Məhkəmə qərarları › İş №3(060)-268/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-268/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-268/2024 24.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Ruhi-əsəb dispanserində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1005/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməmiş, heç bir ödəniş etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Sənan Qasımlı izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən icra vərəqəsinə əsasən Şəxs vurulmuş zərərin əvəzi olaraq 8584 manat məbləğində pul Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli Hərbi Hissənin xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə borclu tərəfindən heç bir ödəniş edilməmiş, üzrsüz səbəbdən məhkəmə qərarı qanunla müəyyən edilmiş vaxtda icra edilməmişdir. Borclunun Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasında qeydiyyatda olduğunu nəzərə alaraq barəsində xx.xx.2022-ci il tarixdə “Borclunun axtarılması haqqında” qərar qəbul edilərək icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmiş, nəticədə borclunun 11 sentyabr 2023-cü il tarixdə Polis əməkdaşları vasitəsi İcra İdarəsinə gətirilməsi təmin edilmişdir. Həmin tarixdə qərarın könüllü icrası barədə bildiriş və qərar sonuncuya təqdim edilmiş, izahatı alınmış, icra üçün könüllü müddət verilmiş, lakin Şəxs heç bir ödəniş etməmişdir. Bundan sonra borclunun icra sənədinin icrasından yayındığıını nəzərə alaraq təkrarən xx.xx.2023-cü il tarixdə “Borclunun axtarılması haqqında” qərar qəbul edilərək sonuncunun Polis İdarəsinin inzibati binasında qeydiyyatda olması səbəbindən yenidən axtarışa verilmişdir. İcra məmuru Sənan Qasımlı məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, borclunun xx.xx.2023-cü il tarixli izahatında yaşadığını ünvan kimi qeyd etdiyi İnşaaatçılar qəsəbəsi, X3 yanında yerləşən yaşadığı həmin mənzilə baxış keçirməmiş, elə zənn etmişdir ki, həmin ünvan Sumqayıt şəhərində deyil, Bakı şəhərində yerləşən İnşaatçılar qəsəbəsidir. Bu barədə həmin vaxt borclu ilə hər hansı dəqiqləşdirmə aparmamışdır. Məhz bu səbəbdən borclu barəsində onun məcburi gətirilməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə təqdimat verməmiş, yenidən onun axtarılması haqqında qərar qəbul edərək Sumqayıt ŞPİ-nə göndərmişdir. Bundan başqa icra məmuru məhkəmənin suallarına cavab olaraq borclunun 3-cü şəxlərdə olan əmlakını, o cümlədən yaşadığı ünvanda tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamadığını bildirmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə borclu İcra İdarəsinə gətirildikdən sonra sonuncunun ziyanı ödəyə bilmə imkanın olub-olması barədə izahatını almamış, barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ilk dəfə icra məmurunun yanında 11 sentyabr 2023-cü il tarixdə olmuş, həmin tarixədək ona məhkəmə qərarının mövcudluğu barədə kimsə məlumat verməmişdir. Həmin izahatında daimi yaşadığı ünvanı, yəni Sumqayıt şəhəri İnşaaatçılar qəsəbəsi X3 yanında yerləşən mənzil olduğunu qeyd etmişdir. O, həmin vaxt icra sənədi üzrə borcunu aylıq ödəyə biləcəyini qeyd edərək icra məmurundan hesab nömrəsi istəmiş, lakin ona heç bir hesab nömrəsi təqdim edilməmişdiur. Həmin vaxt o, işsiz olmuşdur. Hazırda taksi fəaliyyəti ilə məşğul olur, günlük 25-30 manat gəlir əldə edir. Qeyd edir ki, ödəniş etməkdən yayınmır, hazırda işləyir, ona şərait yaradılarsa, hesab nömrəsi təqdim edilərsə ödənişlər edəcəkdir. O, icra məmurunun çağırışlarından yayınmamış, onu idarəyə heç kəs dəvət etməmişdir. Sonuncu dəfə altı gün öncə polis əməkdaşı ona zəng edərək İcra İdarəsinə getməli olduğunu bildirmiş, o isə bu gün gəlmişdir. Evlidir, bir övladı var, ailədə ondan başqa işləyən yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt şəhər məhkəməsinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1005/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 8689.84 manat alınaraq Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xeyrinə ödənilməlidir. Qərarın könüllü icrası barədə bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. N nömrəli hərbi hissənin komandiri vəzifəsini icra edən polkovnik-leytenant Yasin Səmədov xx.xx.2022-ci il tarixli məktubla Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edirək icra sənədinin icrası vəziyyəti barədə məlumat almağa çalışmışdır. “Borclunun axtarılması barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra məmuru borclunun icra sənədində qeyd olunan ünvanda yaşamadığını əsas gətirərək barəsində axtarış elan edilməsi üçün həmin qərarı icra edilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərmişdir. Borclu Şəxs 11 sentyabr 2023-cü il tarixdə izahatı alınmış, sonuncu izahatında borcun ödənilməsindən imtina etməmiş, hissə-hissə olmaqla yəni aylıq 100 manat olmaqla ödəyə biləcəyini qeyd etməklə İnşaatçılar qəsəbəsi, Ruhi-əsəb dispanserinin yanında yerləşən mənzildə yaşadığını bildirmişdir. “Borclunun axtarılması barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra məmuru borclunun icra sənədində qeyd olunan ünvanda yaşamadığını əsas gətirərək barəsində yenidən axtarış elan edilməsi üçün həmin qərarı icra edilməsi üçün Sumqayıt ŞPİnə göndərmişdir. Sumqayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda borclu şəxs kimi axtarışda olan Şəxs yerinin müəyyən edilməsi istiqamətində axtarış tədbirlərinin davam etdirildiyini, hər hansı məlumat daxil olacağı təqdirdə bu barədə İdarəyə məlumat veriləcəyi qeyd edilmişdir. Elektron İcra İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, onun şəxsiyyəti, qohumluq əlaqələri barədə sorğu ünvanlanmış, lakin məlumat əldə edilməmiş, o cümlədən borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra sənədindəki tələbin ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Məhkəmə göstərilənlərlə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir: Belə ki, göründüyü kimi məhkəmənin adı çəkilən qərarı xx.xx.2022-ci il tarixdə İcra İdarənin icraatına daxil olmuş, icraata başlanmışdır. İcra vərəqəsində borclunun faktiki yaşadığı ünvan göstərilsə də, icra məmuru sonuncunun həmin ünvanda yaşayıbyaşamaması barədə hər hansı araşdırma aparmamış, xx.xx.2022-ci il tarixdə tələbkar tərəfindən icra sənədinin icrası vəziyyəti barədə məlumat almaq məqsədilə verdiyi sorğudan təxminən 3 ay sonra “Borclunun axtarılması haqqında” qərar qəbul edərək Sumqayıt şəhər Polis İdarəsinə göndərmişdir. Materiallardan göründüyü kimi, icra sənədində borclunun Sumqayıt şəhəri yat-20 Natəvan küçəsi məh.22 8A saylı evin 21 saylı mənzili Şəxs yaşadığı ünvan qismində göstərilsə də, icra məmuru tərəfindən həmin ünvana baxış keçirilməsi və ya aidiyyatı İcra strukturundan şəxsin həmin ünvanda yaşayıb-yaşamaması barədə arayışın alınması və ya şahidlərin iştirakı ilə baxışın keçirilməsi uzun müddət təxminən 1 il 5 ay müddətində təmin edilməmişdir. Və yalnız xx.xx.2023-cü ildə borclu İcra İdarəsinə gəldikən sonra (Polis əməkdaşı tərəfindən təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir.) izahatı alınmış, ona könüllü icra üçün müddət verilmiş, borclu ona qətnamənin hissə-hissə icra olunması üçün imkan yaradılmasını xahiş etmişdir. Eyni zamanda izahatında ünvan 5 ünvanında qeydiyyatda olsa da, hal-hazırda İnşaatçılar qəsəbəsi Ruhi əsəb disapanserinin yanında yaşadığını bildirmişdir. Bundan sonra icra məmuru tərəfindən təxminən 3 ay sonra “İcra Haqqında” qanunun 27.1 və 27.4-cü maddələri əsas gətirilməklə və borclunun icra sənədində qeyd olunan ünvanda yaşamadığını, çağırışlara gəlmədiyi qərarda göstərilməklə yenidən xx.xx.2023-cü il tarixdə Şəxs axtarışa verilmiş, sonuncu bundan sonra xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmiş (Polis tərəfindən gətirildiyini təsdiq edən qeydiyyatdan keçirilmiş sənəd iş materiallarına əlavə edilməmişdir.) icra məmuru tərəfindən tez tələsik barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göründüyü icra məmuru borclunun məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi görüntüsü yaradaraq faktiki yaşadığı yeri bildiyi halda onu qanunsuz və əsassız olaraq 2 dəfə müxtəlif vaxtlarda axtarışa vermiş, Şəxs yaşadığı mənzilə baxış keçirmədən, qanunla müəyyən edilmiş məcburi icra tədbirləri etmədən, onun həqiqətən həmin ünvanda yaşamadığını təsdiq edən müvafiq İcra strukturundan alınmış arayış və ya akt (təsdiq edilərək eyni tarixdə qeydiyyatdan keçrilmiş) tərtib etmədən barəsində ən sərt tədbirin məhkəmə tərəfindən tətbiq edilməsinə nail olmağa çalışmışdır. Borclunun faktiki yaşayış yerini bildiyi halda icra məmuru süni surətdə icra sənədinin icrasını yubatmış, hərəkətsizlik edərək uzun müddət məhkəmə qərarının icrasız qalmasına zəmin yaratmışdır. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, borclu pulun ödənilməsi üçün icra məmurundan müvafiq hesab nömrəsini istəsə də, sonuncu hesab nömrəsi təqdim etməmiş və ya təqdim etməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa elektron icra informasiya sistemindən əldə edilərək iş materiallarına əlavə edilmiş məlumatlarda şəxsin ailə vəziyəti barədə hər hansı məlumat olmadığı müəyyən edilsə də, məhkəmə iclası zamanı aparılmış araşdırma zamanı borclunun evli olduğu müəyyən edilmiş, lakin icra məmuru borclunun üçüncü şəxslərdə olan əmlakının yoxlanılması barədə hər hansı icra hərəkəti etməmiş, məlumatları tam olaraq təqdim etməməklə məhkəmənin yanlış qərar qəbul etməsinə nail olmağa çalışmışdır. Məhkəmə qeyd edir ki, icra məmuru izahatında borclunu müxtəlif vaxtlarda İcra İdarəsinə çağırdığını göstərsə də, bu xüsusatlar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, borclu tərəfindən ziyanın ödənilməsi istiqamətində icra məmuru “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirilmədən və bir neçə hissədə qanunun tələbi pozulmaqla icra hərəkətləri aparılmaqla inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, “İcra haqqında” AR qanunun 27.1-ci maddəsində icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru tərəfindən öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edildiyi və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edildiyi qeyd edilmişdir. “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Qanunun göstərilən normasının tələbindən çıxış edərək qeyd etmək lazımdır ki, borclunun yaşayış yeri məlum olmuş, o bu barədə icra məmuruna izahtında yazmaqla əvəllcədən məlumat vermiş, lakin icra məmuru şəxsin yaşayış yeri məlum olduğu halda borclunun İcra İdarəsinə çağırılması barədə həmin ünvana hər hansı bildiriş və ya çağırş vərəqəsi göndərməmiş, iş materillarına əlavə etməmiş və ya bunları təqdim etməmişdir. Eyni zamanda icra məmuru borclunun faktiki olaraq yaşadığı ünvanı bildiyi halda həmin ünvanda tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlamadan, yoxlama aparıldığı halda həmin əmlaklarla bağlı qanuni tədbirlər görülmədən, üçüncü şəxslərdə olan əmlaklarının yoxlanılması bardə məlumatı məhkəməyə təqdim etmədən, protokol tərtib edilən gün borclu tərəfindən ziyanı ödəmək üçün hər hansı icra tədbiri həyata keçirtmədən sonuncunun 5 ay öncə verdiyi izahata əsaslanmaqla şəxs haqqında sərt inzibati təsir tədbirinin görülməsi üçün protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, və ya protokolda əlavə etməmiş, o cümlədən “İcra haqqında” qanunun tələbinə bir neçə hissədə riayət etmədən protokol tərtib etmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar