Məhkəmə qərarları › İş №3(060)-2611/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2611/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2611/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, evli, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis baş serjantı Ziya Abdullayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 329.1 və 333.1-ci maddələrinə əsasən 06.07.2021-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, AC 097686 saylı sürücülük vəsiqəsi ilə **-PG-*** dövlət qeydiyyat nişanlı “Khazar LX minik” markalı avtomobili idarə edən xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, evli, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Sumqayıt şəhərində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldı yoxlama zamanı sərxoş halda olduğu aşkar olunmuşdur. Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 03.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 18 avqust 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakları təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında qeyd etdi ki, protokol tərtib olnduğu gündən bir gün qabaq 1 qədəh alkoqollu pivə içkisi qəbul etdiyini və avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən polis əməkdaşları onu saxlamışdır. Yoxlama zamanı avtmobili sərxoş halda idarə etdiyi müəyyən olunsa da, onu həkim müayinəsindən keçirdmişlər və həkim müayinəsi zamanı onun sərxoş olması faktı aşkar olunmuşdur. Hazırda əməlindən peşman olduğunun nəzərə alınmaqla ona yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə İXM-nin 329.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətaların törədilməsi onun özünün izahatı, inzibati xəta haqqında protokol və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 4444 №li 06.07.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (06.07.2021-ci il tarixdə)0.36% promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AC 097686 № li sürücülük vəsiqəsi 29.11.2019-cu ildən 29.11.2029-cu ilədək etibarlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar