Məhkəmə qərarları › İş №3(060)-2652/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2652/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2652/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Sumqayıt şəhər 1 nömrəli xəstəxanada anestezioloq reanimatoloq işləyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 10-cu mikrorayonda kirayədə yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 330/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə, ümumilikdə 145000 manat borc məbləğini tələbkar X4 üzrsüz səbəbdən ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X6 izahatında bildirdi ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-330/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı - 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul və “CHANGAN GS75” markalı, **-PT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün birgə nikah dövründə ödənilmiş pul vəsaitinin yarısı - 25.000 (iyirmi beş min) manat məbləğində pul, ümumilikdə 145000 manat borc məbləğini tələbkar X4 üzrsüz səbəbdən ödəməmişdir. xx.xx.2025-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Həmçinin, borcluya xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və borclu həmin bildirişlə xx.xx.2025-ci ildə tanış olmuşdur. Borclu dəfələrlə İcra İdarəsinə dəvət olunmuş, izahatları alınmışdır. Belə ki, xx.xx.2025-ci il tarixində izahatı alınmış borclu 20 gün ərzində tələbkara 10000 manat pul ödəyəcəyini bildirmişdir. Ödəniş olunmadığı üçün tələbkar İcra İdarəsinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmiş və borcunu tam şəkildə tələb etmişdir. xx.xx.2025-ci il tarixdə izahatı alınmış borclu bildirmişdir ki, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmir. Daha sonra Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu tərəfindən tələbkara hər hansı məbləğ ödənilmədiyindən barəsində axtarış qərarı qəbul edilərək müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu İcra İdarəsinə dəvət olunmuş və izahatı alınmışdır. Lakin icra sənədi üzrə indiyə qədər heç bir ödəniş etmədiyi üçün borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclunun mülkiyyətində başqa daşınmaz əmlakların olmasını elektron icra sistemində görünmədiyi üçün müəyyən etmək mümkün olmamışdır. İcra hərəkəti kimi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat verilmişdir. Borclunun əməkhaqqısından tutulmalar həyata keçirilməmişdir, çünki bu hal yalnız məhkəmə qərarının hissəsi icrası ilə bağlıdır, həmçinin nəzərdə tutulmuş məbləğ borc məbləğinə mütənasib deyil. Borclunun əmlakına, yəni “Chevrolet Cruze minik” markalı avtomobilinə həbs qoyulmuşdur. Borclunun başqa daşınmaz əmlakı olması barədə sorğu göndərilsə də, hər hansı bir daşınmaz əmlak aşkar edilməmişdir. Protokolun təmin olunmasını və borclu barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, icra sənədində göstərilən məbləğ onun borcu deyil, kompensasiya məbləğidir. Həmin kompensasiya məbləğini ödəməli olduğunu bilir və ödəməkdən imtina etmir, qərəzli şəkildə yayınmır. Borcunu əməkhaqqına yönəldilməsinə hazırdır. Qalan borcu isə hissə-hissə ödəyəcək. Borcundan 10000 manat ödəməyi tələbkara təklif etsə də, məhkəmə prosesləri səbəbindən ödəyə bilməmişdir. Hal-hazırda borcundan 4000 manat məbləği ödəyə bilər. Lakin məhkəmədəki ödəniş terminalında texniki problem olduğu üçün ödəyə bilmir. Buna görə də sabah gün ərzində ödəyib qəbzini icra məmuruna verəcək. Məhkəmədən ona həmin məbləğin ödənilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu indiyə qədər 2 övladının təhsil haqqı üçün 10500 manat ödəniş etmişdir. Borclunun icra sənədi üzrə 120000 manatdan çox borcu olsa da, indiyə qədər borcundan heç bir ödəniş etməmişdir. Əgər evin pulunu, yəni 120000 manat pulu ona ödəsə, evdən çıxmağa hazırdır. Borcunu tam şəkildə tələb edir və borclunun inzibati həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, icra sənədi üzrə borc məbləği 2 ildir ki, yaranıb. Bu o deməkdir ki, borclunun borcunu ödəməsi üçün kifayət qədər vaxtı olub. Hesab edir ki, borclu məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınır. Həmçinin, borclunun həmin məbləği ödəmək üçün kifayət qədər maddi imkanı var. Belə ki, borclunun qazanc yerləri çoxdur. O, həm “Sumqayıt Tibb Mərkəzində” həm də başqa yerdə həkim işləyir, eyni zamanda icbari tibbi sığortadan da xeyli miqdarda gəlir əldə edir. Onun mülkiyyətində mənzillər və avtomobillər var. Həmin daşınar və daşınmaz əmlakları satıb borcunu ödəyə biləcəyi halda icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Borclu borcunu tam şəkildə tələb edir. Məhkəmədən borclunun inzibati həbs olunmağını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, icra məmuru tərəfindən ümumi borc məbləği borclunun əməkhaqqısına yönəldilə biləcəyi halda yönəldilməmişdir. Həmçinin, icra məmuru tərəfindən borclunun mülkiyyətində olan daşınmaz əmlaklar müəyyən edilməmişdir. Əgər bunlar həyata keçirilsəydi, borclunun borcundan müəyyən ödənişlər edilməsi mümkün olardı. Borclunun indiyə qədər ödəniş etməməsinin səbəbi isə 2022-2024-cü illər arasında tərəflər arasında çəkişməli məhkəmə proseslərinin davam etməsi olmuşdur. Yekun məhkəmə aktı 2025-ci ildə çıxarılmış və ondan sonra icraata başlanılmışdır. Borclu icra sənədinin icrasından yayınmır və qərəzli şəkildə boyun qaçırmır. Məhkəmədən borcluya 4000 manat pulu ödəməsi üçün şərait yaradılmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-330/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ümumilikdə 145000 manat borc məbləğini tələbkar X4 üzrsüz səbəbdən ödəməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı - 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı X4 ödənilsin. “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün birgə nikah dövründə ödənilmiş pul vəsaitinin yarısı - 25.000 (iyirmi beş min) manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı X4 ödənilsin. Birgə nikah dövründə əldə olunmuş, “CHEVROLET CRUZE” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində bərabər olmaqla 1/2 hissədə X2, 1/2 hissədə Şəxs payları müəyyən olunsun. Cavabdeh Şəxs 75 (yetmiş beş) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq iddiaçı X4 ödənilsin. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-330/2023 saylı nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlə borcluya icra sənədi üzrə tələbi 10 gün ərzində könüllü icra etməyi xahiş olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi üzrə tələbi hal-hazırda ödəyə bilmir. 20 gün ərzində 10000 manat ödəyəcək. Borcunun əmək haqqına yönəldilməsinə etirazı yoxdur. İcra sənədi üzrə bu günədək heç bir ödəniş etməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, icra sənədi üzrə qeyd olunan məbləğlərdən hər hansı pul vəsaiti ona hal-hazırda ödənilməmişdir. Borc məbləğini tam şəkildə tələb edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-330/2023 saylı nömrəli icra sənədi üzrə Şəxs mülkiyyətində “CHEVROLET CRUZE” **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, borclu ünvan 4 ünvanında yaşamadığı və istifadəsində olan ***-***-**-** nömrə ilə əlaqə saxlanılsa da, çağırışlara gəlməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-330/2023 saylı nömrəli icra sənədi üzrə borclunun yaşayış yeri məlum olmadığından axtarış barədə qərarı icra olunması üçün Sumqayıt ŞPİ-yə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan telefonoqramdan görünür ki, icra məmuru istifadəsində olan mobil telefon nömrəsi ilə Şəxs məxsus ***-***-**-** mobil telefonuna zəng etmiş və sonuncu bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlməyi öhdəsinə götürsə də, lakin idarəyə yaxınlaşmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli telefonoqramdan görünür ki, icra məmuru istifadəsində olan mobil telefon nömrəsi ilə Şəxs məxsus ***-***-**-** mobil telefonuna zəng etmiş, lakin o dəstəyi götürmədən zənglərə cavab verməmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, bu günədək icra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi pul vəsaitini toplamağı olmuşdur. Borcunun əmək haqqına yönəldilməsini bildirmişdir. Hal-hazırda 4000 manat ödəməyə hazırdır. Qalan borcunu hissə-hissə ödəyəcək. İcra məmurunun çağırışlarına işi ilə bağlı gələ bilmədiyini qeyd etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixində borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilməsinə baxmayaraq protokol tərtib edildiyi tarixə, yəni xx.xx.2025-ci tarixinədək icra sənədini icra etməmişdir. Barəsində icraat aparılan şəxsin icra sənədinin əməkhaqqısına yönəldilməsinə hazır olması, borcu hissə-hissə ödənilməsini təklif etməsi, ümumi borcun 2-3%-ni təşkil edən 4000 manatı tələbkara ödəyə bilməsi onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Bundan başqa məhkəmə qeyd edir ki, borc məbləği 145000 manat, yəni kifayət qədər yüksək məbləğdə olsa da, burada bir sıra nəzərə alınmalı hallar mövcuddur. Belə ki, icra sənədinin məzmununda Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı olan 120000 manat məbləğ Şəxs alınaraq Gülnarə Ağayevaya ödənilməlisi qeyd edilmişdir. Hazırkı müddətdə borclunun həmin yaşayış evini tərk edərək tələbkarın istifadəsinə verməsi icra sənədini icra etmək hesab edilməsə də, məhkəmə bu halı Şəxs təqsirinin dərəcəsinə müsbət təsir edən xüsusat kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən borclunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 tə məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar