Məhkəmə qərarları › İş №3(060)-2672/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2672/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2672/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə X6 Monitorinq İdarəsi tərəfindən Şəxs MMC-nin tullantı sularının “Acı Dərə” kanalının çıxışından götürülmüş su nümunələri tərkibindəki zərərverici, baktereoloji mikrobların miqdarının yol verilən norma həddindən artıq olduğu müəyyən olunduğuna görə Şəxs MMC barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 21 avqust 2023-cü il tarixli məktub ünvanlanaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıt şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, əhalini narahat edən sosial və ekoloji problemlər həll olunur, xüsusilə Sumqayıt şəhərinin daxili hissəsindən keçən və birbaşa Xəzər dənizinə axıdılan "Acı Dərə” kanalının axarının boruya alınması işləri mərhələli şəkildə həyata keçirilməkdədir. Bununla yanaşı "Acı Dərə" kanalı ətrafında yaşayan əhali, eləcə də müxtəlif illərdə yaranmış çoxsaylı istehsal və xidmət sahələri tərəfindən ərazilərində formalaşan məişət çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması nəticəsində uzunluğu 5 km-dən artıq olan Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu hissələrdə davamlı surətdə kəskin iy və qoxu, güclü antisanitariya yaranmaqla ekoloji tarazlıq pozulur. Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə daimi yaşayan və isti yay günlərində istirahət üçün ora gələn əhali tərəfindən müntəzəm olaraq ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı təsirli tədbirlər görülməsi məqsədilə Şəhər İcra Hakimiyyətinə və s. digər qurumlara çoxsaylı müraciətlər olunur. Qeyd edilənləri nəzərə alaraq, Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə mövcud olan ekoloji durumun yaxşılaşdırılması məqsədilə “Acı Dərə” kanalının birbaşa təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülməsi üçün müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. Bundan sonra AR ETSN 4 saylı RETSİ tərəfindən Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə mövcud olan bir sıra obyektlərdə yoxlamalar həyata keçirilmiş, yoxlama aparılan müəssisələrdən biri də Şəxs MMC olmuşdur. X6 Monitorinq İdarəsinin və 4 X4 və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə 09 oktyabr 2023-cü il tarixdə Şəxs MMC-nintullantı sularının “Acı Dərə” kanalına çıxış hissəsindən su nümunəsi götürülmüş, kimyəvi təhlillərin aparılması üçün həmin su nümunəsi X6 Monitorinq İdarəsinin sifarişi əsasında 4 saylı RETSİ-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nə təqdim edilmiş, analizin nəticəsi "xxxx" MMC-nin baş kimyaçısı, baş bioloqu və keyfiyyət menecerinin də imzası ilə təsdiq etdiyi analizin nəticələrinə dair cədvəldə ək olunmuşdur. Həmin nəticələrdə komponentlərin miqdarı göstərilməklə su nümunəsinin kəskin zəhərli olması müəyyən edilmişdir. Bundan sonra 4 saylı RETSİ-nin əməkdaşları Şəxs MMC-nin fəaliyyət göstərdiyi ünvana yaxınlaşmış, orada onları MMC-nin SƏTƏM şöbəsinin rəisi vəzifəsində çalışan Şahid qarşılamış, ona akt, analizin nəticələri, hüquq və vəzifələri izah edilmiş, protokolun bir nüsxəsi ona təqdim olunsa da qəbul etməmiş, protokola imzalamaqdan imtina etmişdir. Su nümunəsi götürülməsi barədə 09 oktyabr 2023-cü il tarixli, 645 saylı akt X6 Monitorinq İdarəsinin iki əməkdaşı və 4 saylı RETSİ-nin 1 əməkdaşının iştirakı ilə tərtib edilmişdir. Aktda Şəxs MMC-nin tullantı sularının “Acı Dərə” kanalına çıxış hissəsindən su nümunəsi götürüldüyü göstərilmişdir. Həmin akt XKEMİ-nin əməkdaşları Qabil Məsmalıyev, Rüstəm Əsgərov və 4 saylı RETSİ-nin əməkdaşı Asəf Bayramov tərəfindən imzalanmışdır. 31 oktyabr 2023-cü il tarixdə Sumqayıt inzibati ərazisindən dənizə tökülən “Acıdərə” kanalının ekoloji vəziyyəti haqqında informasiya bülleteni paylaşılmış, bülletendə hazırki protokol üzrə öz əksini tapan və Şəxs MMC tərəfindən törədilən inzibati xəta barəsində məlumat verilmişdir. Həmin bülletendə eyni zamanda tullantı sularının nümunəsi götürülmüş quyunun fotoşəkili öz əksini tapmışdır. Hesab edir ki, tərtib edilmiş protokol qanuni və əsaslıdır. Taleh Əzizov məhkəmə iclasında məhkəmənin verdiyi suala cavab olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixli su nümunəsinin götürülməsi barədə aktda barəsində protokol tərtib edilmiş hüquqi şəxsin işçisinin, o cümlədən nümayəndəsinin hər hansı imzası yoxdursa deməli onlar su nümunəsinin götürülməsi hərəkətlərində iştirak etməmişdir. Qeyd olunanların nəzərə alınmasını Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərtib edilmiş protokol üzrə özlərini təqsirli bilməyərək bildirdi ki, "xxxx" MMC barasində 4 X4 ve Təbii Sərvətlər idarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə tərtib edilmiş, 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokolu əsassızdır və protokolda göstərilənlər həqiqəti əks etdirmir və hüquqi əsası yoxdur. İlk öncə bildirir ki, xx.xx.2023-cü il tarixində XKEMİ-nin və 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "xxxx" MMC-nin tullantı sularının "Acı Dərə" kanalına çıxışından su nümunəsi (tullantı suları) cəmiyyətə heç bir məlumat verilmədən, cəmiyyətin əməkdaşlarının iştirakı olmadan, qanuna zidd olaraq mənsubiyyəti onlara məlum olmayan quyudan götürülərək yoxlama aparılmışdır. Hesab edir ki, 4 saylı RETSİ və X6 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 09 oktyabr 2023-cü il tarixli, 645 saylı akt tərtib edilərkən onlara aid olmayan quyudan su nümunəsi götürülmüş, onların rəhbərliyi məlumatlandırılmamışdır. Göründüyü kimi həmin aktda cəmiyyətin hər hansı əməkdaşının imzası belə yoxdur. Bildirir ki, nümunə götürülmüş su quyusunun Şəxs MMC ilə heç bir əlaqəsi yoxdur. Həmin quyuya ətrafda fəaliyyət göstərən müxtəlif şirkətlərin həmçinin yaşayış binalarının tullantı suları axıdılır. Şəxs MMC-də mövcud olan tullantı sularının axıdılması üçün MMC-dən təxminən 250 metr aralıda quyu vardır. Əlavə olaraq bildirir ki, MMC ilə "xxxx" arasında tullantı sularının təmizlənməsi barədə müqavilə var, həmin müqavilənin tələblərinə əsasən "xxxx" ASC-nin nümayəndələri tərəfindən tullantı sularının norması mütəmadi olaraq yoxlamadan keçirilir və indiyədək heç bir problem yaranmamışdır. 31 oktyabr 2023-cü il tarixdə dərc edilmiş Sumqayıt inzibati ərazisindən dənizə tökülən “Acı Dərə” kanalının ekoloji vəziyyəti haqıqında informasiya bülletenində Şəxs MMC-ə aid olduğu göstərilmiş su quyusunun əslində təmsil etdiyi şirkətə heç bir aidiyyatı yoxdur. Hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol qanunsuz və əsasdır. Bu məzmunda etirazı məhkəyə təqdim edir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir Məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid bildirdi ki, Şəxs MMC-də SƏTƏM şöbəsinin rəisi vəzifəsinə çalışır. Təxminən noyabr ayının əvvələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin və X6 Monitorinq İdarəsinin əməkdaşları MMC-ə gələrək Şəxs MMC-də yaranmış tullantı sularının axıdıldığı quyudan nümunə götürdüklərini, nəticələrlə bağlı "xxxx" MMC-dən müvafiq rəy əldə etdiklərini bildirərək ona müvafiq akta imza atmalı olduğu bildirilmişdir. O, buna etiraz etdikdən sonra yoxlayıcılarla birlikdə onların nümunə götürdükləri kanalizasiya quyusuna yaxınlaşmış, ona idarənin əməkdaşları tərəfindən nümunə götürülən quyu göstərildikdə, o, həmin quyunun Şəxs MMC-yə aid olmadığını, ətrafda olan şirkət və yaşayış məntəqələrənin tullantı suları da həmin quyuya axıdıldığını bildirmiş lakin həmin şəxslər buna məhəl qoymamışlar. Şahid izahatında eyni zamanda bildirdi ki, həmin vaxt tərəfindən yoxlayıcılara yalnız özünün və ya Şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə qanunla müəyyən edilmiş qaydada şirkətlərinə məxsusluğu dəqiqləşdirilmiş quyudan su nümunəsi götürüləcəyi halda tərtib ediləcək akta imza atacaqdır. Buna baxmayaraq yoxlayıcılar artıq nümunənin götürüldüyünü müvafiq laboratoriyadan keçirildiyini və rəyin əldə edildiyini bildirmişdir. Qeyd edir ki, məhz bu səbəbdən sonradan təqdim edilmiş sənədi qəbul etməkdən imtina etmişdir. Həmin vaxt İdarənin əməkdaşları götürülmüş su nümunəsinin kəskin zəhərli olması faktı aşkar edildiyini ona bildirmişlər. O, bir daha nümunə götürülən quyunun Şəxs MMC-ə aid olmadığını, nümunənin hansı şəraitdə və qaydada götürülməsinin onlara məlum olmadığını gələn yoxlayıcıların diqqətinə çatdırdığını məhkəmədə bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş:. 09 oktyabr 2023-cü il tarixli, 645 saylı nümunə aktından görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi qəbirstanlığın yaxınlığında yerləşən Şəxs MMC-nin Acı Dərə kanalına çıxış hissəsindən su nümunəsi götürülmüşdür. Həmin akt X6 Monitorinq İdarəsinin əməkdaşları Qabil Məsmalıyev, Rüstəm Əsgərov və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Asəf Bayramov tərəfindən imzalanmış, müəssisənin nümayəndəsi bölməsində kimsə tərəfindən imzalanmamışdır. "xxxx" MMC tərəfindən təqdim edilən “Arayış”dan görünür ki, Şəxs MMC-nin tullantı sularının “Acı Dərə” kanalına çıxışından götürülmüş su nümunəsinin kimyəvi tərkibinin müəyyən edilməsinə dair cədvəldə su nümunəsinin kəskin zəhərli olması faktı aşkar edildiyi qeyd olunmuşdur. 31 oktyabr 2023-cü il tarixdə Sumqayıt inzibati ərazisindən dənizə tökülən “Acıdərə” kanalının ekoloji vəziyyəti haqıqında informasiya bülleteni paylaşılmış, bülletendə hazırkı protokol üzrə öz əksini tapan inzibati xətadan bəhs olunmuşdur. 03 noyabr 2023-cü il tarixli, 82669 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən Şəxs MMC-də yoxlama keçirilmişdir. Bu barədə fotoşəkillər çəkilərək, iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X1 tərəfindən MN ******* saylı, xx.xx.2023-cü tarixli protokol tərtib edilmiş, protokolun Qeyd hissəsində Şəxs MMC-nin nümayəndəsi Şahid araşdırmada iştirak etsə də aktda imza etməkdən imtina etmişdir məzmununda qeyd aparılmışdır. Beləliklə, məhkəmə işin hallarını, protokol tərtib etmiş orqanın nümayəndəsini, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsini və şahidi dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığna görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması kimi hərəkətlərə yol verildiyi halda məsuliyyət yarana bilərdi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi əsası kimi çıxış edir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.1-ci maddəsinə görə inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. Həmin Məcəllənin 94.6-cı maddəsinə görə əşyaların və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, əşyaları və ya sənədləri götürülən şəxs, habelə hal şahidləri tərəfindən imzalanır. Əşyaları və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 94.7-ci maddəsinə görə protokolun surəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə təqdim edilir. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. İş materiallarda olan 09 oktybar 2023-cü il tarixli, 645 saylı nümunə aktından görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, qəbirstanlığın yaxınlığında yerləşən Şəxs MMCnin “Acı Dərə” kanalına çıxış hissəsindən su nümunəsi götürülmüş, bu barədə sözügedən akt tərtib edilmiş, götürmə zamanı nə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin nə də qanunda qeyd edildiyi kimi hal şahidinin iştirakı təmin edilməmiş və həmin akt yalnız inzibati orqanın əməkdaşları-X6 Monitorinq İdarəsinin əməkdaşları Qabil Məsmalıyev, Rüstəm Əsgərov və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Asəf Bayramov tərəfindən imzalanmışdır. Bundan başqa inzibati xətalar qanunvericiliyin tələblərinə əsasən götürmə aparılması barədə protokolun (hazırkı iş üzrə akt) surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməli olduğu halda, ümumiyyətlə götürmə aparılan zaman Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, yalnız götürmə aparıldıqdan sonra təxminən 24 gün sonra Şəxs MMC-nin əməkdaşlarına bu barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.8-ci maddəsinə görə götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. İndiki halda götürmə aparılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakının təmin edilməməsi, həqiqətən də su nümunəsinin qeyd edilən ünvandan götürülüb-götürülməməsini, götürülüyü təqdirdə həmin nümunənin hansı şəkildə və haradan götürülməsi, habelə qablaşdırılıbqablaşdırılmaması, götürüldüyü şəkildə tədqiqat üçün təqdim edilib-edilməməsi kimi halları şübhə altına salır. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə iclasında iştirak edən 4 saylı RETSİ-nin nümayəndəsi izahatında əgər aktda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin imzası və ya imza etməkdən imtina etməsi barədə yazı qeydi yoxdursa onun həmin vaxt su nümunəsinin götürülməsi prosesində iştirak etmədiyi anlamına gəldiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilməsi üçün irəli sürülmüş dəlillər qanuna zidd olaraq əldə edildiyindən, onlar mötəbər sübut kimi qəbul edilməməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar