Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2664/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hüquq şöbəsinin böyük məsləhətçisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7nin tibbi nəzarət şöbəsi tərəfindən hüquqi ünvanı ünvan 1iyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 16 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 16 oktyabr 2025-ci il tarixdə, saat 14:00-da ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız stomatoloji iş və fəaliyyətlə, özəl praktiki-tibbi fəaliyyətlə məşğul olma faktı aşkarlanmışdır. (X8) Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hüquq şöbəsinin böyük məsləhətçisi X10 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə planlı yoxlama ilə bağlı bildiriş hüquqi şəxsin ünvanına göndərilmiş və daha sonra yoxlama aparılmışdır. Planlı yoxlama zamanı X2 stomatoloji iş və fəaliyyətlə, özəl praktikitibbi fəaliyyətlə məşğul olması faktı aşkarlanmış və müvafiq sənədlər götürüldükdən sonra protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində də qeyd olunmuşdur ki, tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur. İxtisasın verilməsi dedikdə ali təhsil haqqında diplomun verilməsi tarixi nəzərdə tutulur. Qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2709 nömrəli şəhadətnaməsi əsasında X6 xx.xx.2020-ci il tarixdə şəhadətnamə verilmişdir. Şəhadətnamənin müddəti xx.xx.2025-ci il tarixədək etibarlıdır və yoxlama həyata keçirilən zaman şəxsin 5 ili tamam olmamışdır. Həmçinin, xx.xx.2025-ci il tarixdən sertifikasiya ilə bağlı kursa göndərilmişdir və bu barədə Səhiyyə Nazirliyi tərəfindən müvafiq əmr verilmişdir. O, Əmək Məcəlləsində elmi-ixtisas dərəcəsi deyəndə nə nəzərdə tutulmasının konkret olaraq qeyd edilmədiyini, X6 Azərbaycan Respublikasında tibbi fəaliyyətlə məşğul olma haqqında şəhadətnamə xx.xx.2020-ci il tarixdə verildiyindən beş illik müddət həmin tarixdən hesablanmalıdır. Bundan başqa, bildirmişdir ki, onların işlədiyi digər klinika ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə daha əvvəl məhkəmədə işə baxılmış və iş üzrə icraata xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlər ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7nin tibbi nəzarət şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 16 oktyabr 2025-ci il tarixdə, saat 14:00-da ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız stomatoloji iş və fəaliyyətlə, özəl praktiki-tibbi fəaliyyətlə məşğul olma faktı aşkarlanmışdır. Bununla da "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7nin T-375 nömrəli özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, müəssisədə ixtisas növləri üzrə lisenziyada olan “kosmetoloji”, “USM”, “klinik” və “klinik-biokimyəvi” işlər görülməmiş, sahə üzrə ixtisaslı mütəxəssis yoxdur. Mövcud olan avadanlıqlar keçmişdə "xxxx" işlərə ayrılmış otaqlarda yığılmışdır. Müəssisədə “Ambulator pasiyentlərin qeydiyyat kitabında müvafiq düzəlişlərin aparılması müəyyən edilmişdir. “Rentgenoloji” iş üzrə qeydiyyatları natamam icra olunmuşdur. Görülən işlər üzrə tibbi statistik hesabatı natamamdır. 30 saylı forma üzrə “Rentgenoloji” və “Stamotoloji” kabinetlərin fəaliyyəti haqqında əlavələr yoxlamaya təqdim edilməmişdir. “Dezinfeksiyaedici işçi məhlulun hazırlanmasına”, “Avtoklan cihazının iş prinsipinə uyğun işləməsinə, “sterilizasiya” proseslərin ardıcılıqla aparılmasına” dair təlimatlar tərtib edilməmişdir. Müəssisədə sertifikasiya şəhadətnaməsindən keçmədən özəl tibbi praktiki fəaliyyəti ilə məşğul olma faktı aşkar edilmişdir. (həkim stomotoloq X8) Səhiyyə Nazirliyi “X7” Publik hüquqi şəxsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-28-1/3- 2-1136/2025 nömrəli qərarına əsasən "xxxx" MMC-də planlı yoxlamanın aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2025-ci il tarixli KY252383442 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMCdə plan üzrə yoxlama aparılması reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə xx.xx.2020-ci il tarixli, 2709 nömrəli şəhadətnamədən görünür ki, X8 baza ali tibb təhsili “Stomatologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qeydiyyat nömrəsi 023102 olan şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Kırıkkale Universiteti tərəfindən verilmiş ********** nömrəli ali təhsil haqqında diplom Azərbaycan Respublikasında 070104- Stomatologiya, həkim stomatoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir). xx.xx.2022-ci il tarixli İN/L-169/2022 nömrəli lisenziyanın surətindən görünür ki, "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyətinə ünvan 2 ünvanında özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. X4 əmək müqaviləsindən çıxarışdan görünür ki, o, AQS DENTAL-CENTER" MMC-də həkim stomatoloq vəzifəsində işləyir. Protokola əlavə edilmiş "xxxx" MMC-də ambulator pasiyentlərin qeydiyyat kitabından görünür ki, xx.xx.2025-ci il tarixdə Mansur Baxşəliyev tərəfindən pasiyent qəbulu aparılmışdır. İş materiallarında olan digər sənədlər ilə də (izahatlar, aktlar və digər sənədlər) X1 keçməməsi və "xxxx" MMC-də sertifikasiyadan keçmədən tibbi praktiki fəaliyyətə cəlb edilməsi müəyyən edilir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi protokola etiraz edərək X6 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərəfindən tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamənin xx.xx.2020-ci il tarixdə verildiyi üçün, beş illik müddətin həmin tarixdən hesablandığını bildirmişdir. Məhkəmə həmin dəlilə münasibətdə qeyd edir ki, M.Baxşəliyevə Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamənin verilməsi onu qanunvericiliyə müvafiq olaraq təhsil haqqında diplomun verildiyi tarixdən (xx.xx.2020-ci il tarixdən) 5 ildə bir dəfə sertifikasiyadan keçmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü bəndinə əsasən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun təhsil pillələri və səviyyələrini müəyyən edən 17.1.5-ci maddəsinə əsasən ali təhsil - bakalavriat (əsas (baza ali) tibb təhsili); magistratura (rezidentura) və doktorantura (adyunktura) səviyyəsindən ibarətdir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasə təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla) yekun attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Həmin Qaydaların 1.4-cü bəndinə uyğun olaraq ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2664/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2664/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver