Məhkəmə qərarları › İş №3(060)-2648/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2648/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2648/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, şikayətçi X8 oğlunun, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X14 Şöbəsinin inspektoru X2 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X14 Şöbəsinin inspektoru X6 tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 oğlu Sumqayıt ŞPİ-nin X14 Şöbəsinin inspektoru X6 tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024 tarixində qaynatası X1 aid “Opel Zafira” markalı **-XC-*** dövlət nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh kiicəsi ilə baş yol-nişanı olan yolla hərəkətdə olarkən Koroğlu küçəsi ilə (sol tərəfindən) “stop” nişanı olan yolla hərəkətdə olan X5 aid “Qaz 2410” markalı **-ES-*** dövlət nişanlı avtomobillə toqquşmuş və qəza etmişdir. Svetafor işləmədiyi üçün və baş yolda olmağına baxmayaraq və solunda Cip markalı avtomobil görünməni məhdudlaşdırdığı üçün yol ayrıcına daxil olduqda tam yavaşımış, soldan avtomobil gəlib gəlmədiyini dəqiqləşdirmək üçün az qabağa çıxmış və çıxar çıxmaz qeyd olunan Qaz 2410 markalı avtomobillə toqquşmuşdur. Bu arada qaynatası hadisə yerində imiş. Hadisə yerinə gələn **-YP-*** dövlət nişanlı DYP əməkdaşı sürücülük vəsiqələrini almış və “sabah Sumqayıt DYP binasına yaxınlaşın” deyərək hadisə yerini tərk etmişdir. Sığortaları hadisə yerindən şəkillər vasitəsi ilə onun haqlı olduğuna aid qərar vermişlər. Ancaq səhər adı gedən binanın 8-ci otağındakı inpektorlara yaxınlaşdıqda ona izahat yazdırmışlar, onun haqsız olduğunu bildirmişlər və üstəlik qanunları heçə sayaraq ona cərimə yazmışlar. Haqlı olduğunu sübut etdiyi halda israrla qarşı tərəfin haqlı olduğunu demişlər və hətta “narazısansa bizi məhkəməyə ver” demişlər. Ona görə də ona maddi təzminat ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X8 oğlu şikayətini müdafiə etmiş və şikayətinə dəqiqləşmə ərizəsi təqdim edərək Sumqayıt ŞPİ-nin X14 Şöbəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X14 Şöbəsinin inspektoru X6 şikayətlə razılaşmayaraq bildirmişdir ki, hadisə zamanı ərazidə sevtaforlar işləmişdir. “Opel Zafira” markalı **-XC-*** dövlət nişanlı avtomobil baş yolda olsa da dayanmış və anidən hərəkətə başlayaraq digər yolda daha öncədən yol kəsişməsinə daxil olaraq hərəkət edən “Qaz 2410” markalı **-ES-*** dövlət nişanlı avtomobilin qabaq sağ hissəsini vurmuşdur. “Opel Zafira” markalı **-XC-*** dövlət nişanlı avtomobil yol kəsişməsinə hələ yaxınlaşmamışdan öncə digər nəqliyyat vasitəsi Koroğlu küçəsi ilə hərəkət edərək yol kəsişməsinə daxil olmuş, Sülh küçəsinin üzü bulvar istqamətə olan hərəkət hissəsini tam keçmiş və həmin kəsişmədə buvlara əks istiqamətdə olan hərəkət hissəsinin isə bir zolağını tam keçmişdir. Bu zaman “Opel Zafira” markalı **- XC-*** dövlət nişanlı avtomobilin sürücüsü X8 oğlu özündən solda olan Cip markalı avmomobilin görünüşünü çətinləşdirməsinə baxmayaraq ani yolun hərəkət hissəsinə çıxmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilən yol şəraitində baş yolda hərəkət etməsinə baxmayaraq yolun hərəkət hissəsinin boş olduğuna əmin olmadan yol kəsişməsinə daxil olaraq digər nəqliyyat vasitəsini vurmaqla sürücü X8 oğlu yol hərəkət qaydalarını pozmuşdur. Yol-nəqliyyat hadisəsinin qeyd edilən şəraitdə baş verməsi hər iki sürücünün və “Qaz 2410” markalı **-ES-*** dövlət nişanlı avtomobilin sərnişininin izahatları ilə təsdiq edilmişdir. Hadisə vaxtı işıqlar söndüyü üçün svetaforlar işləməməklə yanaşı ərazidə olan kameralar da işləməmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 oğlu xx.xx.2024-cü il tarixdə saat 08:50-də “Opel Zafira” markalı **-XC-*** dövlət nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsşiməsində yol ayrıcını keçmə qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X8 oğlunun Sumqayıt ŞPİ-nin X14 Şöbəsində verdiyi izahatından görünür ki, o, “Opel Zafira” markalı **-XC-*** dövlət nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 08:50-də idarə edərkən Sumqayıt şəhəri Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində yol ayrıcına daxil olarkən hərəkəti başa çatdırmaqda olan “Qaz 2410” markalı **-ES-*** dövlət nişanlı avtomobili görmədiyi üçün yol verməmiş və onun sağ yan hissəsi ilə toqquşmuşdur. Həmin vaxt qaynatası X7 yanında olmuş, svetafor işləməmiş və solunda Cip markalı avtomobil dayandığı üçün sürəti tam azaltmaqla dayanmışdır. Hərəkətə başlayıb bir az maşını tərpədən kimi soldan gələn “Qaz 2410” markalı avtomobillə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş X3 (“Opel Zafira” markalı **-XC-*** dövlət nişanlı avtomobilin sərnişini) Sumqayıt ŞPİ-nin X14 Şöbəsində verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:50-də ona məxsus “Opel Zafira” markalı **-XC-*** dövlət nişanlı avtomobili X8 oğlu idarə edərkən Sumqayıt şəhəri Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində svetaforlar işləməmiş və sol tərəfdə avtomobil dayandığı üçün sürücü solu görə bilməmiş və avtomobili bir az irəli sürən kimi sol tərəfdən hərəkətdə olan “Qaz 2410” markalı avtomobilin sağ yanı ilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş X4 Sumqayıt ŞPİ-nin X14 Şöbəsində verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:50-də “Qaz 2410” markalı **-ES- *** dövlət nişanlı dövlət nişanlı avtomobili Sumqayıt şəhəri Koroğlu küçəsində idarə edən zaman Sülh küçəsi ilə kəsişməyə daxil olan vaxt svetaforlar işləmədiyi üçün “Stop” nişanında dayanmış, soldan gələn avtmobilləri buraxmış və yol ayrıcına daxil olmuşdur. Birinci yol ayrıcını keçərək ikinci yol ayrıcına daxil olmuşdur. Sağ tərəfdən gələn yolda avtomobil dayanmışdır. Yol ayrıcında hərəkətini başa çatdırarkən həmin dayanmış avtomobilin sağında olan “Opel Zafira” markalı **-XC-*** dövlət nişanlı avtomobilin sürücüsü hərəkətə başlayıb yol ayıcına daxil olarkən onun avtomobilinin sağ yan hissəsindən vurmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi zamanı “Opel Zafira” markalı **-XC-*** dövlət nişanlı avtomobilin ön hissəsi, “Qaz 2410” markalı **-ES-*** dövlət nişanlı dövlət nişanlı avtomobilin isə qabaq sağ yan hissəsi zədələnmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsindən öncə “Qaz 2410” markalı **-ES-*** dövlət nişanlı dövlət nişanlı avtomobil Sumqayıt şəhəri Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsişməsində yol ayrıcına daxil olaraq birinci kəsişməni tam keçmiş, ikinci kəsişmə hissəsində isə bir zolağı tam keçmiş və ikinci zolağa daxil olan zaman Sülh küçəsində dayanmış vəziyyətdə olan “Opel Zafira” markalı **-XC- *** dövlət nişanlı avtomobil ani hərkətə başlayaraq həmin avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Məhkəmə iclasında şikayətçi dayanmadan hərəkət etdiyini, sadəcə sürətini bir az azaltdığını qeyd etsə də, onun özünün, həmçinin digər sürücünün və şahidin X14 Şöbəsində verdikləri izahatları fərqli olmuşdur. Sürücü izahatında etiraf etmişdir ki, ilk öncə dayanmış, sonradan digər avtomobilə yol verməyərək irəli çıxdığı üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə qeyd edir ki, göstərilən şəraitdə, yəni svetaforlar işləmədiyi və yol kəsişməsinə daha öncədən digər nəqliyyat vasitəsi olduğu hala (indiki halda “Qaz 2410” markalı **-ES-*** dövlət nişanlı dövlət nişanlı avtomobil) dayanmış vəziyyətdə olan “Opel Zafira” markalı **-XC-*** dövlət nişanlı avtomobilin yol kəsişməsinə daxil olması (baxmayaraq ki, baş yolda olmuşdur) və yol-nəqliyyat hadisəsinə səbəb olması sonuncu avtomobilin sürücüsünün yol hərəkət qaydalarını pozması kimi qiymətləndirilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 75-ci maddəsinin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X14 Şöbəsinin inspektoru X6 tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X14 Şöbəsinin inspektoru X6 tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X8 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X8 oğlunun şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X14 Şöbəsinin inspektoru X6 tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar