Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2682/2025 28.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31339010 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31339010 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İXM-nin 346.9-cu maddəsi ilə 100 azn məbləğində cərimə tətbiq edilmişdir. Cərimənin nə üçün yazıldığını müəyyən etmək və elekton inzibati tənbeh vermə haqqında qərarın surətini almaq üçün DYP-yə müraciət etmişdir. Qərarı aldıqdan sonra görmüşdür ki, səkidə avtomobil saxladığı üçün barəsində i qərar qəbul edilmişdir. Əslində səkidə avtomobil saxlamamış, sadəcə olaraq həmin ərazi ilə hərəkətdə olmuşdur. Maraqlı olduğu üçün müraciət edib sənədlərlə tanış olmaq istəmişdir. Texniki vasitənin saz işləməsi əsasdır ki, həmin əsaslığı da qanunlar tənzimləyir Bu səbəblə hesab etmişdir ki, əgər belə hal varsa mütləq xətanı qeydə alan texniki vasitə əsaslı şəkildə özünü ifadə edib bu faktı ya təsdiq edəcək, ya da təkzib edəcək .Ancaq aldığı elektron qərar da onu məyus etmişdir. Çünki, həmin qərarda texniki vasitənin tipi, markası, modeli, sertifikatlaşmadan keçdiyi tarix və növbəti dövlət yoxlamasından keçəcəyi tarix yox idi, həmin xanalar boş idi. Bu da əsas verir ki, texniki vasitənin saz olması ilə bağlı şübhlər olsun və bu səbəblədə hər hansı problem əsasında bu qərar tətbiq edilsin. Belə ki, əgər xətanı elektron texniki vasitələr qeyd etmişsə mütləq həmin vasitələr İXM-in 81 və 100.1.8 maddələrin tələblərinə uyğun olmalıdır. Texniki vasitənin saz və işlək olduğu müəyyən edilməlidir, əks təqdirdə həmin sübutlar əsassızdır. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 466 nömrəli qərarının tələbləri açıq-aşkar pozulmuzdur. Belə ki, xətanı qeydə alan texniki vasitənin məlumatları qərarda əks olunmamışdır. Həmin nümunəni də şikayətinə əlavə edir. Şikayətçi elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə şikayətinə əlavə ərizə ünvanlamışdır. Həmin ərizədə qeyd etmişdir ki, nəqliyyat vasitələrinə xüsusi rejimdə inzibati tənbeh etmək üçün istifadə olunan texniki vasitələr mütləq ki, saz və işlək qaydada olmalıdır. Belə ki, xəta müəyyən edən cihaz özü xətalı ola bilməz. Təbii ki, bu bir qanundan kənar yanaşmadı, yəni səhv tutan özü səhvsiz olmağa borcludur. Necə olur ki, xətanı qeydə alan tekniki vasitənin kimliyi bilinmir. Texniki vasitənin modeli, markası, tipi, yoxlamadan keçdiyi tarix, növbəti yoxlamadan keçəçəyi tarix və yoxlamaya aid sertifikatlaşma nömrəsi yoxdur. Texniki vasitənin tələbləri standartlara və İXM-in 81, 100.1.8 və 123-cü maddələrinin tələblərinə uyğun deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayətçi X2 və qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ31339010 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Kia Optima” markalı, 90LK233 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci ildə saat 13:43-də K.Hüseynov küçəsində nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmadığı halda, səkidə dayanmasına və durmasına görə sürücü X2 Azərbaycan Respublikası İXM-in 346.9-cü maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Kia Optima” markalı, 90LK233 dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarlarını göstərən 1.1 üfüqi nişanlanma xəttinin üzərində, yarı hissəsi səkidə olmaqla dayanmışdır. Əlavə edilmiş fotoşəkillərin müqayisəli təhlili həmin avtomobilin dayanmasını bir daha təsdiq edir. Belə ki, qeyd edilən avtomobil hər iki şəkildə eyni yerdə olsa da, ətrafda olan digər obyeklərin yerdəyişməsi müşahidə edilir. Birinci şəkildə avtomobildən öndə olan piyada ikinci şəkildə bir qədər irəliləmişdir, həmçinin birinci şəkildə bir qədər arxada olan digər avtomobil ikinci şəkildə “Kia Optima” markalı, 90LK233 dövlət qeydiyyat nişanlı avtomobilin arxasında olmuşdur. Göründüyü kimi, “Kia Optima” markalı, 90LK233 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmadığı halda həmin nəqliyyat vasitəsi ilə səkidə dayanması və ya durması, beləliklə də Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31339010 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Həmin Qanunun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 üfüqi nişanlanma xətti əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Həmin Qanunun 52-ci maddəsinin İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə dayanma qadağandır. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə nəqliyyat vasitələrinin durması qadağandır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31339010 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31339010 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2682/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2682/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver