Məhkəmə qərarları › İş №3(060)-2665/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2665/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2665/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X3 oğlunun iştirakı ilə, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisi, polis polkovnik-leytenantı X2 tərəfindən tərtib olunmuş 19.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 oğlunun tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 oğlu şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisi, polis polkovnikleytenantı X2 tərəfindən tərtib olunmuş 19.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 oğlu şikayəti onunla əsaslandırdı ki, atası - 20.06.1964-cü ildə Şamaxı rayonunda anadan olmuş Abdullayev Əhlixan Ömür oğlu ünvan 1 ünvanda 17 iyul 2021-ci ildə dünyasını dəyişmiş və həmin gün «Sumqayıt Hospital» klinikasının X5 Briqadası çağırışa gələrək meyidi müayinə etmiş və onda bioloji ölüm aşkar etmişlər. Abdullayev Əhlixan miokard infarkt, ağciyər ödəmi xəstəliyinlən əziyyət çəkirdi və həmin gün doğulduğu Şamaxı rayonu Həmyəli kənd Qəbirstanlığında dəfn edilmişdir. Abdullayev Əhlixanın ölüm xəbərini eşidən ən yaxın qohumları - bacı-qardaşları bu xəbəri eşidəndən sonra yaşadıqları ünvana gəlmiş və bir neçə gün qonaq kimi həmin evdə qalmışlar. 19.07.2021-ci ildə isə sahə rəisi gələrək evdə təxminən 20 nəfərə yaxın qohumların olduğunu görüb bunu Abdullayev İlkin tərəfdən «məclis» təşkil edilməsi kimi qəbul edərək protokol tərtib etmişdir. Halbuki o, həmin vaxt məclis təşkil etmədiyini, gələnlərin də atasının doğmaları olduğunu sahə rəisinə bildirmişdir. Onu da qeyd edim ki,gələn qohumlar evin həyətində olmuş və qapalı yerə toplaşmamışdılar. Lakin buna baxmayaraq sahə rəisi protokol tərtib etdi və o da atasının vəfatından dərin kədər içində olduğu üçün onun təqdim etdiyi sənədi imzalamışdır. Lakin onun telefonuna gələn SMS məlumatdan ona belə aydın oldu ki, MN №1137714 saylı 19.07.2021-ci il tarixli protokol əsasında ona 400 manat cərimə də təyin edilmişdir. Bütün bunları nəzərə alaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisi, polis polkovnik-leytenantı X2 tərəfindən tərtib olunmuş 19.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv etməklə barəsində olan inzibati icraata xitam verilməsi və cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasının Sumqayıt şəhər X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan 76951 №-li vəsiqədən müəyyən olunur ki, X3 oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X1 Sumqayıt şəhər şöbəsində üzv kimi qeydiyyatdadır. Beləliklə, məhkəmə iş üzrə materialları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən, eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini və Azərbaycan Vətən Müharibəsi X1 Sumqayıt şəhər şöbəsinin üzvü olmasını nəzərə alaraq barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 oğlunun şikayəti təmin olunmalı, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisi, polis polkovnik-leytenantı X2 tərəfindən tərtib olunmuş 19.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 oğlu barəsində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisi, polis polkovnik-leytenantı X2 tərəfindən tərtib olunmuş 19.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.0.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar