Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2645/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi-X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 29 iyul 2021-ci il tarixli, 00700-0148/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən tərtib edilmiş 29 iyul 2021-ci il tarixli, 00700-0148/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 09.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasaən, Şəxs MMC (VÖEN **********) Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin 25 iyun 2021-ci il tarixli 34/014/001824 nömrəli raportunda 17.06.2020-ci il tarixində Türkiyə Respublikasında yerləşən “X6-İhracat ve Ticaret Limited” şirkətinə **********8426 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal gömrük proseduru altında göndərilmiş “Latun fitinqlər hazırlanması üçün latun biçmələr” yükünün öhdəlik müddətini pozmuşdur. Belə ki, raportda qeyd olunan yükün emaldan sonra öhdəlik müddəti 17.06.2021-ci il tarixdə bitmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X4 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi, yazılı mülahizəni məhkəməyə təqdim edərək bildirdi ki, Şəxs MMC **********8426 sorğu nömrəli gömrük bəyannaməsi ilə 17.06.2021-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürdüyü “Latun fitinqlər hazırlanması üçün latun biçmələr” yükünü vaxtında geri qaytara bilməməsinə baxmayaraq qanunvericiliyin tələbinə uyğun olaraq gömrük orqanına müraciət etməmişdir. Aznur RR LTD” MMC-nin 08.06.2021-ci il tarixli **********2152 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi malların **********8426 sorğu nömrəli gömrük bəyannaməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, **********2152 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar emaldan qayıtmış mallar olsaydı bəyannamənin 37-ci qrafasında 400052 qeyd olunar, 40-cı qrafasında isə əvvəlki bəyannamə nömrəsi olaraq **********2152 nömrəsi qeyd olunmalı idi. Məhkəmə icalsında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməsini xahiş etdi, məhkəməyə göndərdiyi yazılı mülahizədə göstərilənləri təkrar edərək bildirdi ki, xaricdə emal gömrük proseduru altında Türkiyə Respublikasına göndərilmiş malların öhdəlik müddətində geri qaytarılmamasının birinci səbəbkarı Sumqayıt Baş Gömrük İdarəsinin özüdür. Belə ki, həmin malların bir qismi emal edildikdən sonra “X6 İhracat ve Ticaret Limited” şirkəti tərəfindən 04.06.2021-ci il tarixli **********16697717 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Azərbaycan Respublikasına ixrac edilməsinə və Azərbaycan Respublikasında həmin mallar ilə bağlı 08.06.2021-ci il tarixli **********2152 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilməsinə baxmayaraq Sumqayıt Gömrük Baş İdarəsi hər hansı hüquqi əsas olmadığı halda həmin malları sərbəst dövriyyəyə buraxmaqdan imtina etmişdir. Türkiyə Respublikasında yerləşən “X6 İhracat ve Ticaret Limited” şirkəti tərəfindən Azərbaycan Respublikası DGKya ünvanlanmış 14.06.2021-ci il tarixli 121 nömrəli məktubda qeyd edilir ki, Şəxs MMC ilə bağlanmış 01 nömrəli 25.11.2019-cu il tarixli müqaviləyə görə mis biyetlər emal edildikdən sonra alınan mis tellər geri qaytarılmalıdır. Lakin bütün dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar olaraq şirkətin işlərində bəzi problemlər yarandığı üçün müqavilənin şərtlərinə uyğun olaraq mis telləri zamanında qaytara bilməmişlər. 04.06.2021-ci il tarixdə ŞəxsMMC-yə 2999,92 kq mis tellər göndərilmişdir. Ən qısa zamanda geridə qalan digər mis telləri də emal edərək geri qaytaracaqlar. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 17.06.2020-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-dən “Latun fitinqlər hazırlanması üçün latun biçmələr” Türkiyə Respublikasına ixrac edilmişdir. İş materiallarında olan “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” 29.07.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrin təsdiqi haqqında” 31.10.2014-cü il tarixli 100/143 saylı Sərəncamın 2 saylı Əlavəsinə əsasən Şəxs MMC tərəfindən “Latun fitinqlər hazırlanması üçün latun biçmələr” yükü Sumqayıt Baş Gömrük İdarəsinə 17 iyun 2020-ci il tarixdə **********8426 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Xaricdə Emal” gömrük proseduru altında rəsmiləşdirilmiş və 17.06.2021-ci il tarixədək geri qaytarılacağı barədə öhdəlik əsasında emal olunmaq üçün Türkiyə Respublikasına göndərilmişdir. Qeyd olunan **********8426 sorğu nömrəli gömrük bəyannaməsinin Qrafa 1 “Bəyannaməsinin tipi” qrafanın 1-ci yarımbölməsində malların keçiilmə istiqaməti “İX” göstərilmişdir. Qrafanın 2-ci yarımbölməsində Sərəncamın 2 saylı Əlavəsinə əsasən Xaricdə Emalın kodu “52” göstərilmişdir. Həmin Məcəllənin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Şəxs MMC-nin nümayəndəsinin göstərdiyi hallar, Sumqayıt İnzibati Məhkəməsinə müraciət, pandemiya səbəbindən gecikmələrin olması bu iş üzrə baxılan maqavilə ilə bağlı deyildir. Həmin hallar əsasında icraata xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protokoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 163795,00 manat təşkil edir. Ona görə də, Şəxs MMC-yə həmin məbləğin otuz faizindən yüz faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50 (əlli) faizi məbləğində (163795,00 manat X 50%), yəni 81897,50 (səksən bir min səkkiz yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2645/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2645/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver