Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2598/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 16-cı mikrorayon, məhəllə 15, otaq 15ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Ramil Babayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(105)-330/2021 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3111/2021 saylı və həmin məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(060)-3768/2016 saylı icra vərəqələri üzrə borcu borclu ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru Ramil Babayev izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-330/2021 saylı icra sənədinə əsasən 1 ədəd televizor 790 manat dəyərində, divan kresolun dəyəri 960 manat və 1200 manat “LG” markalı soyuducunun dəyəri borclu Şəxs alınıb tələbkar Zərərçəkmiş şəxs verilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-3111/2021 saylı icra sənədinə əsasən Şəxs 470 manat pul tutulub tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli və həmin məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(060)-3768/2016 saylı icra sənədinə əsasən isə borcludan 803,92 manat pul tutulub tələbkar Mübariz İsmayılova ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-330/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icra sənədinin icrası böyük icra məmuru Orxan Məmmədova həvalə edilmiş, daha sonra həmin icra işləri bir icraatda birləşdirilmişdir. Yalnız bir icra sənədi üzrə qismən ödəniş edilmiş, belə ki, Zərərçəkmiş şəxs qətnamə ilə müəyyən olunmuş borcdan cəmi 800 manat ödənilmiş, digər icra sənədləri üzrə heç bir ödəniş edilməmişdir. Borclu Şəxs hazırda Zərərçəkmiş şəxs 2210 manat borcu qalmışdır. İcra sənədlərinin icrası ilə əlaqədar borclu dəfələrlə İcra İdarəsinə dəvət olunmasına baxmayaraq gəlməmiş, bu səbəbdən barəsində 2 dəfə axtarış elan olunmuş və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən İcra İdarəsinə təhvil verilmişdir. İlk dəfə borclu xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən İcra İdarəsinə təhvil verilən zaman tərəflər arasında razılaşma olmuş və tələbkar ərizə verərək qalıq borcdan hər ay 350 manat ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Borclu götürdüyü öhdəliyi yerinə yetirməmiş, yenidən icra məmurunun çağırışlarına gəlməmiş, mobil nömrəsinə elektron məhkəmə sistemi vasitəsilə SMS göndərilmiş, lakin o, qərəzli olaraq icra sənədlərinin icrasından yayınmışdır. Bu səbəbdən yenidən borclu barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmiş, qərar icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmiş və xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən İcra İdarəsinə təhvil verilmişdir. Həmin tarixdə öhdəliyi yerinə yetirmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 08 (səkkiz) gün inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra borclu yenidən çağırışlara gəlməmiş, onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan olunmuş və xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən İcra İdarəsinə təhvil verilmişdir. Borclu hər dəfə izahatlarında borcu tam ödəməsinə imkanının olmadığını bildirsə də, icra sənədi üzrə borcdan hissə-hissə ödəniş etməyə cəhd etməmişdir. Bu gün verdiyi izahatda da borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən tələbkar Zərərçəkmiş şəxs cəmi 800 manat ödəniş etmiş, digər icra sənədləri üzrə ödəniş etməmişdir. Hər ay 100 manat öməmək imkanının olduğunu bildirir. Əməlindən peşman olmasını, gündəlik fəhlə işlədiyini, kirayədə yaşadığını, himayəsində uşağının olmasını və borcunu hissə-hissə ödəyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-330/2021 saylı icra sənədinə əsasən 1 ədəd televizor 790 manat dəyərində, divan kresolun dəyəri 960 manat və 1200 manat “LG” markalı soyuducunun dəyəri Şəxs alınıb ona verilməlidir. Həmin pul məbləğindən borclu tərəfindən cəmi 800 manat ödənilmiş, 2210 manat borcu qalmışdır. Borcluya dəfələrlə borcunu ödəməsini bildirsə də, o müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən boyun qaçırmışdır. Borcun tam ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən təqdim edilmişdir. “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin e-2(105)-330/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3111/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və həmin məhkəmənin 2(060)-3768/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs olan borcundan 800 manat ödəmişdir. “Borclunun axtarılması haqqında” xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Borclu Şəxs izahatlarından görünür ki, borcu ödəməyə imkanı olmadığını bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu Şəxs qanunvericiliyin göstərilən tələblərini pozaraq müxtəlif əsassız bəhalər gətirərək icra sənədini üzrsüz səbəbdən qanunla müəyən edilmiş vaxtda icra etməmiş, nəticədə tələbkarlara 3483,92 (üç min dörd yüz səksən üç manat doxsan iki qəpik) manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Belə ki, “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi icra məmuru tərəfindən yığılmış borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İnsan Hüquqları və X2 X1 5-ci maddəsinə əsasən məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması hallarında şəxs azadlıqdan məhrum edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Ramil Babayevin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş icra məmurunun, borclunun və tələbkarın vermiş olduğu izahatlar, o cümlədən icra sənədinə əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş sənədlərlə tam sübut olunur. Məhkəmə hesab edir ki, Şəxs işləməməsi və maddi vəziyyətinin zəif olması hazırki vəziyyətdə inzibati qaydada məsuliyyətə cəlb edilməsini istisna edən hal kimi qəbul edilə bilməz. Belə ki, göründüyü kimi borculunun hələ də ödənilməmiş kifayət qədər böyük məbləğdə borcu var və sonuncunun işləməməsi onun məsuliyyətdən kənar qalması üçün əsas deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs peşman olmasını onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, sonuncu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2598/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2598/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver