yuxarıda qeyd edilən nöqsanlar xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan səhvlər olduğundan hesab edirəm ki, protokol və ona əlavə edilmiş digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhər İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar