Məhkəmə qərarları › İş №3(060)-2645/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2645/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2645/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Qalib Quliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə, xx.xx.2024-cü il tarixdə narkoloji dispanserin 6866 nömrəli rəyinə əsasən Şəxs narkotik vasitə istifadəçisi olması müəyyən edildiyindən barəsində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt ŞPİ-nin 5-ci Polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. AR İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında 5-ci PB-nin sahə rəisi, polis leytenantı Qalib Quliyev protokola uyğun izahat verərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında PPX əməkdaşları Yaşıl Dərə ərazisində xidmət apararkən 2-3 nəfər şəxsin səs-küy saldığını görüb narkotik vasitələrin istifadə edilməsindən şübhələnərək onların yanına yaxınlaşmışlar və onları 5-ci PB-nə dəvət etmişlər. Şəxs Sumqayıt şəhər RND-də müayinədən keçirilmiş və onun narkotik vasitə marixuana istifadə etməsi aşkarlanmışdır. Təhqiqat araşdırması aparılmış, cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müarciət edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, narkotikdən ilk dəfə saxlanıldığı gün qonşuluqda yaşayan iki nəfər şəxslə birlikdə istifadə etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında PPX əməkdaşları Yaşıl Dərə ərazisində onları saxlayaraq 5-ci PB-nə aparmış, Sumqayıt şəhər RND-də müayinədən keçirmiş və onun narkotik vasitə marixuanadan istifadə etməsi faktı aşkarlanmışdır. Əməlindən peşmandır. Bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə söz verir. Himayəsində 02 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2024-cü il tarixli, A/2614 saylı protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:35-də müayinə olunmuş, marixuana qəbul etməsi faktı aşkar edilmişdir. AR Səhiyyə Nazirliyi Respublika X4 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 6866 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şəxs Kannabinoidlərdən istifadə etmə halı olmuş, lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 5-ci PB-nin sahə rəisi, polis leytenantı Qalib Quliyevin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXMnin həmin norması ilə təqsirli hesab edilməsi üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, xüsusilə himayəsində iki azyaşlı övladının olmasını, ailənin yeganə gəlir mənbəyinin özü olmasını, şəxsiyyətini, onun narkomaniya xəstəliyindən əzab çəkməməsini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Bu halı məhkəmə tənbeh tədbiri tətbiq edərkən nəzərə almalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar