Məhkəmə qərarları › İş №3(060)-2657/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2657/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2657/2024 18.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı Taleh Şahhüseynovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 5-cü PB tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2024-cü il tarixdə günorta saatlarında məhkəmənin inzibati binasında yüksək səslə danışıb dəhlizdə səs-küy salaraq xırda xuliqanlıq etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN 2016061№-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda həmin PB tərəfindən Şəxs barəsində onun xx.xx.2024-cü il tarixdə günorta saatlarında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında səs-küy salan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbindən İXM-nin 535.1ci maddəsi ilə həmin tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sumqayıt ŞPİ-nin 5-cü PB tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2657/2024 saylı qərardadı ilə Şəxs barəsində İXM-nin 510 və 535-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2657/2024 və 3(060)-2658/2024 №-li işlər bir icraatda 3(060)-2657/2024 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs 5-ci PB-nin polis sahə rəisi, polis leytenantı Taleh Şahhüseynov tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü barəsində tərtib edilmiş hər iki protokol üzrə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində qardaşı Rüstəm Əsgərovun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə iclasında iştirak edən zaman şahid qismində məhkəməyə dəvət olunmuş şəxs qardaşı haqqında böhtan xarakterli ifadələr işlətdiyi üçün dözə bilməyib Məhkəmə Kompleksindən çölə çıxıb valideynlərini gözləmiş, valideyni şahid qismində ifadə verən şəxsə niyə belə ifadələr işlətdiyini bildirdikdə o, onun valideynləri ilə kobud danışmış və o, da buna etiraz olaraq onun üzərinə gələrək ona təpik atmış, lakin polis əməkdaşları onu saxladıqları üçün təpik həmin şəxsə dəyməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt şəhər Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Məhkəmə Kompleksində xidmətdə olan zaman 5-ci iclas zalının qarşısından səs-küy gədiyini və bir neçə xanımın məhkəməyə şahid qismində dəvət olunmuş polis əməkdaşının üzərinə getdiyini görmüş, bu zaman onların yanına yaxınlaşmış, orada olan bir şəxs nalayiq ifadələr işlətməyə başlamış, onu nizam intizama dəvət etsələr də, o onların qanuni tələblərinə tabe olmayaraq şahid qismində dəvət olunmuş polis əməkdaşına təpik atmışdır. Bundan dərhal sonra 5-ci PB-nə məlumat vermiş və polis əməkdaşları gələrək həmin şəxsi bölməyə aparmışlar. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt şəhər Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Hacıbala Əliyev də Şahid izahatına oxşar izahat vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, baş vermiş hadisə ilə əlaqədar 5-ci PB-nin rəisinə müraciət etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 5-ci PB-nin əməkdaşı İ.Tahirov həmin Bölmənin rəisi Elmar Quliyevə Sumqayıt şəhər məhkəmə kompleksində baş vermiş hadisə ilə bağlı raportla müraciət etmişdir. Şəxs 18 oktyabr 2024-cü il tarixli izahatında onun həqiqətən həmin hərəkətləri etdiyi qeyd edilmişdir. “İnzibati qaydada tutma haqqında” 18 oktyabr 2024-cü i tarixi protokoldan görünür ki, Şəxs 18 oktyabr 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında 1 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 1 nəfər ortaboylu şəxs məhkəmə iclas zalından çıxır, bu zaman bir neçə nəfər qadın onun üzərinə hərəkət edərək onu tutmağa çalışır, ona qarşı əl qol hərəkətləi edirlər, bu zaman baş verənləri görən 1 nəfər kişi cinsindən olan şəxs məhkəmə iclas zalından çıxan və qadınların tutmaq istədiyi həmin şəxsə doğru qaçaraq ona atılaraq təpik atır, mühafizə xidmətinin əməkdaşları həmin şəxsi sakitləşdirməyə çalışırlar və həmin şəxsin qolarından tuturlar, zərərçəkmiş şəxsi isə oradan uzaqlaşdırırlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Sumqayıt Məhkəmə Kompleksində nalayiq ifadələr işlədərək, səs-küy salmış ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, onu sakitləşdirməyə, qanunun tələbinə riayət etməyə çağıran əməkdaşların tələblərinə qəsdən tabe olmamış, nəticədə inzibati xəta törətmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 5-ci PB-nin polis sahə rəisi, polis leytenantı Taleh Şahhüseynovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən normaları ilə inzibati xətann törədilməsində təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən peşman olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, Şəxsnin əməlindən peşman olmasını, məsuliyyətini yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, ona cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun islah olunması üçün kifayət deyildir, bu səbəbdən təqsirli bilindiyi maddələrin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:00-da tutulmuşdur. Odur ki, İnzibati həbsin əvvəli 18 oktyabr 2024-cü il tarixdən, saat 14.00-dan hesablanmalıdır. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklk 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsdə saxlama müddətinin əvvəli 18 oktyabr 2024-cü il tarixdən, saat 14:00-dan hesablansın Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar