Məhkəmə qərarları › İş №3(060)-2679/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2679/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2679/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzərbağları, Yuxarı küçə, fərdi evdə yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt şəhərində, Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən 11 oktyabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Lerik Rayon Məhkəməsinin 2(048)- 405/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 11 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Lerik Rayon Məhkəməsinin 2(048)-405/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Lerik Rayon Məhkəməsinin 2(048)-495/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq bir uşağın saxlanması üçün borclu Şəxs hər ay 170,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclunun əvvəllər rəsmi iş yeri olduğundan alimentin tutulması onun əmək haqqına yönəldilmişdir. Lakin işdən azad olunduqdan sonra o, aliment ödənişi ödəməkdən yayınmışdır. Onun sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə 195,00 manat olmuşdur. Borclu icra idarəsinə dəvət olunmuş və icraata başlama haqqında qərarın surəti ona təqdim edilmişdir. İcra sənədi üzrə tələbkar qeyd olunan borcunun ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Lerik Rayon Məhkəməsinin 2(048)-405/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Lerik Rayon Məhkəməsinin 2(048)-495/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək bir uşağın saxlanması üçün ondan hər ay 170,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. O, əvvəllər hərbi hissədə işləmiş, işlədiyi dövrlərdə aliment ödənişlərindən yayınmamışdır. Lakin işsiz qalma səbəbindən alimenti ödəyə bilməmişdir. Hal-hazırda o qeyri rəsmi işə düzəlmişdir, yenidən rəsmi nikaha daxil olmuş, yeni ailəsindən bir övladı da var. Bir neçə günə əmək haqqı alıb aliment ödənişi edəcəkdir, o aliment ödənişindən yayınmır, bilir ki, alimenti ödəməlidir. Bu gün aliment borcundan ödəniş etməyə maddi imkanı yoxdur, lakin hər ay mütamadi olaraq aliment ödəyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib edmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi borclu mütəmadi olaraq aliment ödənişləri etmiş, sonuncu aliment ödənişi xx.xx.2022-ci il tarixdə 195,00 manat olmuşdur. Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 11 oktyabr 2022-ci il tarixdə Şəxs barəsində MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar