Məhkəmə qərarları › İş №3(060)-260/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-260/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-260/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin inzibati xəta haqqında EP № ******* saylı, 23 yanvar 2025-ci il tarixli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 493-cü maddəsinə əsasən tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Dövlət Gömrük Komitəsi X1 Sistemi informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Özbəkistan Respublikasında fəaliyyət göstərən “UzAvto Motors” şirkəti tərəfindən hüquqi səxs "xxxx" MMC-nin ünvanına göndərilən “konteynerlər” adlı mal xx.xx.2024-cü il tarixdə saat 04:51-də "Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Şirkətin ünvanına göndərilmiş mal 68 ədəd konteynerdən ibarət olmuş və xx.xx.2024-cü il tarixli **********464 sorğu nömrəli qısa idxal bəyannaməsində mal 68 ədəd konteyner olaraq qeyd edilmişdir. Şirkət tərəfindən sözü gedən mallar barəsində Dəniz Nəqliyyatı və X3 Gömrük İdarəsinə 12 dekabr 2024-cü il tarixdə **********1464 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarının 3.6-cı bəndinə əsasən, Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on bes) gündən gec olmayaraq verilməlidir. Bununla da, Şəxs MMC tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmiş, nəticədə Şəxs MMC tərəfindən İXM 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin səlahiyyətli namyəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmişdir sənədlərdən görünür ki, **********1464 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, Özbəkistan Respublikasından 68 ədəd bir və ya bir neçə nəqliyyat növündə daşınmaq üçün xüsusi olaraq təyin olunmuş və təhciz olunmuş konteynerlərin "xxxx" MMC-nin ünvanına göndərilməsi bəyan edilmişdir. **********464 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində mal 68 ədəd konteyner olaraq qeyd edilmişdir. X1 sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin ünvanına gələn mallar xx.xx.2024cü il tarixdə saat 04:51-də "Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisində idxal gömrük prosedurunda gətirilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində **********1464 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilib sözügedən mallar rəsmiləşdirilmişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən "xxxx" MMC-yə ünvanlanmış 17 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC barəsində aparılan araşdırma ilə əlaqədar səlahiyyətli nümayəndələr xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş izahatlardan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də aparıcı gömrük mütəxəssisi vəzifəsində işləyən Kamil Quluzadənin, xx.xx.2024-cü il tarixdə "xxxx" MMCdə əməliyyat meneceri vəzifəsində çalışan Elnur Süleymanovun izahatları alınmışdır. İnzibati araşdırma zamanı hüquqi şəxsin aparıcı gömrük mütəxəssisi Kamil Quluzadə izahat verərək Şəxs MMC-nin ünvanına göndərilən mala dair bütün sənədlər gömrük bəyannaməsinin tərtib edilməsi üçün şirkətdə fəaliyyət göstərən bəyannaməçi X2 təqdim edilmişdir. Lakin, bəyannaməçi Süleymanov qanunvericilikdə müəyyənləşdirilmiş 15 gün müddətini nəzərə almamış, **********464 sorqu nömrəli gömrük bəyannaməsini gecikdirilməklə, xx.xx.2024-cü il tarixdə gömrük orqanına təqdim etmişdir. Elnur Süleymanovun izahatında qeyd etmişdir ki, sözügedən şirkətin ünvanına göndərilən mallara dair sənədlər ilk öncə onun elektron poçt ünvanına göndərilir, həmin sənədlər yoxlanıldıqdan sonra özü tərəfindən gömrük bəyannaməsi tərtib edilir. **********464 sorqu nömrəli gömrük bəyannaməsində qeyd edilmiş malların ölkə ərazisinə partiyalarla gələcəyi əvvəlcədən şirkətə məlum olmuşdur. Bu səbəbdən də gömrük bəyannaməsi tərtib olunmamamıs və son mal partiyasının gömrük ərazisinə gəlməsi gözlənilmişdir. Mal gömrük ərazisinə gələn zaman malı qarşılayan şirkətin nümayəndəsi ona məlumat verir və onun tərəfindən gömrük bəyannaməsi tərtib edilir. Lakin, sözügedən gömrük bəyannaməsində qeyd edilən malların son partiyasının gəlməsi xx.xx.2024-cü il tarixdə olduğuna görə gömrük bəyannaməsi tərtib edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXMnin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə görə gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 nömrəli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarın 3.6cı bəndinə əsasən gömrük ərazisinə gətirən mallara dair gömrük bəyannaməsi həmin malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. İXM-nin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, "xxxx" MMC Özbəkistan Respublikasından idxal edilmiş yüklərə dair GM-nin 149.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada gömrük bəyannaməsini malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına vaxtında təqdim etməmklə inzibati xətanı törətmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. "xxxx" MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar