Məhkəmə qərarları › İş №3(060)-2608/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2608/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2608/2023 22.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ16733033 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ16733033 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi F.V.Rəhimov ərizəsini onunla əsaslandırmışdır ki, istifadəsində olan “Mercedes Benz” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə Sumqayıt şəhəri, Koroğlu küçəsi, 18-ci mikrorayon dairəsində dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ16733033 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-ci maddəsi ilə cərimə edilmişdir. Nəqliyyat vasitəsinə sonuncu etibarnamə onun adına olduğu üçün qərar onun elektron kabinetinə yerləşdirilmişdir. Əlavə etdiyi fotoşəkillərdən də göründüyü kimi dairəvi hərəkətlə düzünə hərəkət hissələrinin kəsişməsində nəinki 5 metr, 15 metr məsafədə dayanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, şikayətə şikayət vermiş şəxsin və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ16733033 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ16733033 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Mercedes Benz” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sumqayıt şəhəri, Koroğlu küçəsi, 18-ci mikrorayon dairəsində dayanmasına görə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə tərəfindən hadisənin qeydə alındığı Sumqayıt şəhəri, Koroğlu küçəsi, 18ci mikrorayon dairəsində yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, fotoşəkillərdə “Mercedes Benz” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerdən növbəti yol kəsişməsinə qədər 5 metrdən çox (təxmini 20 metr) məsafə vardır, yolda səkinin kənarında 1.4 nişanlanma xətti var (sarı xətt), lakin həmin yerdə hər hansı qadağan edici nişan, o cümlədən 3.27 yol nişanı (dayanma qadağandır) yoxdur. Beləliklə məhkəmə hesab edir ki, “Mercedes Benz” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sumqayıt şəhəri, Koroğlu küçəsi, 18-ci mikrorayon dairəsində dayandığı yerdə dayanma qadağan edən hər hansı qadağan edici nişan olmadığı, həmçinin həmin yerdən növbəti yol kəsişməsinə kimi 5 metrdən çox (təxmini 20 metr) məsafə olduğu üçün iş üzrə inzibati xəta hadisəsi mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, yalnız 1.4 nişanlanma xəttinin (sarı xətt) olması dayanmanı qadağan etmir. Qeyd edilən nişanlanma xətti 3.27 yol nişanı (dayanma qadağandır) yol nişanı ilə birlikdə tətbiq edildikdə, həmçinin yol kəsişməsinə kimi 5 metrdən az məsafə olduqda dayanmanı qadağan edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun İV hissəsinin 6cı bəndinə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Həmin Qanunun İV hissəsinin 10-cu bəndinə əsasən 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Həmin Qanunun Vİ hissəsinin 4-cü bəndinə əsasən 1.4 — 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ16733033 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ16733033 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş xx.xx.2023-cü il tarixli, EQ16733033 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar