Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2641/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs Əliyev Fikrət Əlisəttar oğlunun iştirakı ilə, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin İXP ******* saylı, 28.06.2021-ci il tarixli qərarından barəsində inzibati qərar çıxarılan şəxs Əliyev Fikrət Əlisəttar oğlunun verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin İXP ******* saylı, 28.06.2021-ci il tarixli qərarı ilə Əliyev Fikrət Əlisəttar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Əliyev Fikrət Əlisəttar oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin İXP ******* saylı, 28.06.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, 28.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, Azərbaycan-S.Vurğun küçələrinin kəsişdiyi yerdə ona DYP tərəfindən protokol yazılmışdır. Həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda 28.06.2021-ci il tarixdə saat 10:40-da Sumqayıt şəhəri, Azərbaycan-S.urğun küçələrinin kəsişməsində Kia Rio minik markalı 99HM154 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkənbirtərəfli hərəkət yollarında müəyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi göstərilmişdir. O, bu protokolla razı deyil və elektron protokolda video və şəkil mövcud deyildir. 30.07.2021-ci il tarixdə 2 dəfə 102 xidmətinə zəng etdikdən sonra protokolu ona vermişlər. Ona görə də, barəsində tərtib edilmiş İXP ******* saylı qərarın ləğv edilməsi və əməlində Azərbaycan Respublikası İXM-nin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında qərar vermiş şəxs gəlməmiş, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs Əliyev Fikrət Əlisəttar oğlu şikayətdə göstərdiyi xüsusatları təsdiq edərək onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin İXP ******* saylı, 28.06.2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən Əliyev Fikrət Əlisəttar oğlunun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Əliyev Fikrət Əlisəttar oğlunun əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati xəta haqqında qərarda nəyin müəyyən olunduğu, harada və hansı xətanın törədildiyi barədə heç bir məlumat yoxdur, hər hansı sübuta da istinad edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Əliyev Fikrət Əlisəttar oğlu barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin İXP ******* saylı, 28.06.2021-ci il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əliyev Fikrət Əlisəttar oğlunun şikayəti təmin edilsin. Əliyev Fikrət Əlisəttar oğlunun barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin İXP ******* saylı, 28.06.2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2641/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2641/2021
20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver