Məhkəmə qərarları › İş №3(060)-2613/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2613/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2613/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4 , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MTK-nın etibarnamə üzrə nümayəndəsi X1, "xxxx" MTK-nın iş icraçısı X2 iştirakları ilə, "xxxx" MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsinə əsasən tərtib edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola dair işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi (bundan sonra - Ekologiya və Təbii Sərvətlər idarəsi) tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MTK - nın (bundan sonra – MTK) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 253-1.2.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, "xxxx" MTK-nın ərazisində 3 ədəd ağacın müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan yeri dəyişdirilmişdir. İnzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, bir neçə ay bundan əvvəl MTK tərəfindən tikinti işləri aparılan ərazidə 2 ədəd ağacın müvafiq rəy olmadan yerinin dəyişdirilməsi aşkar edilmişdir. Bununla bağlı MTK-nın iş icraçısı Elnur Mürsəlov İXM-in müvafiq maddəsi ilə barəsində inizbati protokol tərtib edilərək cərimə edilmişdir. Oktyabr ayında isə həmin ərazidə yoxlama keçirilən zaman yenə 3 ağacın yerinin dəyişdirilməsi aşkar edilmişdir. Bu zaman da Elnur Mürsəlov izahat verərək ağacların onun göstərişi ilə yerinin dəyişdirildiyini bildirmişdir. Artıq həmin inzibati xətaya ikinci dəfə yol verildiyi üçün bu dəfə MTK barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən nümayəndə MTK barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirdi ki, tikinti işləri aparanadək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq rəy alınmış və rəydə ərazidə tikinti işlərinin aparılmasına razılıq verilmişdir. Tikinti işləri aparılarkən iş icraçısı əvvəlcə tikinti işləri aparılan əraziyə avtomobil yolunun üstündə 2 ağacın, həmçinin tikinti ərazisində 3 ağacın olduğunu müəyyən edib. Həmin ağacların yerinin dəyişdirilməsi barədə göstəriş verib. Ağaclar müvafiq qaydada digər ərazidə əkilib və onlara aqrotexniki qulluq göstərilir. Tikinti barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyinin olması o deməkdir ki, həmin ərazidə yaşıllıq yoxdur. Göstəriş iş icraçısı tərəfindən verilib. MTK-nın əməlində hər hansı inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında MTK-nın iş icraçısı Elnur Mürsəlov öz izahatında bildirdi ki, təxminən yay aylarında həmin ərazidə tikinti işləri aparılan zaman beş ağacın tikinti zonasına, ayrı-ayrı ərazilərə düşdüyünü müəyyən edib. Onun göstərişinə əsasən ağaclar çıxarılaraq yerləri dəyişdirilib və onlara aqrotexniki xidmət göstərilib. Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələri ərazidə yoxlama keçirən zaman 2 ağacın yerinin dəyişdirilməsini aşkar ediblər. O, həmin ağacların onun göstərişi ilə yerinin dəyişdirildiyini bildirib. Bununla bağlı ona cərimə tətbiq edilib. Digər 3 ağac isə əməkdaşlar tərəfindən aşkar edilmədiyi üçün bu barədə onlara heç bir şey deməyib. Hüquqi cəhətdən məlumatlı olmadığına görə hesab edib ki, bu onun cəzasını ağırlaşdıra bilər. Oktyabr ayında isə Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları digər 3 ağacı aşkar ediblər. O, həmin ağacların yay aylarında onun göstərişi ilə yerinin dəyişdirildiyini bildirsə də, MTK barəsində protokol tərtib edilib. Məhkəmə iştirak edən şəxsləri dinləyib, protokolu, ona əlavə edilmiş sənədləri və məhkəmə iclasında təqdim edilmiş sübutları araşdıraraq aşağıdakı nəticəyə gəlir. Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları Məşkur Həsənquliyev, Anar Abdullayev və MTK-nın iş icraçısı Elnur Mürsəlov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 82636 saylı monitorinq aktında göstərilmişdir ki, idarənin 034 saylı 01 mart 2023-cü il tarixli sərəncamı əsasında Sumqayıt şəhəri ərazisində “Ətraf mühitin müdafiəsi haqqında” Qanunların və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinə riayət olunması vəziyyəti üzrə aparılan monitorinq zamanı ünvan 1 ünvanında yüksək mərtəbəli yaşayış binasının inşa işlərinin aparılması zamanı 3 ədəd tut ağacının qanunsuz olaraq yerinin dəyişdirilməsi faktı aşkar olunmuşdur. Aparılan araşdırma zamanı X5 Agentliyi tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ünvan 2 ünvanında "xxxx" MTK-ya yüksək mərtəbəli yaşayış binalarının inşa olunmasına xx.xx.2023-cü il tarixli, ER22/411 nömrəli ekoloji ekspertiza rəyi keçirildiyi, lakin tikinti işlərinə maneçilik törədən yaşıllıqların yerinin dəyişdirilməsi üçün ekoloji ekspertiza rəyinin verilmədiyi müəyyən olunmuşdur. Araşdırmada "xxxx" MTK-nın iş icraçısı Elnur Mürsəlovun verdiyi yazılı izahatda aparılan tikinti işləri zamanı 3 ədəd tut ağacının onun göstərişi ilə ərazi daxilində olan boş sahəyə köçürüldüyü bildirilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə Elmar Mürsəlov tərəfindən "xxxx" MTK ərazisində aparılan qazıntı və tikinti işləri zamanı 2 ədəd söyüd ağacının qanunsuz olaraq köçürüldüyü üçün barəsində vəzifəli şəxs qismində İXM-in 253-1.2.1. maddəsi ilə ******* saylı protokol tərtib edildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinin rəyində "xxxx" MTK-ya Sumqayıt şəhəri, ünvan 4 ünvanında tikinti-quraşdırma işlərinin aparılmasına etiraz edilmədiyi göstərilmişdir. İXM-in 253-1.2.1-ci maddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə iziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir (253-1.2.1.). “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi dedikdə - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. İXM-də göstərilmişdir ki, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar (18.1.). Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.). Öncə qeyd edilməlidir ki, X6 MTK-da iş icraçısı vəzifəsində çalışır. O, məhkəmə iclasında, Ekologiya və Təbii Sərvətlər idarəsində inzibati xətalara dair icraat aparılarkən verdiyi izahatlarında həmin ərazidə olan ağacların onun göstərişi ilə götürüldüyünü bildirmişdir. Həmin şəxs hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək və hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs deyildir. Eyni zamanda onun ərazidəki yaşıllıqların götürülməsi barədə göstəriş verməsinə MTK-nın yuxarıda qeyd edilən səlahiyyətlərə malik olan şəxsləri tərəfindən nəzarət edilməsi praktiki olaraq mümkün deyildir. Eyni zamanda qeyd edilməlidir ki, X6 tikinti ərazisinə düşən, lakin müxtəlif zonalarda yerləşən 5 ədəd ağacın götürülməsinə (yerinin dəyişdirilməsinə) onun tərəfindən 2023-cü ilin yay aylarında, eyni vaxtda göstəriş verildiyini və bunun eyni vaxtda icra edildiyini bildirmişdir. Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları 2 ağacın götürülməsini həmin vaxt, 3 ağacın götürülməsini isə oktyabr ayında aşkar etmişlər. X7 və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən birinci dəfə ərazidə yoxlama aparılarkən hüquqi məlumatsızlıq üzündən, onun cəzasının ağırlaşacağını düşündüyündən 3 ağacın götürülməsi barədə məlumat vermədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunan əməllə bağlı artıq MTK-nın işçisi inzibati məsuliyyətə cəlb edilmişdir. Yenidən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi bir əmələ görə iki dəfə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə səbəb ola bilər. Eyni zamanda İXM-də göstərilmişdir ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir (18.3.). Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur (18.4.). Qeyd oluna hüquq normalarından görünür ki, törədilmiş inzibati xətaya dair hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, həmin inzibati xətanın törədilməsində iştirak etmiş vəzifəli şəxsin məsuliyyətini istisna etmir. Vəzifəli şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat yalnız onun ölümü nəticəsində (İXM 53.1.8) xitam verildikdə hüquqi şəxs məsuliyyətə cəlb edilə bilər. Buradan belə çıxır ki, vəzifəli şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1-ci maddəsində maddəsində nəzərdə tutulan digər əsaslarla xitam verilərsə, hüquqi şəxs məsuliyyətə cəlb edilə bilməz. İşdən göründüyü kimi X6 MTK-nın tikinti ərazisinə düşən 5 ədəd ağacın hamısının eyni vaxtda onun göstərişi ilə çıxarıldığını bildirmişdir. O, qeyd edilən əməllə bağlı bir dəfə məsuliyyətə cəlb edilmişdir. Belə olan halda onun artıq bir dəfə məsuliyyətə cəlb edildiyi əməllə bağlı hüquqi şəxsin yenidən məsuliyyətə cəlb edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən "xxxx" MTK-nın barəsindəki xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar