Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2645/2023 16.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən Sumqayıt Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli, STP-SD-202200285 nömrəli müqaviləyə istinad etməklə xx.xx.2022-ci il tarixli **********7739 sorğu nömrəli bəyannamə üzrə alqı-satqı yolu ilə rəsmiləsdirilərək Qazaxıstan Respublikasına ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 3654,42 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Ş.F.Rzayev bildirmişdir ki, qarşı müəsssisə, yəni “TOO TexElektro Proyekt” şirkəti müqavilə üzrə öhdəliklərini icra etməyərək müvafiq vəsaiti onların bank hesabına köçürmədiyi üçün mülki iddia ilə məhkəməyə müraciət etmişlər və hazırda iddiaları Sumqayıt Kommersiya Məhkəməsinin icraatındadır. Müvafiq iddianın Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmasını təsdiq edən qərardadı da məhkəməyə təqdim etmişdir. Pul vəsaitinin hesaba köçməməsi onların iradələrindən asılı olmayan səbəbdən baş verməsini qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, həmin oqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-004278/2023 nömrəli raportdundan görünür ki, Şəxs MMC tərəfindən Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, **********7739 sorğu nömrəli bəyannaməsinin 20-ci qrafasında ödəniş şərtində müvafiq düzəlişin edilməsi üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt Gömrük İdarəsinə elektron müraciət məktubu ünvanlanmış, Dövlət Gömrük Komitəsinə xx.xx.2023-cü il tarixdə 23006759 saylı sənəd nömrəsi sifariş verilmiş, xx.xx.2023-cü il tarixdə **********7739 sorğu nömrəli gömrük bəyannaməsinə Dövlət Gömrük Komitəsi tərəfindən düzəliş edilmişdir, lakin sözügedən bəyannamə üzrə 3654,42 (üo min altı yüz əlli dörd dollar. 42 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitin ixracatçının müvəkkil bankda olan hesabına bu günədək köçürülməmişdir. DGK X1 Sistemi hesabat və təhlillər Forma 3.9.2.1 - alqı-satqı və konsiqnasiya üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********7739 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsində alqı-satqı volu ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 3654,42 (üç min altı yüz əlli dörd dollar, 42 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına qanunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (iyirmi min manatadək olan məbləğ) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin pul vəsaitinin köçürülməməsində MMC-nin heç bir təqsirinin olmaması və müvafiq pul tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin icraatında mülki iddialarının olması ilə bağlı gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, pul tələbinə dair məhkəmənin icraatında işin olması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanı istisna edən hal deyil. Hazırki iş üzrə xx.xx.2022-ci il tarixli bəyannamə əsasında ixrac edilmiş və həmin tarixdən 180 gün ərzində, yəni xx.xx.2023-cü il tarixədək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına məbləğin köçürülməli olmasını əks halda inzibati xətaya yol veriləcəyini MMC-nin məsul şəxsləri öncədən bilməli olduğu halda pul vəsaitlərinin vaxtında köçürülməsini təmin etmək üçün öncədən hər hansı cəhdlər etməmiş və ya bununla bağlı sübtları məhkəməyə təqdim etməmişlər. Yalnız, bundan bir neçə ay sonra mülki qaydada məhkəməyə müraciət edilməsi inzibati xətanı istisna edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30%-i məbləğində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 3654 (üç min altı yüz əlli dörd) ABŞ dolları 42 (qırx iki) sent valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində, yəni 1.096 (min doxsan altı) ABŞ dolları 33 (otuz üç) sent məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2645/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2645/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver