Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2599/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu, Xaçındərəbənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin dəhlizində ucadan qışqıraraq səs-küy salıb, ünvansız yerə nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X5 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, X3 Sumayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Xanədan” şadlıq sarayında tanımadığı şəxs tərəfindən döyülərək xəsarət alması barədə bölmədə araşdırma aparılır, bununla bağlı Şəxs təhqiqatçı tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət edilmişdir. Şəxs dəvət üzrə özü 1-ci Polis Bölməsinə gələrək növbətçi hissənin qarşısında səs-küy salmış, nalayiq ifadələr işlətmiş və bölmənin normal iş qaydasını pozmuşdur. Bununla bağlı tərəfindən araşdırma aparılmış və İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə bölmədə növbətçi hissənin qarşısnda baş vermiş və müvafiq kamera görüntüləri mövcuddur. Lakin, həmin görüntülərin götürülməsi üçün DİN-in icazəsi olmalıdır. Bu səbəbdən də həmin görüntüləri bu gün və ya sabah ərzində məhkəməyə təqdim edə bilməz. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə telefon vasitəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət edilmiş, bununla bağlı özü könüllü olaraq 1-ci Polis Bölməsinə gəlmiş və növbətçi hissəyə yaxınlaşaraq nə ilə bağlı dəvət edildiyini öyrənmişdir. Bundan sonra öz-özünə təəssüf bildirən bir sözdən ibarət qeyri-etik bir ifadə işlətmişdir. Lakin, bu o qədər də ucadan olmamış, bölmənin iş rejimini pozmamış və oraya kimlərinsə yığışmasına səbəb olmamışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Həmçinin özü könüllü şəkildə bölməyə gələn şəxsin heç bir səbəb olmadan səs-küy salması inandırıcı görünmür. Əgər hadisə həqiqətən də olsa idi, bölmə daxilində olan video görüntülər təqdim edilərdi. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin təhqiqatçısı Elşad Məmmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, X3 Sumayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Xanədan” şadlıq sarayında tanımadığı şəxs tərəfindən döyülərək xəsarət alması barədə bölmədə araşdırma aparılmışdır. Araşdırma zamanı hadisənin Şəxs tərəfindən döyülməsi müəyyən olunmuşdur. Bölmədə sonuncunun izahatı alınan zaman xidməti otaqda səs-küy salmışdır. Lakin, məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş sahə rəisi isə bildirmişdir ki, Şəxs təhqiqatçının yanına gedənə qədər növbətçi hissənin qarşısında səs-küy salmış və nalayiq ifadələr işlətmişdir. Göründüyü kimi protokol tərtib etmiş şəxsin izahatı ilə tərtib edilmiş raport arasında ziddiyyətli məqamlar mövcuddur. Bu səbəbdən də məhkəmə hesab edir ki, protokol tərtib etmiş izhatı və tərtib edilmiş raport iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə protokol tərtib etmiş sahə rəisi izhatında hadisənin Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin növbətçi hissəsinin qarşısında baş verməsini qeyd etsə də, həmin vaxt orada qeydə alınmış kamera görüntülərini məhkəməyə təqdim etməmiş və təqdim də edə bilməyəcəyini bildirmişdir. Göründüyü kimi protokol tərtib etmiş şəxsin məhkəməyə təqdim etdiyi sübutların özündə iddia edilən inzibati xətanın törədilməsi ilə bağlı ziddiyyətli məqamlar yaranmışdır. Qeyd edilən ziddiyyətli sübutlardan əlavə məhkəməyə hər hansı əlavə sübut təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə heç bir inzibati xətaya yol vermədiyini bildirmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, təqdim edilmiş sübutların məcmusu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlinməsi üçün kifayət etmir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilməməsi səbəbindən xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsini ilə sübut etmək vəzifəsi protokol tərtib etmiş şəxsin üzərinə düşür, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı şübhələr və ziddiyətli məqamlar onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 3 sata görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2599/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2599/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver