Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2663/2024 05.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 09 oktyabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında “Mercedes” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, S.Vurğun küçəsində YPX əməkdaşları tərəfindən saxlanılmış və onu alkotestrlə müayinə etmişlər. Müayindən sonra onun spirtli içki qəbul etdiyini bildirmişlər. Lakin, o spirtli içki qəbul etmədiyini bildirmiş və alkotestrin nəticəsinə etiraz etmişdir. Belə ki, o həmin vaxt ümumiyyətlə içki qəbul etməmişdir. O, xx.xx.2024-cü il tarixdə iki bakal pivə içmişdir. Həmin vaxta kimi isə artıq bir gündən artıq müddət keçmiş, səhəri iki gün olacaqdı. O, yerində müayinə ilə razılaşmayaraq həkim müayinəsi tələb etsə də, ona məhəl qoymamışlar və avtomobilini cərimə meydançasına yerləşdirmişlər. O, hadisə yerindən birbaşa Narkoloji dispanserə müraciət etmiş və onu dispanserdə müayinə etmişlər. Müayinə nəticəsində onun alkoqol sərxoşluğu vəziyyətinin olmadığı müəyyən edilmişdir. Bu barədə müvafiq protokol da mövcuddur. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X1 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izhatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi olmadığı üçün Şəxs barəsindən Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 09 oktyabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə saat 01:20 radələrində Şəxs “Mercedes” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, S.Vurğun küçəsində idarə edərkən yol hərəkət qaydalarını pozduğuna görə saxlanılmış, daha sonra zamanı sürücünün spirtli içki içdiyi müəyyən edilmişdir. Həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolla razı olmasını təsdiq edən qeydlər yoxdur. İş materiallarına əlavə edilmiş alkotestr nəticəsindən görünür ki, 09 oktyabr 2024-cü il tarixdə saat 01:17-də Şəxs 10,1 promilli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə A/2503 saylı, xx.xx.2024-cü il tarixli akta əsasən müayinə edilən vaxt yəni xx.xx.2024-cü il tarixdə saat 01:55-də Şəxs alkoqol sərxşluğu vəziyyətində olmamışdır. Məhkəmə qeyd edir ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı xüsusi texniki vasətin nəticəsi iş üzrə şəxsin təqsirliliyini sübut edən yetərli sübut hesab edilə bilməz. Belə ki, protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin vaxt xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə sürücünün inzibati xəta haqqında protokolla tanış olmaqdan imtina etməsi və izahat verməməsi onun xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmadığını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. İndiki halda şəxsin sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsi ilə bağlı xüsusi texniki vasitə ilə aparılan müayinənin nəticəsi ilə razılaşmasını təsdiq edən sübut yoxdur. Həmçinin iş materiallarında hadisədən 25 dəqiqə sonra sürücünü ayıq olması, onun alkoqol sərxoşluğu vəziyyətində olmaması barədə tibbi müayinə protokolu mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta hadisəsi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2663/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2663/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver