Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2667/2025 28.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP7567182 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP7567182 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə “Ford Transit 100 L yük” markalı, 50CF547 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol polisi əməkdaşı ona saxla əmri vermişdir. O, avtomobili saxlamış və polis əməkdaşı ona dönmə işığından istifadə etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. O, polis əməkdaşına öz etirazını bildirmiş və o, hər hansı bir dönmə əməliyyatı icra etmədiyi üçün dönmə işığını yandırmadığını bildirmişdir. Yol polis əməkdaşı fikrində qəti oldu. O, yenidən polis əməkdaşına etiraz etmişdir. Lakin, buna baxmayaraq polis əməkdaşı tərəfindən barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7567182 nömrəli qərar qəbul edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, hər hansı manevr qaydalarını pozmamışdır. Dövlət orqanı işi ətraflı araşdırmamış və işin faktiki hallarını nəzərə almamışdır. Bu isə onun barəsində qanunsuz və əsassız inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayətçi və qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP7567182 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP7567182 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Ford Transit 100 L yük” markalı, 50CF547 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2025-ci il tarixdə saat 12:46-da Bakı-Quba-Rusiya yolunun 28-ci kilometrliyində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu üçün X2 Azərbaycan Respublikası İXM-in 327.1-cü maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın təqdim etdiyi video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, “Ford Transit 100 L yük” markalı, 50CF547 dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba-Rusiya yolunun 28-ci kilometrliyində baş yolda hərəkət edərək (onun hərəkət istiqamətində 2.1 “baş yol” nişanı mövcuddur) digər yola çıxarkən (digər yolda hərəkət edən avtomobillər üçün isə yolun kəsişmı yerinin qarşısında 2.4 “yol verin” nişanı mövuddur) YPX avtomobili tərəfindən saxlanılır. Beləliklə də məhkəmə araşdırması zamanı mübahisələndirilən inzibati tənbeh verəmə qərarı üzrə “Ford Transit 100 L yük” markalı, 50CF547 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun heç bir tələbinin pozulmadığı və hər hansı inzibati xətaya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP7567182 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP7567182 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2667/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2667/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver