Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2676/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 böyük məsləhətçi-müfəttişi X2, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X8, nümayəndəsi və müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X3 tərəfindən “X4nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanı DNŞ-nin “AZƏRİKİMYA” İB-nin Etilen-Polietilen zavodunda ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 böyük məsləhətçi-müfəttiş X7 öz izahatında bildirmişdir ki, monitorinq keçirilən zaman çirkab su axıntısı aşkar edilmiş və nümunə götürülmüşdür. Götürülmüş nümunənin laboratoriya nəticələrində bəlli olmuşdur ki, tərkibindəki maddələr normadan artıqdır. Nümunə götürülən zaman tərəflərin iştirakı olmamış, yalnız özü olmuş və aktı tərtib etmişdir. Bundan başqa çirkab suların axıdılması ilə bağlı videoçəkiliş olduğunu bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə protokol tərtib edilməmişdən qabaq X11 ilə əlaqə saxlanılmış, lakin səhvlik nəticəsində onlara ünvanın dəyişməsi barədə məlumat verilməmiş və hüquqi şəxsin nümayəndəsi Xızı şəhərinə getmiş, protokol isə Mazasır qəsəbəsində tərtib edilmişdir. Bundan başqa, bildirmişdir ki, qeyd olunan suyun tərkibində maddələr normadan artıq olduğuna görə 5 mislinə vurularaq cərimə olunmuşdur. Hüquqi şəxsin suların təmizlənməsi ilə bağlı qurğusu olsa da, həmin qurğunun işlək vəziyyətdə olub-olmaması müəyyən deyil, belə ki, qurğu işləndikcə korroziyaya uğraya bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X11 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X7 ona şifahi qaydada sudan nümunə götürülməsi ilə bağlı müraciət etmişdir, lakin onlara rəsmi şəkildə “SOCAR”-a müraciət ünvanlamalı olduqlarını və nümunə götürülməsi üçün rəsmi sənədin olmasını bildirilmişdir. Həmçinin, qeyd etmişdir ki, zavodun 3 axarı vardır və onların bütün analizlərə dair nəticələri, icazələri mövcuddur. Bundan başqa, o, protokol tərtib edilərkən xx.xx.2025-ci il tarixdə saat 09:45-də qeyd olunan ünvana, yəni Xızı şəhərinə getmiş, ora getdikdən sonra isə məlum olunmuşdur ki, protokolun tərtib ediləcəyi ünvan Masazır qəsəbəsidir. Onlar Masazır qəsəbəsinə çatmamış protokol tərtib edilərək ünvanlarına göndərilmişdir. Beləliklə, protokol onların iştirakı olmadan birtərəfli şəkildə tərtib edilmişdir. Bundan başqa, suyun tərkibində olan maddələrin normaları ilə bağlı xüsusi icazələrinin olduğunu bildirmişdir. Hər hansı rəsmi sənəd olmadan və onların iştirakı olmadan sudan nümunənin götürülməsinin qanunsuz olduğunu bildirmişdir. Onlar tərəfindən axıdılmış suyun tərkibində PH miqdarı 6,5-8,5 aralığında O2 35, OBT isə 25-dir. Protokol tərtib edən şəxs tərəfindən təqdim edilən laboratoriya nəticələri onlara verilən icazədə göstərilən həddə olmuşdur. Zavod həmin xüsusi icazəyə üçün rüsum ödəyir. Sonuncu dəfə zavod tərəfindən 588 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunan suyun təmiz su olduğunu, kimyəvi müdaxilə olmadan soyudularaq 90 faizinin yenidən onların istifadəsi üçün qaytarıldığını, qalan 10 faizinin isə dənizə axıdıldığını bildirmişdir. Dənizə axıdılan suyun isə onlarda olan kimyəvi-bioloji qurğu vasitəsi ilə təmizləndikdən sonra dənizə axıdıldığını bildirmişdir. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən periodik olaraq laboratoriyada yoxlama keçirilir və onlar tərəfindən hər hansı uyğunsuzluq aşkar olunarsa və ya qurğu korroziyaya uğrayarsa, bu zaman suyun axıdılmasına icazə verilmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iş üzrə düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi və müdafiəçisi Vəkil bildirmişdir ki, protokol tərtib etmiş orqan tərəfindən protokolun tərtibi ilə bağlı rəsmi çağırışları olmalı, aktın tərtib edilməsində və nümunələrin götürülməsində tərəflərin iştirakı təmin edilməlidir. Nümunənin zavoda məxsus olmasını təsdiq edəcək heç bir sübut yoxdur. Nümunə götürməklə bağlı heç bir prosedur qaydalara riayət edilməmiş və qanunun tələblərinə zidd olaraq götürülmüşdür. Həmçinin, protokol yanlış tərtib olunmuş, protokolun Masazır qəsəbəsində tərtib edilməsinə baxmayaraq onları Xızı şəhərinə dəvət etmiş, protokolda da tərtib edildiyi yer Xızı şəhəri qeyd edilmişdir. Bundan başqa, protokol tərtib edən şəxs tərəfindən təqdim edilən görüntülərin də, diskə baxmaq mümkün olmadığından, sonradan çəkildiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini və edilmiş qanunsuzluqla bağlı yuxarı orqana məlumat verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Etilen-Polietilen zavodunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 000429 №li aktda qeyd edilmişdir ki, Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 xx.xx.2025-ci il tarixli, 00013 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının “Su Məcəlləsinin” suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı ünvan 3 ünvanında fəaliyyət göstərən Şəxs Etilen-Polietilen zavodunun fəaliyyəti zamanı formalaşan tullantı sularının xüsusi çəkilmiş boru vasitəsilə Sumqayıtçay çayına axıdılması faktı aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı Şəxs Etilen-Polietilen zavodunun nümayəndəsi Oqtay adlı şəxslə əlaqə saxlanılmış, lakin o, şifahi olaraq araşdırmada iştirak etməkdən imtina etdiyini və axıdılan tullantı sularının təmizləndikdən sonra Sumqayıtçay çayına axıdıldığını bildirmişdir. Araşdırma zərurəti ilə əlaqədar axıdılan tullantı sularının bioloji və kimyəvi tərkibinin müəyyən olunması məqsədi ilə su nümunəsi götürərək İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X15 mərkəzi laboratoriyasına təhvil vermişdir. Akta ərazidən çəkilmiş şəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 əməkdaşı X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli nümunə götürülmə aktından görünür ki, DNŞ-nin Şəxs Etilen-Polietilen Zavoduna məxsus Sumqayıtçay çayına axar DN 600 mm borudan götürülmüş nümunə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mərkəzi laboratoriyasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi iştirakdan imtina etmişdir. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X3 tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Şəxsnə ünvanlanmış inzibati xəta haqqında protokolun və aktın nüsxəsinin göndərilməsinə dair xx.xx.2025-ci il tarixli, 3-53-1-2/2-236/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 əməkdaşları tərəfindən aparılan monitorinqlər və nəzarət tədbirləri zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “X4” Etilen-Polietien zavodunun fəaliyyəti zamanı formalaşan tullantı sularının Sumqayıtçay çayına axıdılması müəyyən edilmişdir. Axardan analiz nümunələri götürülərək İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X15 mərkəzi labarotoriyasına göndərilmişdir. Nəticə olaraq ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması faktları aşkarlanmışdır. İnzibati araşdırmada iştiraklarının təmin olunması ilə bağlı 18 senyabr 2025-ci il tarixli 3- 53-1-2/2-218/2025 nömrəli məktubla müraciət olunsa da, inzibati araşdırmada nümayəndənin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X1 böyük məsləhətçi-müfəttişi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2366163 nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanı DNŞ-nin “AZƏRİKİMYA” İB-nin Etilen-Polietilen zavodunda ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması faktı aşkar edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Mərkəzi Laboratoriyasının analiz nəticələrinin hesabatından görünür ki, “AZƏRİKİMYA” İB-nin Etilen-Polietilen zavodundan xx.xx.2025-ci il tarixdə götürülmüş nümunənin həmin tarixdə saat 15:00-da qəbul edilməsi, fiziki-kimyəvi göstəricilər qrafasında – PH 7,08 (norma 6,5-8,5), həll olunmuş oksigen 3,32 (norma böyükdür işarəsi4), OBT5 24,3 (norma kiçik işarəsi 3) kimi qeyd edilmişdir. Təqdim edilmiş video görüntüyə məhkəmə iclasında baxış keçirilmiş və görüntüdə AZƏRİKİMYA” İB-nin Etilen-Polietilen zavodunun ətraf ərazisi və həmin ərazidə olan arx, eyni zamanda boru vasitəsilə axan su müşahidə edilmişdir. Təqdim edilmiş “AZƏRİKİMYA” İB-nin Etilen-Polietilen zavodu texniki Ceyranbatan, dörv edən sulara və yeni təmizləyici qurğularda istehsalat tullantı sularının təmizlənməsinə dair analitik plandan görünür ki, dövr edən sular və yeni təmizləyici qurğularda istehsalat tullantı sularının təmizlənməsi həyata keçirilir, qeyd edilən Plan xx.xx.2025-ci il tarixdə zavodun baş mühəndisi tərəfindən təsdiqlənmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Agentliyi tərəfindən təsdiq edilmiş “AZƏRİKİMYA” İB-nin Etilen-Polietilen zavodunun X14 həddi (BBAH) normalarından görünür ki, zavoda OBT5 buraxıla bilən axıtı həddi 25 mq/l, asılı maddələr 35 mq/l, neft məhsulları 0,05 mq/l, SSAM 0,5 mq/l, xloridlər 350 mq/l, sulfatlar 500 mq/l, Nitratlar 15 mq/l müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs in zibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokol, akt, nümunə götürmə aktı, fotoşəkil və videogörüntü, analiz nəticələrinə dair hesabat təqdim edilmişdir. Belə ki, protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli nümunə götürmə aktından görünür ki, protokol tərtib edən şəxs 2 saylı X1 böyük məsləhətçi-müfəttişi X7 tərəfindən xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində nümunə götürülən obyekt “AZƏRİKİMYA” İBnin Etilen-Polietilen zavodu, nümunə götürülən yer Sumqayıtçay çayına axar DN600 mm boruda, koordinatlar 40,36,40.3N, 49, 37, 28.62 E olmaqla 2,5 litr həcmində nümunə götürülmüşdür. Qeyd edilən aktdan görünür ki, protokol tərtib edən şəxs tərəfindən nümunə götürülərkən, “AZƏRİKİMYA” İB-nin Etilen-Polietilen zavodunun nümayəndəsinin və ya hal şahidinin iştirakı təmin edilməmiş, hər hansı video görüntü ilə qeydə alınmamışdır. “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə əsasən, ətraf mühitin monitorinqi- təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. Su obyektlərinin monitorinqi - onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, su təchizatı və su mühafizəsi sistemlərinin təkmilləşdirilməsi məqsədilə su obyektlərinin hidroloji, hidrogeoloji, hidrobioloji və hidrokimyəvi göstəricilərinə müntəzəm müşahidə və nəzarət sistemindən ibarətdir. Yerüstü su obyektlərinin (su axınları və sututarlar) fon tərkibi və çirklənməsinin monitorinqinin əsas məqsədi su ehtiyatlarının mühafizəsi, onlardan səmərəli istifadə olunması və yerüstü su obyektlərinin optimal idarə edilməsi üçün suyun keyfiyyət göstəricilərinə nəzarətin elmi əsaslarla həyata keçirilməsidir. Yerüstü su obyektlərinin çirklənməsinin vəziyyəti haqqında lazımi və real informasiyanın toplanması ilə bağlı monitorinq məntəqələri dörd kateqoriyaya bölünür və aşağıdakı qaydada təşkil olunur: İ kateqoriyalı məntəqələr: orta və iri su obyektlərinin (sututar və su axınlarının) iqtisadiyyat üçün böyük əhəmiyyətli hissələrində; 1 mln.-dan çox əhalisi olan iri sənaye şəhərlərinin yaxınlığında; xüsusi qiymətli su orqanizmlərinin kürüləmə və qışlama yerlərində; fövqəladə çirklənmə hallarının təkrar olunduğu hissələrdə; tullantı sularının həddən çox axıdılması nəticəsində yüksək çirklənmə vəziyyəti olan yerlərdə təşkil olunur. Xüsusi hallarda kiçik sututarı və su axınlarında İ kateqoriyalı məntəqələr təşkil edilə bilər. Bu kateqoriyalı məntəqələrdə: su mühitinin hidroloji və hidrokimyəvi göstəriciləri üzrə müşahidələr hər gün; 2-3 xarakterik çirkləndiricilər üzrə müşahidələr ayın hər dekadasında; bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə; suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında (adətən, ildə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər - fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır. İİ kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5-1,0 mln. olan şəhərlər yerləşən hissələrində; çayları Azərbaycan Respublikasının dövlət sərhədi ilə kəsişdiyi yerlərində; su canlılarının kürüləmə və qışlama yerlərində; çayların balıq təsərrüfatı üçün əhəmiyyətli olan su bəndlərinin yaxınlığında; kollektor-drenaj və sənaye tullantı sularının mütəşəkkil axıdıldığı/atıldığı yerlərdə, suyun orta çirklənmə səviyyəsinin olduğu rayonlarda və çayların mənsəblərində təşkil olunurlar. Məntəqələrdə: vizual müşahidələr - hər gün, su mühitinin hidroloji və hidrokimyəvi göstəriciləri üzrə müşahidələr - ayın hər dekadasında, bütün mümkün çirkləndiricilər üzrə müşahidələr - ayda bir dəfə, suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında (adətən, ildə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər - fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır. İİİ kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5 mln.-dan az olan orta və kiçik yaşayış məntəqələrinin yerləşdiyi və əhalinin kütləvi istirahət etdiyi zonalarında, su obyektinə müxtəlif tullantı sularının mütəşəkkil axıdılması/atılması nəticəsində zəif çirklənmə səviyyəsi müşahidə edilən zonalarda, böyük və orta çayların suqovuşanlarında, böyük çayların və sututarların çirklənmiş qollarının mənsəblərində təşkil olunur. Bu məntəqələrdə suyun hidroloji və hidrokimyəvi göstəriciləri və bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə, suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr isə hidroloji rejimin bütün fazalarında (adətən, ildə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə vegetasiya dövründə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır. İV kateqoriyalı məntəqələr stasionar hidroloji şəbəkədə su obyektlərinin təbii fon tərkibinin öyrənilməsi məqsədilə sututar və su axınlarının çirklənməyə məruz qalmayan hissələrində, həmçinin, təbii milli parkların və qoruqların ərazilərindəki su obyektlərində təşkil olunurlar. Bu məntəqələrdə müşahidələr çayların (göllərin) hidroloji rejiminin əsas fazalarında (adətən, il ərzində 7 dəfə) kimyəvi tərkibi üzrə tam həcmdə aparılır. Kateqoriyalarından asılı olmayaraq müşahidə məntəqələrinin hamısında hər gün su obyektinin ümumi vəziyyəti üzrə və kimyəvi analiz üçün su nümunələri götürülən zaman suyun sərfi (səviyyəsi), temperaturu və su axınının sürəti üzrə müşahidələr aparılır. Göründüyü kimi protokol tərtib edən şəxs və eyni zamanda nümunə götürmə aktı tərtib edilərkən “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin tələblərinə riayət edilməmiş, müşahidə məntəqələri yaradılmadan, yanız protokol tərtib edən orqanın məsləhətçi-mütəttişin iştirakı ilə götürülmüşdür. Bundan başqa, təqdim edilmiş video görüntülərə baxış keçirilmiş və həmin görüntülərdə “AZƏRİKİMYA” İB-nin Etilen-Polietilen zavodunun fəaliyyət göstərdiyi ərazidə axan arx (zavoddan konkret nə qədər məsafədə olması görüntüdə müəyyən edilmir) və borudan axan suyun olması müşahidə edilsə də, həmin suyun tərkibində ətraf mühitə axıdıla bilən normadan artıq miqdarda zərərli maddənin olması və suyun çirkab suyu olması müşahidə edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən təqdim edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Agentliyi tərəfindən təsdiq edilmiş “AZƏRİKİMYA” İB-nin Etilen-Polietilen zavodunun X14 həddi (BBAH) normalarından görünür ki, zavoda OBT5 buraxıla bilən axıtı həddi 25 mq/l, asılı maddələr 35 mq/l, neft məhsulları 0,05 mq/l, SSAM 0,5 mq/l, xloridlər 350 mq/l, sulfatlar 500 mq/l, Nitratlar 15 mq/l müəyyən edilmişdir. Bundan başqa, işin araşdırılan hallarından və tərəflərin nümayəndələrinin izahatlarından həmçinin müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Masazır qəsəbəsində tərtib edilsə də, protokolda protokolun tərtib edildiyi yer Xızı şəhəri olaraq qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin yoxlama zamanı toplanmış materiallar Şəxs Etilen-Polietilen zavodunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi həmin orqan tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında işolan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsiri sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə “X4nin Etilen-Polietilen zavodu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Etilen-Polietilen zavodu (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2676/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2676/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver