Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2662/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 30 iyul 2021-ci il tarixli, ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC 21605,60 Avro məbləğində olan vəsaiti ödəniş tapşırığına əsasən bank hesabından 23.07.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 2 il müddət keçsə də, 21605,60 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta 24.07.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs QSC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin nümayəndəsi X2 malların Azərbaycan Respublikasına idxal olunmasını təsdiq edən gömrük bəyənnamələrini və digər sənədləri təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 27.08.2019-cu il tarixli **********1010 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs QSC Türkiyə Respublikasından beton tökmək üçün taxtabəndlər idxal etmişdir. İş materiallarında olan "xxxx" 200/200/0631/2021 saylı 25.08.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC Sumqayıt filialı tərəfindən Şəxs QSC və “Peri Kalıp və İskeleleri San ve Tic” şirkəti ilə bağlanmış 404 saylı 18.07.2019-cu il tarixli müqavilə üzrə 23.07.2019-cu il tarixdə 21605,60 EUR, 19.08.2019-cu il tarixdə 21000 EUR vəsait köçürülmüşdür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 30 iyul 2021-ci il tarixli, ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs QSC 21605,60 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 23.07.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 21605,60 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Ancaq işə baxılan vaxt məhkəməyə Şəxs QSC-nin nümayəndəsinin təqdim etdiyi sənədlərlə təsdiq olunur ki, 23.07.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş vəsaitin hesabına alınan mallar ölkəyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik 28.02.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Şəxs QSC tərəfindən məhkəməyə təqdim edilmiş 27.08.2019-cu il tarixli gömrük bəyənnaməsindən və digər sənədlərdən görünür ki, Şəxs QSC tərəfindən “Peri Kalıp və İskeleleri San ve Tic” şirkətinə ödənilmiş pul vəsaitinin əvəzinə mallar alınmış, respublikaya daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən inzibati xəta törədilməsi təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikasından kənara ödənilmiş pul vəsaitinin hesabına alınan mallar ölkəyə vaxtında daxil olmudur. Ona görə də, baxılan iş üzrə həm inzibati xəta hadisəsi olmadığına, həm də Şəxs QSC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2662/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2662/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver