Məhkəmə qərarları › İş №3(060)-262/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-262/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-262/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Hüseynov Elxan Vəkil oğlunun Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ25113858 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından verdiyi şikayətin baxılmağa hazırlanma mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: Hüseynov Elxan Vəkil oğlu şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ25113858 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Hüseynov Elxan Vəkil oğlu daha öncə də şikayətlə məhkəməyə müraciət etmiş, həmin vaxt inzibati xəta haqqında protokoldan şikayət verdiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardadda inzibati xəta haqqında protokoldan deyil, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət etmək hüququnun olması, həmçinin təkrar şikayət verildiyi halda qərardan şikayət vermək üçün müəyyən edilmiş 20 günlük müddət ötürülərsə prosessual müddətin bərpası barədə vəsatətlə birlikdə şikayət verilməli olması Hüseynov Elxan Vəkil oğluna izah edilmişdir. X1 Vəkil oğlu tərəfindən inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət verilmiş, şikayətin poçt xidmətinə təqdim edildiyi xx.xx.2025-ci il tarixdə inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət etmək üçün müəyyən edilmiş 20 günlük müddət ötürülmüşdür. Lakin, müddət ötürülsə də prosessual müddətin bərpası barədə vəsatət şikayətə əlavə edilməmişdir. Məhkəmə qeyd edilən halı iş üzrə icraatı rədd edən hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 20 günlük müddətin buraxılmasına görə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətlə birlikdə məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ25113858 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından Hüseynov Elxan Vəkil oğlu tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qeyd edilən qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətlə birlikdə məhkəməyə şikayət etmək hüququnun olması Hüseynov Elxan Vəkil oğluna izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar