Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2609/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 24 oktyabr 2023-cü il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC 587300 ABŞ dolları məbləğində vəsaiti 06 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 07 oktyabr 2023-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən məhkəməyə etiraz ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasınddan göründüyü kimi hər hansı dəqiq müddət qeyd olunmayıb və ümumiyyətlə belə bir müddət məhdudiyyəti heç bir normativ-hüquqi aktda mövcud deyil. Mərkəzi Bank tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” heç bir normativ hüquqi akta əsaslanmadan qəbul edilmişdir və ümumiyyətlə bu qaydaların əsaslanacağı normativ hüquqi akt mövcud deyil. Hətta Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarında da belə norma öz əksini tapmamışdır. Həmin qaydaların 13-cü bəndində (idxalda hesablaşmalar) belə hər-hansı müddət nəzərdə tutulmayıb. Bu o deməkdir ki, Mərkəzi Bankın normativ xarakterli aktı əsasında inzibati xəta haqqında protokol tərtib etməsi qeyd edilən Konstitusiya Qanununun kobud surətdə pozulmasıdır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsininin dispozisiyasında “avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə” sözləri qeyd edilmişdir. Burada müddətlər deyildikdə müqavilədə qeyd edilən müddətlər nəzərdə tutulur. Əks halda maddənin dispoziyasında müddətlər deyil müddət sözü qeyd olunardı. Nəzərə alaraq ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və (və ya) natamam, müqavilə şərtlərini pozaraq yerinə yetirilməsi müqavilənin istənilən tərəfinin, həmçinin satıcının təqsirindən, həmçinin digər qarşısıalınmaz fors-major hallarından yarana bilər. 430.4-cü maddənin dispoziyasında qeyd edilən müddət ifadəsi birbaşa olaraq müqavilə tərəflərinin müəyyənləşdirdiyi müddəti ehtiva edir. Belə olan halda, alıcının inzibati məsuliyyətə cəlb edilməsi ədalətlilik prinsipinə ziddir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və sübutların təqdim olunması ilə bağlı işin baxılması xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq təkrar olaraq nümayəndəsinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş “Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələrinə dair” cədvəldən görünür ki, Şəxs MMC xx.xx.2021ci il tarixində 587 000 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüşdür. Şəxs MMC ilə Böyük Britaniyanın “Coolmore Alliance” LP şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Coolmore Alliance” LP şirkəti dəniz platforma kranlarını və kranların istehsalında istifadə olunan mal-material və avadanlıqları Şəxs MMC-yə satmağı öhdəsinə götürmüşdür. Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrinə əsasən müvafiq olaraq 710 000 və 590 000 manat dəyərində qaldırıcı kranlar və onların hissələri ölkəyə gətirilmişdir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi (5.1.6.), maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması ( 5.1.8.), “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi (5.1.9.) Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) funksiyaları sırasına aid edilmişdir. Həmin qanunun 8.1-ci maddəsinə əsasən Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəzarət etdiyi bütün subyektlər, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3-cü maddəsində göstərilmişdir ki, normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanununun 4.1.3-cü maddəsində maliyyə bazarları tənzimləyicisinin qərarları normativ xarakterli aktlar sırasına aid edilmişdir. Göründüyü kimi Mərkəzi Bank maliyyə bazarları tənzimləyicisi olmaqla, onun qəbul etdiyi normativ xarakterli aktlar maliyyə bazarlarının bütün iştirakçıları üçün məcburi hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Mərkəzi X4 20 fevral 2020-ci il tarixi 06/1 №li qərarı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda göstərildiyi kimi məhkəməyə Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi sənədlərlə təsdiq olunur ki, Şəxs MMC tərəfindən 06 oktyabr 2021-ci il tarixdə xaricə köçürülmüş 587300 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrinə əsasən ölkəyə gətirilmişdir.Buna görə də məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi təsdiq edilmir. İXM-in 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 24 oktyabr 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2609/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2609/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver