Məhkəmə qərarları › İş №3(060)-2641/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2641/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2641/2023 01.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta-texniki təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, 1-ci PB-nə narkotik vasitələrin istifadələrində şübhəli kimi gətirilərək Sumqayıt RND-də müayinə olunan zaman narkotik vasitə olan marixuana istehlak etməsi müəyyən edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi E.Q.İmanov göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, 1-ci PB-nə narkotik vasitələrin istifadələrində şübhəli kimi gətirilərək Sumqayıt RND-də müayinə olunan zaman narkotik vasitə olan marixuana istehlak etməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində Ədliyyə Nazirliyinin İcra İdarəsinin yaxınlığında ona məxsus VAZ 2107 markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobildə tanışı Ülvi, Cabir və Kərim adlı şəxslərlə əyləşmişdir. Bu zaman mülki geyimdə iki nəfər şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim edib narkotik vasitə istifadəsində şübhəli olduqlarını bildirib onları Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Lakin o avtomobildən enərək ucadan nalayiq ifadələr və ünvansız küçə söyüşləri işlədərək səs-küy salmağa başlamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilib bölməyə gətirilmişlər. Təxminən 20 gün bundan əvvəl Xızı rayonunda toy məclislərinin birində tanımadığı şəxslərlə narkotik vasitə olan marixuanadan istifadə etmişdir və Narkoloji Dispanserdə müayinə olunmağa etiraz etmir. Beləliklə polis əməkdaşları tərəfindən müayinə olunması üçün Sumqayıt şəhəri Narkoloji Dispanserinə aparılmışdır. Orada öz sidiyindən verdiyi analizin nəticələrində narkotik vasitə olan marixuanadan istofadə etdiyi aşkar olunmuşdur. Bu barədə tibb işçisi tərəfindən tərtib olunan protokolu polis əməkdaşı təhvil aldıqdan sonra bölməyə qayıtmışlar. Hal-hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 məhkəmə iclasında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü təqsirli bilir, əməlindən peşmandır. Bu halları nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh olan cərimə cəzası tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının tibbi müayinəsinin” xx.xx.2023-cü il tarixli aktından görünür ki, həmin tarixdə Şəxs narkotik vasitə qəbulu faktı aşkar olunmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7151 nömrəli rəyindən görünür ki, Şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:10-da tutulmuş, xx.xx.2023-cü il saat 16:00-da azad olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cı maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərməsinə görə müvafiq məbləğ hesablanaraq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçrülüməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar