Məhkəmə qərarları › İş №3(060)-2618/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2618/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2618/2025 13.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci ildə Keşişkənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1302/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqi üzrə 2769,12 ABŞ dolları borcu qərəzli olaraq tələbkar Zərərçəkmiş şəxs-nun xeyrinə ödəməmiş və üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X4 izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli icra vərəqəsi ilə borclular Şəxs və X6 müştərək qaydada Zərərçəkmiş şəxs ASC-nin xeyrinə 2905 ABŞ dolları, faiz borcu və 10 manat dövlət rüsumu pul tutulmalıdır. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun iş yeri müəyyən olunmuş, xx.xx.2024-cü ildə əməkhaqqısından tutulmaların həyata keçirilməsi üçün iş yerinə icra sənədi göndərilmiş və 1 dəfə cəmi 144 manat borclunun əməkhaqqısından tutulmuş, daha sonra borclu işdən azad edilmişdir. Bundan sonra borclu ölkə hüdudlarından kənara çıxmışdır. Borclunun "xxxx" MMC-də yeni işə başlamış, icra sənədi borclunun iş yerinə göndərilmiş, lakin borclu həmin iş yerində az işləyəndən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Bundan sonra icra sənədinin icrası ilə bağlı borclu İcra İdarəsinə dəvət edilmiş, xx.xx.2025-ci il tarixdə izahatı alınmış, ona 5 gün möhlət verilməsini istəmişdir. Borcluya verilən 5 gün möhlətin vaxtının bitməsinə baxmayaraq borclu heç bir ödəniş həyata keçirməmişdir. xx.xx.2025-ci ildə borclu İcra İdarəsinə yenidən dəvət olunmuş, izahatı alınmış və borcunu ödədiyini bildirmişdir. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və buna görə də borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsiylə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun barəsində məhkəmə qətnaməsinin olduğundan əvvəllər xəbəri olmayıb. 2013-cü ildə icra məmuru onu İcra İdarəsinə dəvət etmiş və ona orada əlbəəl 1350 manat ödəniş etmişdir. Lakin həmin ödənişi sübut edə biləcək heç bir sənədi yoxdur. 2015-ci ildə Kapital Bankdan, 2016-cı ildə Unibankdan kredit müqaviləsi ilə pul götürmüşdür. Bundan başqa 2011-2024-cü illərdə Su İdarəsində işləmişdir. Həmçinin, 2024-cü ildə evini satıb və həmin bankda 73000 manat pulu olub. Göründüyü kimi, əgər borcu olsaydı, bu müddət ərzində borcundan tutulmalar həyata keçirilərdi. 2024-cü ildə evini satdıqdan sonra tələbkara olan borcundan xəbəri olub. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X11 bildirmişdir ki, 2011-ci ildə məhkəmə qətnaməsi ilə Şəxs və X6 müştərək qaydada Zərərçəkmiş şəxs ASC-nin xeyrinə 2905 ABŞ dolları, faiz borcu və 10 manat dövlət rüsumu pul tutulması qərara alınıb. Bu müddət ərzində borclu ilə dəfələrlə əlaqə saxlanılmış və ona borcunun 2900 dollardan 2700 dollara endirilməsi barədə güzəşt olunması təklif edilmişdir. Borclu hər hansı ödəniş etməsiylə bağlı müvafiq sənədi təqdim etməmişdir. xx.xx.2024-cü ildə icra sənədinin icrası ilə bağlı borclunun əməkhaqqısından cəmi 1 dəfə 144 manat tutulub. Daha sonra isə borclu işdən azad edilib. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdr ki, borclunun borcu xeyli müddət əvvələ aid olduğu üçün X1 Sistemində görünməyə bilər. Bu səbəbdən ötən dövr ərzində borclunun digər kredit müqavilələri bağlaya bilməsi istisna olunmur. Məhkəmədən icra sənədinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən “ŞİMAL” Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, lazımi araşdırılmanın aparılması üçün borcluya vaxt verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1302/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqi üzrə 2769,12 ABŞ dolları borcu qərəzli olaraq tələbkar Zərərçəkmiş şəxs-nun xeyrinə ödəməmiş və üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli məhkəmə əmrindən görünür ki, ilə borclular Şəxs və X6 müştərək qaydada Zərərçəkmiş şəxs ASC-nin xeyrinə 2905 ABŞ dolları, faiz borcu və 10 manat dövlət rüsumu pul tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(060)-1302/2011 saylı nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlə borcluya icra sənədi üzrə tələbi 10 gün ərzində könüllü icra etməyi xahiş olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Şəxs X7 İdarəsində işləyir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli icra ödənişinin alınması haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(060)-1302/2011 saylı icra sənədinə əsasən Şəxs 345,69 manat məbləğində icra ödənişi tutulmalıdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli müraciətindən görünür ki, icra sənədinin icrası ilə bağlı borclunun gəlirindən hər ay 50 faiz tutularaq tələbkarın hesabına ödənilməsi tələb edilir. İş materiallarında olan "xxxx" MMC-nin direktorunun Sumqayıt şəhəri üzrə İcra İdarəsininə ünvanladığı məktubdan görünür ki, Şəxs əmək müqaviləsinə xitam verildiyindən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(060)-1302/2011 saylı icra sənədinin icra sənədinin icra edilməsi qeyri-mümkündür. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci ildə Şəxs əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə borcu yoxdur. Borcunu tam şəkildə 2013-cü ildə ödəyib. İş materiallarında olan Zərərçəkmiş şəxs Asc-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs və X9 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(060)-1302/2011 saylıicra sənədi üzrə 2769.12 ABŞ dolları borcu qalmışdır. İş materiallarında olan “SMS bildirişin” göndərilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2025-ci ildə borcluya çağırış barədə bildiriş göndərilib. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib qərara gəlir ki, Emin Məmmədovun qeyd edilən hərəkətləri, yəni Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(060)-1302/2011 saylı icra sənədin icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməməsi Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, borclunun məhkəmə iclasında verdiyi izahatı özünümüdafiə xarakterlidir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, borclu Şəxs 2013-cü ildə icra məmuru əlbəəl 1350 manat ödəniş etməsi faktı öz təsdiqini tapmır. Həmçinin, 1350 manat məbləğin 2013-cü il tarixinə aid valyuta məzənnəsinə uyğun olaraq ABŞ dollarına çevrildikdə belə hazırkı icra sənədinin icra edilməsi üçün kifayət edən məbləğ deyil. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında 2013-cü il tarixindən etibarən bank krediti götürməsi və hesabında pul olması, lakin hazırkı icra sənədi ilə bağlı ona hər hansı məlumat verilmədiyini qeyd etmişdir. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixində icra sənədi icraatına verilən böyük icra məmuru Gülmalı Əzizov tələbin könüllü icrası barədə bildiriş təqdim etmişdir. Bununla da, borclunun 1 ildən çox müddətə ödənişi həyata keçirməsi üçün şəraiti olmuş, lakin o, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün icra məmurunun qanuni tələblərini şəxs tərəfindən üzrsüz səbəbdən icra etməməsi faktının müəyyən olunması zəruridir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə tərəfində Şəxs məsuliyyətini yüngülləşdirən hal və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (dörd) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar