Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2633/2024 16.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Tural İsayevin, İcra sənədləri üzrə tələbkarlar X1 və Vəkilova Aygün Səməd qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İsayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6575/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(060)-3738/2023 saylı icra sənədləri üzrə borclu Şəxs cəmi 7208 manat borcu üzürsüz səbəbdən ödəməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Tural İsayev izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6575/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2865 manat dəyərində qızıl-zinyət əşyaları və ya həmin qızıl-zinyət əşyaları mövcud olmadığı təqdirdə 2865 manat borclu Şəxs alınaraq tələbkar Zöhrab Qəfərova, 2(060)-3738/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 4393 manat məbləğində pul alınaraq tələbkar Aygün Vəkilovaya ödənilməlidir. Qeyd edir ki, Şəxs barəsində İcra İdarəsində 11 icra işi vardır. Onlardan 4-ü fiziki şəxsə, 7-si isə hüquqi şəxsə olan pul borclarıdır. Protokol tərtib olunmadan 4 fiziki şəxslə əlaqə saxlanılmış, onlardan Bayramova Sürmə və Cəfərova Qərənfil borcludan şikayətlərinin olmadıqlarını bildirmişlər. Şəxs əvvəllər də İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Samirə bir müddət əvvəl Zöhrab Qəfərovla razılığı gəlmiş, razılıqdan sonra iki ay 10 manat olmaqla, ümumilikdə 20 manat pul ödəmiş, daha sonra isə heç bir ödəniş etməmişdir. Borclu Aygün Vəkilovanın işi ilə bağlı heç bir ödəniş etməmişdir. Əvvəllər Şəxs ilə Aygün Vəkilova arasında danışıq olmuş və Vəkilova hər ay 100 manat ödənilməsinə razılıq vermiş, lakin yenə heç bir nəticə əldə olunmamışdır. Hər iki tələbkar şikayətçidir. Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə verilmişdir. Borclu barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun Zöhrab Qəfərova 1000 manat, Aygün Vəkilovaya isə 600 manat borcu qalmışdır. Əvvəllər işləsə də, sonradan iş yerində xəsarət almış və işdən çıxmışdır. Hal-hazırda məhkəmədə işlədiyi təşkilatla arasında məhkəmə mübahisəsi vardır. Ona kompensasiya verilməlidir. Həmin pulu alan kimi borclarını qaytaracağını bildirdi. Hal-hazırda ödəniş etməyə imkanı yoxdur, Aygün Vəkilovaya gələn aydan hər ay 50 manat ödəyə biləcəyini bildirdi. Himayəsində 4 uşağının olmasını və işləməməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə icra sənədi üzrə tələbkar Zöhrab Qəfərov məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6575/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2865 manat dəyərində qızıl-zinyət əşyaları və ya həmin qızıl-zinyət əşyaları mövcud olmadığı təqdirdə 2865 manat borclu Samirədən alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin 2 il keçməsinə baxmayaraq Şəxs məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdən cəmi 20 manat ödəniş etmişdir. Dəfələrlə ona müraciət etməsinə baxmayaraq Şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən yayınmışdır. Borclu qətnamə ilə müəyyən olunmuş məbləğdən 1000 manat ödəniş etsə qalan məbləği ona güzəşt edəcəyini bildirdi. Qeyd olunanlara əsasən borclu barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmədə icra digər tələbkar Aygün Vəkilova bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3738/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 4300 manat məbləğində pul, 63 manat məbləğində dövlət rüsumu və məhkəməyə ərizə yazılması üçün 30 manat məbləğində pul alınaraq ona ödənilməlidir. Şəxs həmin borc məbləğindən heç bir ödəniş etməmişdir. Əvvəl onunla danışaraq hər ay 100 manat ödəməsinə razı olsa da, o, imkanı olmadığını bildirmişdir. Hazırda hər ay 50 manat belə ödəniş etməsinə razı olmasına baxmayaraq borclu hətta bununla da razılaşmır. Qeyd olunanlara əsasən borclu barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhəkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6575/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3738/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bildirişlərdən görünür ki, Şəxs icra sənədləri ilə müəyyən edilmiş tələbin icra edilməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildirişlər və qərarlar ona xx.xx.2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə izahatı alınmış və ona İXM-nin 528.1-ci maddəsinin mahiyəti izah olunmuş və məsuliyyəti barədə xəbərdar edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nın 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarların izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6575/2022 saylı, xx.xx.2022-ci il və 2(060)-3738/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələrinin icra edilməməsi üzrsüz səbəbdən olmuşdur. Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədlərini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, nəticədə tələbkar Zöhrab Qəfərova 2846 manat, digər tələbkar Aygün Vəkilovaya 4363 manat ödənilməmiş borcu qalmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, borclu hər hansı üzrlü səbəb olmadan qərarda qeyd edildiyi kimi, müxtəlif əsassız bəhanələr gətirərək tələbkarlara olan borcunu ödəməmişdir. Belə ki, bu hal həm icra işində olan izahatlar, həyata keçirilmiş icra tədbirlərini özündə əks etdirən sənədlərlə məhkəmə iclasında bir daha sübut olunmuşdur. Göründüyü kimi icra məmuru tərəfindən qərarın icra edilməsi üçün qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Tural İsayevin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nın həmin norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Şəxs tərəfindən İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin və borclunun verilmiş olduğu izahatları o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nın 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nın 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs himayəsində 4 uşağının olmasını əməlini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Samirə İbrahimovanın şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən o cümlədən qəbul edilən qərarlarda biri də inzibati tənbeh vermə haqqında qərardır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquqi yardım göstərilməsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Vəkil həvalə edilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2633/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2633/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver