Məhkəmə qərarları › İş №3(060)-264/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-264/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-264/2025 28.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Vəkil iştirakları ilə, xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-də səs-küy salaraq xuliqanlıq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş X3 protokolda yazılanları təsdiq edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs Sumqayıt ŞPİnin 3-cü PB-nə gəlmişdir. Şəxs problemi vardır, həmin məsələ Ağcabədi rayon Polis İdarəsi tərəfindən araşdırılır. Şəxs bir vətəndaşla zamin duraraq bankdan pul götürmüşlər, pul ödənilmədiyi üçün həmin məbləğ şəxsin təqaüdündən tutulur. Bununla bağlı şəxs DİNnin 102 xidmətinə müraciət etmiş, şikayətin cavabı ilə bağlı 3-cü polis bölməsinə səhvən yaxınlaşmış, növbətçi hissənin qarşısında səs tonunu qaldıraraq əsəbi formada danışmağa başlamış, danışıq zamanı qeyri-etik ifadələrdən istifadə edib bölmənin iş rejimini 15-20 dəqiqə pozduğu üçün növbətçi tərəfindən raport tərtib olunmuş, vətəndaşın izahatı alınmış, vətəndaş inzibati xəta törətdiyini etiraf etmiş, daha sonra protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Məhkəmədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında bildirdi ki, əsəbi olduğundan səs tonunu qaldırmışdır, lakin nalayiq ifadələr işlətməmişdir. Səhv etmişdir, əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil inzibati xətanı törətmiş Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasının nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin növbətçi köməkçisi X2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 9:00-da Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidmətə başlamışdır. Xidmətə başladıqdan təxminən 5-10 dəqiqə sonra adını sonradan bildiyi Şəxs bölməyə daxil olub ucadan nalayiq ifadələr işlədib səs-küy salmışdır. O, vətəndaşa səs tonunu azaltmasını və şikayətinin nə ilə bağlı olduğunu bildirməsini xahiş etsə də o, buna məhəl qoymamışdır. İş materiallarında olan 16006 nömrəli xx.xx.1992-ci il tarixli vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvüdür. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinlərəyək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun, tərəflərin izahatı, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilən izahatlardan görünür ki, Şəxs ictimai qaydanı pozaraq polis bölməsində səs-küy salmış və bölmənin iş rejimini pozmuşdur. Qeyd olunan hallar barəsində protokol tərtib edilmiş şəxsin etirafedici ifadəsi ilə və məhkəmə iclasında tədqiq edilən hallarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati həbsin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 04 (dörd) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar