Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-263/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokolu tərtib etmiş şəxs Sumqayıt DYPŞ-nin taqım komandiri, polis kapitanı X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam ali təhsilli, Veysəloğlu-Yayıcı Qardaşları MMC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Əlvan Metal pansionatında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında 11 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 11 yanvar 2025-ci ildə ad gününü qeyd etmək üçün dostları ilə birlikdə spirtli içki qəbul etmiş, dostu onun avtomobilini yaşadığı ünvana idarə edib gətirmiş, eyni binada yaşadıqlarından dostu evinə getmişdir. Bu zaman o avtomobildə olduğu zaman DYP əməkdaşı yaxınlaşaraq ona saxla əmrinə tabe olmadığını bildirmişdir. O, ümumiyyətlə avtomobili idarə etmədiyini, dostunun idarə etdiyini bildirmiş, daha sonra dostuna zəng edərək oraya yaxınlaşmasını xahiş etmiş və dostu DYP əməkdaşlarına dediklərini təsdiq etmişdir. Bundan sonra sərxoşluq halının müayinə olunması bildirildikdə etiraz etməmiş, müayinədən keçmiş və həqiqətən sərxoş halda olmuşdur. Dostu isə ayıq vəziyyətdə olmuşdur. Bundan sonra onu Sumqayıt şəhərində sərxoşluq vəziyyətinin tibbi müayinəsinə aparmışlar. Əlavə olaraq qeyd etmişdir ki, qanunsuz olaraq 1 gün müddətində 4-cü PB-də saxlanılmışdır. Həmçinin, ona dayanmış vəziyyətdə olan avtomobilə işıq cihazlarından istifadə qaydalarını pozmağa görə protokol tərtib etmişlər. O, illərdir sürücü işləməsini, gəlir mənbəyinin yalnız bu işdən ibarət olmasını qərar qəbul edilərkən məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 1 gün müddətində MSY-də saxlanılmış, orada həmin vəziyyətdə bölmənin əməkdaşı tərəfindən izahatı alınmışdır. Ayıldıqdan sonra isə DYP əməkdaşı tərəfindən izahatı alınmışdır. O, DYP əməkdaşından qayda pozuntusu etməsini təsdiq edən görüntüləri tələb etməsini baxmayaraq ona yerində görüntülər təqdim edilməmiş, DYP-yə yaxınlaşaraq görüntülərlə tanış olmuşdur. DYP əməkdaşı ona yaxınlaşdığı zaman avtomobil hərəkətsiz olmuş, həmin avtomobili dostu idarə etmişdir. İzahatında qeyd etdikləri ilə bağlı ona təsir və ya təzyiq edilməmişdir. DYP əməkdaşının iddia etdiyi saxla əmri verdiyi ünvandan, “Diana” restoranın yanından onun evinə qədər olan məsafə 300-400 metr təşkil edir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin taqım komandiri, polis kapitanı X2 izahatında göstərmişdir ki, qeyd olunan tarixdə sürücü onlara qarşı çox aqresiv hərəkətlər nümayiş etdirmiş, polisin iş rejimini tamamilə pozmuş, bu səbəbdən post patrul əməkdaşının vasitəsilə bölməyə aparılmışdır. Yalnız orada öz əməlini səmimi etiraf etdiyindən barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Sürücü ayıq sürücü vasitəsi ilə ünvana gəlmiş, lakin son 15-20 metr məsafədə özü avtomobili idarə etmişdir. Həmin ayıq sürücü daha sonradan etiraf etmişdir ki, Şəxs ünvana gətirdikdən sonra öz mənzilinə getmiş, Mürşüdün sonradan avtomobili hərəkət etdirdiyini bildirmişdir. Şəxs tibbi müayinədən keçirilərək sərxoş halda olması öz təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq sürücü Şəxs barəsində ən sərt inzibati tənbeh tədbiririnin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 11 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22.00 radələrində “MERCEDES BENZ E 220 CDİ MİNİK” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Sahil küçəsində idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra isə müayinə zamanı onun sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 229 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:55-də müayinə olunmuş, alkoqol sərxoşluq vəziyyəti aşkar edilmişdir. (1,17 promilli). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, YPX avtomobili vasitəsi ilə qeydə alınmış videogörüntülərdə məlum olur ki, “Mersedes” markalı ** GD *** d.q.n-lı avtomobil hərəkətdə olmuşdur. İş materiallarında olan “Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə” 11 yanvar 2025-ci il tarixli aktdan görünür ki, “MERCEDES” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil 11 yanvar 2025-ci il tarixdə duracağa qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş yol vərəqələrindən məlum olur ki, "xxxx" MMC-yə məxsus müxtəlif yük avtomobillərinin idarə edilməsi Şəxs həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs izahatından görünür ki, sonuncu xx.xx.2025-ci il tarixdə sahil küçəsində spirtli içki qəbul etdikdən sonra avtomobilini idarə etmək üçün ayıq sürücü sifariş etmiş, ünvanına çatmasına 20-30 metr qalmış nəqliyyat vasitəsini özü idarə etmişdir. O, avtomobilində telefonla danışmaq üçün nəqliyyat vasitəsini park etdikdən sonra əyləşmişdir. Bu zaman DYP əməkdaşı ona yaxınlaşaraq sənədlərinin qaydasında olub-olmadığını soruşduqda, o, avtomobildən düşərək hər şeyin qaydasında olduğunu bildirmişdir. Daha sonra DYP əməkdaşının niyə yaxınlaşdığını soruşmuş, əməkdaş “Diana” restoranın yanında ona saxlamağını bildirmiş, niyə görə saxlamamasını soruşmuşdur. O, bildirmişdir ki, nəqliyyat vasitəsini ayıq sürücü idarə etmiş və “Diana” restoranın yanından keçmədiyini bildirmişdir. Həmçinin, ayıq sürücünün yaxın dostu olduğunu və onun çağırışına gəldiyini bildirmişdir. İzahatının sonunda DYP əməkdaşının onu tibbi müayinəyə gətirdiyini, içkili olduğunu heç bir halda üzərindən atmadığını, onu 1 gün 4-cü polis bölməsində saxlanıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında protokol, videogörüntü, sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı tibbi müayinə aktı və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs özünü tərtib edilmiş protokol üzrə təqsirli bilməməsi özünümüdafiə xarakterlidir. Onun bildirdiklər işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir, məhkəmə iclasında tədqiq edilən digər sübutlarla, xüsusən videogörüntü ilə təkzib olunur. Belə ki, YPX avtomobili tərəfindən qeydə alınan görüntülərin ilk 40 saniyəsinə diqqətlə nəzər yetirdikdə məlum olur ki, YPX avtomobili Sumqayıt şəhəri Sahil küçəsindən köməkçi yola dönür və qarşısında iki avtomobil hərəkət edir. Avtomobillərdən biri “X4” olmaqla YPX avtomobilinin qarşısında hərəkət edir, digəri isə sedan avtomobilidir. Hadisə gecə saatlarında baş verdiyindən videogörüntüdə sedan avtomobilin markası dəqiqliklə görünmür, lakin həmin avtomobilin sağa dönərək dayanması, işıqları söndürməsi görüntülərdə qeydə alınır. Bundan sonra YPX avtomobili digər avtomobilə yaxınlaşdıqda, Şəxs idarə etdiyi “Mersedes” markalı avtomobil olması təsdiqlənir. Şəxs sürücü qapısını açaraq avtomobildən düşür. Şəxs izahatları onun təqsirli olması barədə şübhə kimi qiymətləndirilməməlidir. Məhkəməyə qədər və məhkəmə iclaslarında verdiyi ziddiyyətli izahatlar videogörüntü ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 329.3-cü maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-263/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-263/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver