Məhkəmə qərarları › İş №3(060)-2635/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2635/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2635/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X2 izahatında bildirmişdir ki, 24 sentyabr 2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Azərbaycan prospektində xidmət yoldaşı ilə birlikdə xidmət apararkən “Ford” markalı **-QV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkət qaydalarını pozduğu üçün tərəflərindən saxlanılmış, həmin vaxt sürücüdən spirtli içki qoxusu gəldiyi üçün alkotestr vasitəsi ilə sürücü Şəxs tibbi müayinə etmişlər, müayinə zamanı onda 0,323 promilli sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Sürücü xüsusi texniki vasitənin nəticələri ilə razılaşmadığı üçün onu həkim müayinəsinə aparmışlar və həkim müayinəsi zamanı da sürücüdə 0,323 promilli sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Həkim müayinəsi zamanı sürücünün yanında o deyil, xidmət yoldaşı olmuşdur. Belə ki, həmin vaxt o avtomobili cərimə meydançasına aparmışdır. Lakin, sonradan protokolu sürücünün iştirakı ilə o tərtib etmişdir. Həmçinin bildirmişdir ki, sürücü həkim tərəfindən tibbi müayinə edilərkən müvafiq video çəkiliş də aparılmışdır. Xəta xx.xx.2025-ci il tarixdə olmuş, yalnız inzibati xəta haqqında protokolun tarixi və xətanın törədilmə vaxtı xx.xx.2025-ci il tarixi qeyd edilmişdir. Bunun səbəbi isə onlara verilən planşetlərin sentyabr ayında dəyişdirilməsinə görə olmuşdur. Belə ki, yeni verilmiş planşetlərlə tərtib edilmiş protokolların mərkəzi informasiya sisteminə ötürülməsi zamanı inteqrasiya məsələlərində müəyyən texniki problemlər olduğu üçün bəzən tarixlərdə bir gün fərqlilik olur. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci ildə Sumqayıt şəhəri ərazisində təmir gedən ərazidə “Ford” markalı **-QV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman YPX əməkdaşları tərəfindən saxlanılmış, YPX əməkdaşı ona yol-hərəkət qaydalarını pozmasını bildirmiş, o isə etiraz edərək heç bir qanun pozuntusu etmədiyini, həmin yerdə təmir getdiyini bildirmişdir. Həmin vaxt YPX əməkdaşı alkotestrlə onun sərxoşluq vəziyyətini müəyyən etmiş və 0,323 promilli sərxoş olmasını bildirmişdir. O isə etiraz edərək sərxoş olmadığını bildirmişdir. Bunda sonra onu həkim müayinəsinə aparmışlar və həkim də onu müayinə edən zaman əsassız olaraq sərxoş olmasını bildirmişdir. O, həkimin müayinəsi ilə də razı olmadığını və iki gün öncə içki qəbul etdiyini bildirmişdir. Onu saxlayan əməkdaş YPX inspektoru X2 olmamış, başqa inspektor olmuşdur, Bəhram Rəhimlini avtomobili aparılan zaman 1-2 dəqiqə ərzində görmüşdür. Lakin, protokolu Bəhram Rəhimli tərtib etmişdir. Həmçinin bildirmişdir ki, o hadisədən dərhal sonra Bakı şəhərində özü həkimə müraciət edərək sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmiş, həmin müayinənin nəticəsində onun sərxoş olmaması bir daha öz təsdiqini tapmışdır. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 25 sentyabr 2025-ci il tarixli İXP7453952 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt şəhəri, Azərbaycan prosoektində avtomobil idarə edərkən saxlanılmış, daha sonra isə müayinə zamanı onun sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq vəziyyətinin müayinəsi barədə xüsusi texniki vasitənin (alkotestr) nəticələrindən görünür ki, 24 sentyabr 2025-ci il tarixdə saat 13:58 radələrində Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (0,323 promilli). Xüsusi texniki vasitənin son kalibrləmə tarixi - xx.xx.2025-ci il. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025ci il tarixli 6187 nömrəli aktdan görünür ki, həmin tarixdə saat 14:00 radələrində Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (0,323 promilli). İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025ci il tarixli 2/54906 nömrəli aktdan görünür ki, həmin tarixdə saat 15:37 radələrində Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməmişdir. İş materiallarında olan DVD diskdə olan video görüntlərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs həkim tərəfindən müayinə edilir və müayinə zamanı onda 0,323 promilli alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli 2/54906 nömrəli akt hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, sürücü Şəxs saxlanılan zaman xüsusi texniki vasitənin (alkotestr) nəticələri ilə razı olmadığı üçün həkim müayinəsinə aparılmış, videoçəkilişlə aparılan həkim müayinəsi zamanı da onda 0,323 promilli alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Sürücü Şəxs budan sonra öz təşəbbüsü ilə həkim müayinəsinə getmiş və müvafiq akt almışdır. İlk həkim müayinə vaxtı ilə ikinci dəfə sürücünün öz təşəbbüsü ilə həkim müayinə vaxtına kimi isə 1 saat 37 dəqiqə vaxt keçmişdir. Göründüyü kimi müayinə vaxtları arasında kifayət qədər vaxt olmuş və həmin vaxta kimi sərxoşluq vəziyyətinin keçməsi də mümkündür. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 327.2-ci maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar