Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2625/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31262801 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31262801 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “Volskvagen Passat” markalı, 50BE100 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə hərəkət edərək evə gəlmişdir. Bu zaman ona “SMS”-lə elektron inzibati tənbeh vermə haqqında qərar barədə sms gəlmişdir. Həmin qərarla İXM-in 327.2-ci maddəs ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə olunması və 3 cərimə bal yazılması barədə məlumat verilmişdir. Belə ki, guya əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və İXM-in 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərar əsassızdır. Belə ki, törədilən qayda pozuntusu aşkar edilən zaman kənar şəxlər tərəfindən qayda pozuntusunun aşkarlanmasına müdaxilə edilmişdir. Qayda pozuntusunu özündə əks etdirən fotoşəkildə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasının pozulması tam aydın deyildir. Qaydanı pozduğu etimal edilən nəqliyyat vasitəsinin markası və dövlət nömrə nişanı aydın şəkildə görünmür. Ona məxsus nəqliyyat vasitəsinin markası və dövlət nömrə nişanı düşməklə böyüdülərək fotoşəklinin çəkilməsi heç də onun tərəfindən qayda pozuntusunun törədilməsi anlamına gəlmir. Hadisəni qeydə alan, qayda pozuntusunun aşkarlanmasına müdaxilə edən Sumqayıt ŞPİnin “Təhlükəsiz şəhər xidmərinin” operatoru X3 nədənsə konkret qayda pozuntusunu qeydə almamışdır. Bu isə texniki vasitələrlə avtomatik qayda pozuntusunun aşkarlanması qaydasına ziddir. Belə çıxır ki, X6 öğıunun istəyindən aslı olaraq qayda pozuntusu aşkarlanmalıdır. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə şikayətə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31262801 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31262801 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Volskvagen Passat” markalı, 50BE100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2025-ci ildə saat 18:16-da Sumqayıt şəhəri, S.Vurğun küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu üçün sürücü X4 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərara “Volskvagen Passat” markalı, 50BE100 dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri də əlavə edilmişdir. Fotoşəkillərə əsasən “Volskvagen Passat” markalı, 50BE100 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu yerdə 1.1 üfüqi nişanlanma xəttinin olub-olmamasını müəyyən etmək mümkün deyil. Belə ki, həmin yolda nişanlanma xətləri demək olar ki, pozulduğu üçün nişanlanma xətlərinin 1.1 yoxsa 1.5, 1.6 və ya 1.7 üfüqi nişanlanma xətti olmasını müəyyən etmək mümkün olmur. Məhkəmə qeyd edir ki, mövcud yol şəraitində “Volskvagen Passat” markalı, 50BE100 dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması qənaətinə gəlinməsi üçün həmin avtomobilin hərəkətdə olduğu yerdə 1.1 üfüqi nişanlanma xəttinin olması tələb edilir. İndiki vəziyyətdə isə 1.1 üfüqi nişanlanma xəttinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hal səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, bu səbəbdən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31262801 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin vı hissəsinə əsasən üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1) 1.1 - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 2) 1.2-avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər); 3) 1.3 - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 4) 1.4 - 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir; 5) 1.5 - iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir; Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31262801 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2625/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2625/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver