Məhkəmə qərarları › İş №3(060)-2674/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2674/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2674/2025 20.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin polis sahə rəisi Ramil Hüseynovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, X2 qəsəbəsi, Azadlıq küçəsi, ev 13 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi Ramil Hüseynov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 19 oktyabr 2025-ci il tarixli, müvafiq olaraq MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində DYPŞ-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmçinin, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində DYPŞ-nin qarşısında xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi Ramil Hüseynov tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Şəxs dostu ilə bir yerdə hardasa yemək yeyəndən sonra dostunun avtomobili ilə evinə gələrkən DYPŞnin əməkdaşları tərəfindən saxlanılmışdır. Dostunun avtomobili yol polis əməkdaşları tərəfindən duracağa təqdim edilmişdir və bu zaman Şəxs videoçəkiliş aparılarkən ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşı dostunun avtomobilini sürüb duracağa apararkən ona avtomobildən düşməyini bildirmiş, o isə düşməyəcəyini bildirmişdir. Həmçinin, Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti müəyyən edilmişdir. O, yol polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunmuş, lakin polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Polis Bölməsinə dəvət olunmuş, lakin qarşı çıxdığı üçün PPX əməkdaşları tərəfindən 4-cü Polis Bölməsinə aparılmışdır və xx.xx.2025ci ildə inzibati qaydada tutulmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs dostunun avtomobilində sərnişin qismində gedirmiş. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, dostunun avtomobilində sərnişin qismində Yaşıl dərəyə digər dostunu götürmək üçün gedərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmışlar. Daha sonra dostunun avtomobili yol polis əməkdaşı tərəfindən duracağa təqdim edilərkən polis əməkdaşına avtomobili saxlamasını bildirmiş, lakin daha sonra avtomobildən düşməmişdir. Bundan sonra yol polis əməkdaşı ona videoya çəkmişdir. Bildirmişdir ki, yol polis əməkdaşlarına qarşı nalayiq və ya təhqiramiz ifadələr işlətməmişdir. Beləliklə, PPX əməkdaşları tərəfindən 4-cü Polis Bölməsinə aparılmışdır. Məhkəmədən azyaşlı 2 övladının və xəstə anasının olmasını nəzərə alaraq ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ-nin DYPŞ-nin polis baş serjantı X1 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Çerkassi küçəsində avtomobilin sürücüsünü saxlamış və spirt qoxusu gəldiyi üçün avtomobili duracağa aparırmış. Bu vaxt sərnişin qismində Şəxs də həmin avtomobildə olmuşdur. Şəxs onunla bərabər duracağa qədər getmiş, ona avtomobildən düşməsini bildirdikdə sonuncu düşməmişdir. Daha sonra videoçəkiliş aparılarkən Şəxs nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmayaraq onlar üçün problem yaratmışdır. Bundan sonra nizam-intizama dəvət olunmuş, lakin məhəl qoymadığı üçün Polis Bölməsinə aparılmaq təklif olunsa da, o mane olmuşdur. Buna görə də PPX əməkdaşları tərəfindən 4-cü PB-ə təqdim olunmuşdur. Bundan başqa R.Bədəlzadə verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobili bir neçə dəfə saxlatdırmış və düşməmiş, avtomobil hərəkətdə olarkən ayaqlarını çölə çıxarmış, avtomobilin aparılmaması üçün təkərinin altına qoymuşdur. Məhkəmə iclasında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Şəxs spirtli içki təsiri altında olmağını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 19 oktyabr 2025-ci il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində DYPŞ-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, etdiyi əməldən peşmandır. Həmin gün içkili olduğu üçün əsəbləşərək DYPŞ-nin əməkdaşlarına qarşı gəlmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli A/2376 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan CD diskdən görünür ki, YPX əməkdaşının xidməti fəaliyyəti xüsusi texniki vasitə ilə qeydə alınarkən Şəxs digər şəxsin yanında ona qarşı nalayiq ifadə işlədir. Avtomobili saxlatdırır, lakin avtomobildən düşməyərək avtomobilin cərimə meydançasına aparılmasına mane olmağa çalışır. İş materiallarında olan 19 oktyabr 2025-ci il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində DYPŞ-nin qarşısında xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 4-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Şəxs inzibati xəta hadisələrini törədən zaman sərxoş vəziyyətdə olması İXM-in 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 19 oktyabr 2025-ci il tarixindən saat 01.00-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 25 (iyirmi gün) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsdə saxlama müddətinin əvvəli 19 oktyabr 2025-ci il tarixindən saat 01.00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar