Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2610/2024 16.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X3, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 14264/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra etməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru Rüfət Məmmədov izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14264/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Şəxs və Taleh Xankişiyevdan müştərək qaydada cəmi 7506,59 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə göndərilmiş və cavabdehlər bildirişlə tanış edilmişlər. Tələbkar "xxxx" ASC tərəfində İdarəyə dəfələrlə müraciət edilərək qətnamənin icrası ilə bağlı tədbirlər görülməsi bildirilmiş, tədbirlərdən biri olaraq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Sonuncu müraciətdə borclunun "xxxx" ASCyə 7447 ABŞ dolları borcu olduğu bildirilmişdir. Bu günədək qətnamə üzrə müəyyən olunmuş məbləğdən cəmi 60 ABŞ dolları ödəniş edilmişdir. Hazırda məhkəmə baxışı zaman borclu tərəfindən tələbkar banka 2000 manat, yəni 1174,74 ABŞ dolları ödənilmiş və hər ay 200 ABŞ dolları ödəyəcəyi barədə şifahi razılığa gəlinmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, banka olan borcun aid olmamışdır, işin bu səvəyyəyə gələcəyini bilməmişdir. Bununla bağlı tələbkar "xxxx" ASC-yə və Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etsə də, müsbət nəticə əldə etməmişdir. O, tələbkar "xxxx" ASC-nə bu gün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borc məbləğindən 2000 manat, yəni 1174,74 A BŞ dolları ödəmiş və hər ay 200 ABŞ dolları ödəyəcəyi barədə şifahi razılığa gəlmişdir. Yuxarıda göstərilənləri və himayəsində xəstə azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14264/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs və Taleh Xankişiyevdən cəmi 7506,59 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Qətnamənin çıxmasından 8 il keçməsinə baxmayaraq borclu indiyədək cəmi 59 ABŞ dolları ödəniş etmişdir. Məhkəmə baxışı zaman borclu tərəfindən tələbkar "xxxx" ASC-yə 2000 manat, yəni 1174,74 A BŞ dolları ödənilmiş və hər ay 200 ABŞ dolları ödəyəcəyi barədə şifahi razılığa gəlinmişdir. Yuxarıda qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt şəhər məhkəməsinin 2(060)-14264/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclular Şəxs və Taleh Xankişiyevdən müştərək qaydada kredit xətti müqaviləsi üzrə yaranmış 6365,93 ABŞ dolları məbləğində əsas borc, 1140,66 ABŞ dolları məbləğində faiz borcu, cəmi 7506,59 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Qərarın könüllü icrası barədə bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi xx.xx.2019-cu il tarixdə qəbul etmişdir. Borclu Şəxs 16 oktyabr 2024-cü il tarixli izahatında borcun ödənilməsindən imtina etməmiş, hissə-hissə olmaqla yəni aylıq 50 manat olmaqla ödəyə biləcəyini qeyd etmişdir. Elektron İcra İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi və baş hüquqşünası Mirağa Ağamirovun xx.xx.2024-cü il tarixli ərizəsindən və həmin tarixli bankın mədaxil qəbzindən görünür ki, borclu Şəxs tərəfindən qətnamə üzrə ümumi borcdan 1174,74 ABŞ dolları pul ödənilmiş, borclu ilə şifahi razılığa gəlinmiş, qalan borcun aylıq 200 ABŞ dolları olmaqla banka ödəyəcəyinə söz vermişdir. Mirağa Ağamirov İXM-nin 528.1-ci maddəsi çərçivəsində işə baxılıb müvafiq ədalətli və obyektiv qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, tələbkarın nümayəndəsinin ərizəsini, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs qətnamə üzrə ümumi borcdan banka 1174,74 ABŞ dolları pul ödəmiş, tələbkar bankın nümayəndəsinin ərizəsindən də göründüyü kimi borclu ilə şifahi razılıq əldə edilmiş, borclu qalan borcu aylıq 200 ABŞ dolları olmaqla ödəyəcəyinə söz vermişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, borcluda tələbin yönəldilə biləcək əmlakın və ya pul vəsaitlərinin aşkar edilməməsi onun barəsində dərhal inzibati protokol tərtib edilməsi anlamına gəlmir. Belə ki, “İcra haqqında” AR qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirləri həyata keçirilməlidir. Lakin görünən odur ki, icra məmuru borclu ilə icra sənədinin icrası və icra edilməməsinin nəticələri barədə profilaktik söhbətlər aparmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu hal borclunun öz izahatında da öz təsdiqini tapmışdır. Belə ki, borclu Şəxs “işin bu səviyyəyə çatacağını bilmirdim” deyə izahat vermişdir. Məhkəmə iclasında borcluya hakim tərəfindən borcun ödənilməsi barədə edilmiş təklifdən və borcunu ödəməcəyi halda bunun nəticəsi barədə qanunun tələbi izah edildikdən sonra o, dərhal ümumi borcundan 2000 manat ödəmiş və tələbkarla qalıq borcunu aylıq 200 ABŞ doları olmaqla ödəyəcəyi barədə şifahi razılıq əldə etmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclasında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2610/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2610/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver