Məhkəmə qərarları › İş №3(060)-2651/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2651/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2651/2023 02.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 1-cü Polis Bölməsinin polis sahə rəisi polis kapitanı X1, Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis baş serjantı Şahid4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili İldırımzadə Rəşad Baris oğlunun iştirakları ilə, xx.xx.1998-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə, saat 01:15 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində ünvansız nalayiq ifadələr işlətdiyi üçün AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda həmin PB tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə, saat 01:15 radələrində Sumqayıt şəh, Sahil küçəsində yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbindən AR İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə həmin tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə, saat 01:15 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində işıq cihazlarından istifadə qaydalarına riayət etmədiyi üçün saxla əmri verilmiş, sürücü saxla əmrinə tabe olmayaraq hərəkətini yüksək sürətlə davam etdirmiş, süni tıxac yaradılaraq saxlanılmış, xüsusi texniki vasitə ilə yoxlanılan zaman sərxoş olduğu aşkarlanmışdır. Vahid sistemə baxış keçirilən zaman Cəfərlinin xx.xx.2023-cü il tarixdə Khazar SD minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat cərimə olunması səbəbindən sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, AP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi və Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2651/2023 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li, MN seriyalı ******* №-li və AP seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 33(060)-2651/2023, 3(060)-2652/2023 və 3(060)-2653/2023 №-li işlər bir icraatda 3(060)-2651/2023 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxslər Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi polis kapitanı X2 və Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis baş serjantı Şahid4 tərtib etdikləri protokollara uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü barəsində tərtib edilmiş protokollar üzrə təqsirli bilərək izahatında göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə Binəqədi rayonunda spirtli içki qəbul etdikdən sonra lizinq müqaviləsinə əsasən faktiki sahibliyində olan və etibarnamə əsasında idarə etdiyi **-PT-*** dövlət qeydiyyat nişanlı, “Khazar SD” minik markalı avtomobil ilə Sumqayıt şəhəri Sahil küçəsində Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman Yol polis əməkdaşlarının reyd keçirdiyini görmüşdür. Bu zaman polis əməkdaşları ona saxla əmri vermiş və o, avtomobili saxlamışdır. Yol polis əməkdaşı ona spirtli içki qəbul edib-etməməsini yoxlamaq üçün ona alkotesteri üfürməyi təklif etmiş, o alkotesterlə yoxlanıldıqdan sonra spirtli içki qəbul etdiyinin aşkara çıxdığını görüb avtomobili yüksək sürətlə sürərək oradan uzaqlaşmışdır. Bu zaman onun arxası ilə patrul avtomaşının gəldiyini görmüş, bir qədər getdikdən sonra idarə etdiyi avtomobil ilə geriyə dönərək hərəkətini davam etdirmişdir. Geri dönərək reyd keçirilən yerə yaxınlaşdıqda artıq həmin yerdə polis əməkdaşları tərəfindən süni tıxac yaradıldığını, qaçmağa heç bir yerin və şansın olmadığını görərək avtomobilini saxlamışdır. Polis əməkdaşları ona qapını açaraq maşından düşməsini tələb etsələr də, o, qapını açmamış, avtomobili geri hərəkət etdirməyə cəhd etmiş və bu zaman avtomobilin arxa təkərləri səkinin üzərinə çıxmış, nəticədə avtomobil məcburən dayanmışdır. Bu zaman post patrul xidməti əməkdaşları avtomobilin sol ön şüşəsini sındıraraq onu maşında çıxartmışlar. Həmin vaxt ətrafda tanımadığı vətəndaşların olduğunu da ehtimal edir. O, həmin gün bölməyə aparılmış, daha sonra evə buraxılaraq səhər saatlarında yenidən polis bölməsinə getmişdir. O, bu ilin əvvəlində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə təqsirli bilinərək, 400 manat cərimə olunmuş, həmin cəriməni ödəmişdir. Bildirir ki, Vətən Müharibəsi iştirakçısıdır, ölkə başçısı tərəfindən “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Əməlindən çox peşmandır, təqsirini etiraf edir, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Evlidir, himayəsində doqquz aylıq övladı var. O, taksi fəaliyyəti ilə məşğul olur. Ailəsini bu yolla dolandırır. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis baş serjantı Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:15 radələrində ekipaj yoldaşı Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru polis serjantı Cavid Yadigarlı ilə Sumqayıt şəhəri, Sahil küçəsində xidmətdə olan zaman **-PT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü reyd keçirilən zaman 2033 çağrışlı avtopatrul avtomaşının ona saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirərək sürətini daha da artırmış və sözügedən avtomaşın sürücüsü saxla əmrinə tabe olmamışdır. Qeyd olunan avtomaşın xidmət etdikləri ərazidən keçməsini görüb saxla işarəsi vermişlər. Lakin sürücü avtomaşını saxlamayaraq avtomaşının sürətini daha da artırmışdır. Onlar süni tixac yaradaraq avtomaşını dayandırmış, həmin şəxs avtomaşının qapısını açmayaraq, eləcədə sənədləri və açarları təqdim etməyərək qanuni tələblərinə tabe olmamışdır. Onlar həmin sürücünü dəfələrlə nizam intizama dəvət etsələr də o, qanunsuz hərəkətlərini davam etdirərək ucadan qışqırıb nalayiq küçə söyüşləri söyüb öz hərəkətlərini davam etdirərək qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ PPXT-nin polis nəfəri, polis baş serjantı Şahid3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:15 radələrində postaçı yoldaşı polis serjantı Arzuman Xasıyev ilə birlikdə xidmətdə olan zaman Sumqayıt ŞPİ DYPŞ-nin YPXnin inspektorları xüsusi texniki vasitəsi ilə onları Sahil küçəsinə köməyə çağırmışlar. Onlar həmin əraziyə çataraq, süni tıxac yaratmış və “Khazar SD” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamağa nail olmuşlar. Avtomaşın saxlanılan zaman sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Belə ki, sürücüyə avtomobilin qapısını açaraq avtomobildən düşməsi tələb edilsə də, o, məhəl qoymamış, avtomobili geri hərəkət etdirməyə başlamışdır. Bundan sonra avtomobilin sol ön şüşəsi sındırılaraq sürücünün avtomobildən düşürülməsi təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ PPXT-nin polis nəfəri, polis baş serjantı Şahid2 da Şahid3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis baş serjantı Şahid4, şahid Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru polis baş serjantı Şahid1 və xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ PPXT-nin polis nəfəri, polis baş serjantı Şahid3 “Raport”larından görünür ki, onlar baş vermiş hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisinə müraciət etmişlər. İş materiallarında olan “Alcoviser-Jupiter X” modelli xüsusi texniki vasitə olan alkotesterlə müayinənin nəticəsini özündə əks etdirən çıxarışdan görünür ki, sürücü xx.xx.2023-cü il tarixdə saat 01:26-da müayinə edilmiş, sürücüdə aşkar edilmiş alkoqolun miqdarı 0.514 % promil olmuşdur. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu” barədə aktdan görünür ki, “Khazar SD” markalı, **-PT-*** dqn-lı avtomobil xüsusi mühafizə olunan duracağa təhvil verilmişdir. Elektron-informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarından görünür ki, Şəxs Vətən Müharibəsi iştirakçısıdır, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs evlidir, himayəsində xx.xx.2023-cü il təvəllüdlü Nadir Cəfərli adlı övladı var. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri və protokolları tərtib etmiş şəxsləri, dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə görə Bu Məcəllənin 333.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 0.514 % olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə, saat 01:15 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində ünvansız nalayiq ifadələr işlədərək, səs-küy salmış, avtomobili yüksək sürətlə və təhlükəli formada idarə etməklə ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati inzibati xəta törətmişdir. Belə ki, yol polis əməkdaşları, o cümlədən post patrul xidməti əməkdaşları tərəfindən ona dəfələrlə “saxla” əmri verilsə də, süni tıxac yaradılaraq avtomobilin saxlanılmasına nail olduqdan sonra sürücünün avtomobildən düşməsini tələb etsələr də, sürücü Şəxs bu göstərişlərə məhəl qoymadan öz qanunsuz və hüquqazidd xarakterli əməllərini davam etdirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi polis kapitanı X2 və Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis baş serjantı Şahid4 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən normaları ilə inzibati xətann törədilməsində təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, o cümlədən Vətən müharibəsində iştirak etməsinin onun şəxsiyyətini səciyyələndirən əsas müsbət xüsusiyyət kimi nəzərə alaraq AR İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, Şəxs əməlindən peşman olmasını, davranışını, müharibə iştirakçısı olmasını, torpaqların müdafiəsi uğrunda davam edən 44 günlük Vətən müharibəsində erməni hərbçiləri tərəfindən törədilmiş təxribatların qarşısının alınmasında xüsusilə fəal iştirak etməsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun islah olunması üçün kifayət deyildir, bu səbəbdən təqsirli bilindiyi maddələrin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.3-cü maddəsinə görə bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını, qeyd etdiyi kimi taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolanışığını təmin etdiyini nəzərə alaraq İXM-nin 333.2-ci maddəsinin sanskiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin əlavə olaraq tətbiq edilməməsi qənaətinə gəlir. Məhkəməyə Şəxs bundan öncə də qayda pozduğu üçün barəsində inzbati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsindən nəticə çıxarmayaraq yenidən inzibati xəta törətməsini nəzərə alır və bu halı sonuncunun qanunun tələbini pozmağa meylli şəxs qiymətləndirməyə əsas verir. Məhkəmə hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh tədbiri tətbiq ediləcəyi təqdirdə sonuncu islah olunacaq və gələcəkdə yenidən bu və ya digər növdə inzibati xəta törətməyəcəkdir. İnzibati həbsin əvvəli 02 noyabr 2023-cü il tarixdən, saat 16.00-dan hesablanmalıdır. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar