Məhkəmə qərarları › İş №3(060)-2631/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2631/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2631/2022 19.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsin X2, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 112C, mənzil 109 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) VÖEN: ********** barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 28 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmamasına görə inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 06 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 19 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Maliyyə Nairliyinin etibarnamə üzrə nümayəndəsi X6 izahatında qeyd etdi ki, Şəxs MMC barəsində 28 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi aparılmamışdır, lakin Şəxs MMC-nin nüamyəndəsi tərəfindən təqdim olunmuş auditor hüsabatından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilənədək Şəxs MMC maliyyə hesabatlarına görə audit aparılmışdır. Maliyyə Nazirliyinin Uçot siyasət şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı icraata xitam verilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsin X4 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək qeyd etdi ki, 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi 24 avqust 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən audit olunmuşdur. Qeyd olunan audit rəyini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə 03 avqust 2022-ci il tarixdə yazılı surətdə bildiriş göndərməklə, 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməsi ilə əlaqədar məcburi auditdən yayınmağına görə 28 sentyabr 2022-ci il tarixdə, saat 11:00-da Azərbaycan Rerspublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə gəlmələri xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Şəxs MMC-yə ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 28 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun surəti Şəxs MMC-yə göndərilmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC barəsində İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokola inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim olunmuş 24 avqust 2022-ci il tarixli, müstəqil Auditor hesabatından görünür ki, əlavə edilmiş hesabtları MMC-nin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditi 24 avqust 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 28 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Mak.Go Global” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair tərtib edilmiş 28 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış icraata inzibati xəta tərkibi olmadığı üçün, İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar