Məhkəmə qərarları › İş №3(060)-26/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-26/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-26/2024 07.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - X6, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Tümen vilayəti, Neftyuqansk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyatda olan və Abşeron rayonu, Saray bağları, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 1-ci Polis X1 barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə saat 00:20-də Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 33-ün qarşısında xidməti vəzifəsini yerinə yetirən polis vətəndaşlarının xidməti işinə müdaxilə edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı X7 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:20-də Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 33-ün qarşısında xidməti vəzifəsini yerinə yetirən polis vətəndaşlarının xidməti işinə müdaxilə edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, başqa şəxs barəsində daxil olmuş məlumat əsasında həmin əraziyə getmişlər, şəxsi avtomobilə əyləşdirmişlər, lakin Şəxs avtomobilin qapısını açaraq həmin şəxsi avtomobildən düşürmüş, onların xidməti fəaliyyətinə mane olmuşdur. Avtomobilə yaxınlaşmama barədə ümumi xəbərdarlıq etsələr də bu şəxs tabe olmamışdır. Odur ki, qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, axşam dostunun evinə getmiş, səs-küy olduğunu görmüş, yaxınlaşan zaman dostu Elşəni polis avtomobilinə mindirdiklərini görmüş, Elşən ürəyinin sıxıldığını demiş, o da avtomobilin qapısını açmışdır, həmin vaxt qapını açmamalı olduğunu bilməmişdir. Qapını açdıqdan sonra ona bildirmişlər ki, qapını açmaq olmaz. Polis əməkdaşları ona da avtomobilə əyləşməyini demişlər, o da əyləşmişdir. Heç bir tabesizlik göstərməmişdir. Həmin vaxt az miqdarda spirtli içki qəbul etmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil bildirdi ki, şəxs az miqdarda spirtli içki qəbul etmiş, bilmədən dostu əyləşən qapını açmışdır. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Şəxsin hüquqları pozulmuş, müdafiəçi təyin edilməmiş, şahid cəlb edilməmişdir. Şəxsin əməlində İXM-nin 535-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan A/38 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti vardır. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, X6 əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş raportdan görünür ki, X8 tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vətəndaş polis əməkdaşlarının icazəsi olmadan xüsusi nəqliyyat vasitəsinə yanlaşaraq qapısının açaraq saxlanılan şəxsi oradan azad etmə cəhdi xidməti fəlaliyyətinə müdaxilə hesab olunur və polisin qanuni tələbinə tabe olmamaq kimi qiymətləndirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, X6 barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarından göründüyü kimi X8 faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 01:10-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 16:10-da azad edilmişdir. Lakin məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən ona cəza təyin edilərkən həmin müddət nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Nəzərə alınmalı olan müvafiq obyektiv amillərə qapalı sahəni tərk etmək imkanı, nəzarətdə saxlanma, təcrid edilmə dərəcəsi, cəmiyyətlə əlaqə qurmaq imkanı daxildir (Quzzardi İtaliyaya qarşıH.M. İsveçrəyə qarşı, H.L. Birləşmiş Krallığa qarşı, Ştork Almaniyaya qarşı) Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X2rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də inzibati xəta törətmiş X8 barəsində tətbiq edilmiş inzibati cərimə mütənasib qaydada azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar