Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2688/2025 22.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Sərhədçi” idamn mərkəzində mühafizəçi işləyən, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 9 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə 21 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(060)-98/2024 saylı icra sənədinə əsasən ərizəçi Şəxs cavabdehlə birgə nikahlarından anadan olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək (beş saat) fərdi qaydada görüşü təmin edilmişdir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə tələbkar barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən iş üzrə icraata xitam verilmişdir. Şəxs icra sənədində göstərilən görüş vaxtı bitdikdən sonra uşağı anasına qaytarmadığı üçün Zərərçəkmiş şəxs şikayətlə onlara müraciət etmişdir. Bu səbəbdən də tələbkar və uşaq barəsində xx.xx.2025-ci il tarixdə dərhal axtarış qərarı qəbul edilmişdir. Axtarış qərarı əsasında elə həmin tarixdə polis əməkdaşları tələbkarın ünvanında olmuş, tələbkarın icra idarəsinə gətirilməsi təmin edilmiş, lakin uşağı gətirə bilməmişlər. Polis əməkdaşları onlara bildirmişdir ki, uşaqla ünsiyyətdə olmuşlar, lakin uşaq özü gəlmək istəməmişdir. Tələbkar Şəxs özü isə bildirmişdir ki, o uşağı gətirib təhvil verməkdən yayınmır, lakin uşaq özü gəlmək istəmir. Göstərilən halları nəzərə alaraq iş üzrə Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, uşağın hal-hazırda yaşadığı yer onlara məlumdur. Onlar həmin ünvana ona görə getməmişlər ki, qanunverilciyin tələbinə uyğun olaraq uşaq barəsində axtarış qərarı qəbul etmişlər. Həqiqətən də tələbkar şərait yaratmış uşaqla özü də telefonla danışmış, uşaq gəlmək istməmədiyini ona demişdir. Uşağın yaşadığı ünvana özünün getməsini məqsədə müvafiq saymamış, bu barədə axtarış qərarı qəbul etmiş, həmin qərar əsasında polislər uşağın olduğu ünvana getmişlər, uşağın özü polislərə də anasının yanına qayıtmaq istmədiyini və icra də gəlməyəciyini bildirmişdir. Tələbkarın yaşadığı ünvana gedilməsi və uşaqla birbaşa ünsiyyət məsələsinə tələbkar heç bir etiraz etməmiş və ya gedəcəkləri halda buna maneçilik törətməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o uşağı qaytarmadan imtina etmir, sadəcə uşaq özü ağlayaraq qaytımaq istəmir, hətta icra idarəsinə belə gəlmir. Bunu polis əməkdaşları da icra idarəsində bildirmişlər. Onun özü uşağın icra məmuru ilə telefonla əlaqə saxlamasına şərait yaratmış, uşaq özü də icra məmuruna heç bir yerə gəlməyəcəyini bildirmişdir. O, uşağın icra məmuru ilə əlaqə yaratmasına, icra məmuru və digər aidiyyəti şəxslər yaşadıqları ünvana gedəcəkləri, uşaqla ünsiyyət saxlayacaqları və uşaq qayıtmaq istəyərsə halda buna mane olmayacağını dəfələrlə bildirmiş, həmçinin öz təşəbbüsü ilə uşağın icra məmuru ilə telefonla danışmasına şərait yaratmışdır. Uşağın gəlməməsində onun heç bir təqsiri yoxdur. İcra məmuru nə vaxt istəsə evlərinə gəlib uşaqla danışıq apara bilər və uşaq gələcəyi halda heç bir maneçilik də etməyəcək. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs qərəzli olaraq icra sənədini icra etmir. O, uşağa təsir edir və uşağı bilərəkdən ona qaytarmır. Borclu onunla barışmaq istəyir, ona görə uşaqdan istifadə edir. Göstərilənləri nəzərə alaraq uşağının qaytarılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədi üzrə borclu yox, tələbkardır. Yəni, hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədi üzrə hər hansı tələbi icra etmək öhdəliyi yoxdur. İXM-in 528.1-ci maddəsi ilə protokol tələbkar barəsində deyil, borclu barəsində tərtib edilə bilər. Bundan əlavə nəzərə almaq lazımdır ki, hüquqlarını müdafiə etdiyi şəxs uşağı qaytarmaqdan imtina etmir, uşaq özü qayıtmır və bu halı icra məmuru da təsdiq edir. Göstərilən halları nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(060)-98/2024 saylı icra sənədindən görünür ki, ərizəçi Şəxs cavabdehlə birgə nikahlarından anadan olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək (beş saat) fərdi qaydada görüşü təmin edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(060)-98/2024 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi Zərərçəkmiş şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixində 1375 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 iddiaçı Zərərçəkmiş şəxs yanında qalması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs əvvələr birgə nikahda olmuşlar və birgə nikahlarından iki uşaq anadan olmuşdur. Zərərçəkmiş şəxs “nikahın pozulması, uşaqların himayəyə verilməsi və aliment tələbi”nə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, qeyd edilən iş məhkəmənin icraatında olan zaman Şəxs uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsinə dair müvəqqəti təminat tədbiri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(060)-98/2024 saylı qərardadı ilə ərizə qismən təmin edilərək ərizəçi Şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək (beş saat) fərdi qaydada görüşü təmin edilmişdir. Qeyd edilən ica sənədi icraya yönəldilmiş, xx.xx.2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, həmin tarixli tələbin könüllü icrası haqqında bildirişlə tələbi könüllü icra etməsi Zərərçəkmiş şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. İcra sənədi üzrə Şəxs hər hansı bir öhdəliyinin olması müəyyən edilməmiş və ya bu barədə ona hər hansı xəbərdarlıq edilməmişdir. Göründüyü kimi icra sənədi üzrə Zərərçəkmiş şəxs borclu, Şəxs isə tələbkardır. Yəni, icra sənədi üzrə Şəxs hər hansı öhdəliyi yoxdur, onun yalnız icra sənədində göstərilənlərin yerinə yetirilməsini tələb etmək hüququ mövcuddur. Həmçinin nəzərə almaq lazımdır ki, icra sənədinin hazırda icra idarəsinin icraatında mövcudluğunun özü belə tələbkar (hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) Şəxs iradəsindən asılıdır. Tələbkar kimi həmin icra sənədinin icrasından imtina edərək onun geri qaytarılmasını tələb etmək hüququ da var. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Bundan əlavə məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində yalnız borclunun barəsində axtarış verilməsi müəyyən edilmiş və həmin Qanunun digər hər hansı normasında tələbkar barəsində axtarış verilməsi müəyyən edilmədiyi halda icra məmuru tərəfindən tələbkarın barəsində axtarış elan edilmişdir. Həmçinin uşağın hazırda olduğu yer məlum olduğu və tələbkar bu barədə icra məmuruna məlumat verdiyi halda uşağın barəsində də axtarış elan edilmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən uşağın yeri məlum olmadıqda axtarış elan edilə bilər. Göstərilənlərə əsasən məhkəmə ilikin olaraq qeyd edir ki, Şəxs icra sənədi üzrə tələbkar olduğu, yəni yalnız tələb hüququ olduğu və heç bir öhdəliyi olmadığı üçün onun barəsində İXM-in 528.1-ci maddəsi ilə, yəni icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə əsassız olaraq inzibati xəta haqqında iş üzrə protokol tərtib edilməklə icraat başlanmışdır. Məhkəmə qeyd edir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş icra sənədi uşağın ananın himayəsində saxlanılması, yaxud uşağın atadan alınıb anaya verilməsi barədə deyil, həmin icra sənədi tərəflər arasında olan “nikahın pozulması və uşağın himayəyə verilməsi” tələbinə dair iddia üzrə mülki iş yekunlaşana kimi atanın uşaqlarla ünsiyyət qaydasını müəyyən edən müvəqqəti təminat tədbiri qismində qəbul edilmiş qərardad əsasında verilmişdir. Həmin qərardad qəbul edilərkən isə uşaqların hansı valideyinin himayəsinə verilməsi məsələsi də hələ müəyyən edilməmişdir. Qeyd edilən hal sonradan qətnamə ilə müəyyən edilmiş və hazırda icra idarəsinin icraatında icra sənədi həmin qətnamə ilə bağlı deyil. Bundan əlavə qeyd edilməlidir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs hansı hərəkətləri (hərəkətsizliyi) ilə İXM-in 528.1-ci maddəsinin dispozitiv şərtlərində qeyd edilmiş hansı hərəkətləri (hərəkətsizliyi) etməsi göstərilməmiş, inzibati xəta haqqında protokolda yalnız icra sənədində göstərilmiş ünsiyyət qaydası təsvir edilmişdir. Digər tərəfdən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilsə də onun icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi və ya icra məmurunun digər qanuni tələblərinin yerinə yetirməməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, icra idarəsində aparılan araşdırma və məhkəmə araşdırması zamanı tələbkar Şəxs uşağı verməkdən imtina etmədiyini, uşağın özünün anasının yanına qayıtmaq istəmədiyini və icra idarəsinə gəlmədiyini bildirmişdir. O, uşağın icra məmuru ilə əlaqə yaratmasına, icra məmuru və digər aidiyyəti şəxslər yaşadıqları ünvana gedəcəkləri, uşaqla ünsiyyət saxlayacaqları və uşaq qayıtmaq istəyərsə halda buna mane olmayacağını dəfələrlə bildirmiş, həmçinin öz təşəbbüsü ilə uşağın icra məmuru ilə telefonla danışmasına şərait yaratmışdır. İcra məmuru da məhkəmə iclasında tələbkarın qeyd etdiyi halları təsdiq edərək həqiqətən də uşaqla özünün də telefonla danışdığını, uşağın gəlmək istməmədiyini ona da deməsini bildirmişdir. İcra məmuru həmçinin qeyd etmişdir ki, uşağın yaşadığı ünvana özünün getməsini məqsədə müvafiq saymamış, bu barədə axtarış qərarı qəbul etmiş, həmin qərar əsasında polislər uşağın olduğu ünvana getmişlər, uşağın özü polislərə də anasının yanına qayıtmaq istmədiyini və icra də gəlməyəciyini bildirmişdir. Göründüyü kimi Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin təkibi müəyyən edilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi əvvəla Şəxs icra sənədi üzrə tələbkar olduğu üçün icra sənədinin icra edilməməsi əsası ilə onun barəsində inzibati xəta haqqında icraat başlanması əsaslı olmamışdır. Yəni, Şəxs törədilməsi iddia edilən inzibati xətanın subyekti hesab edilə bilməz. Digər tərəfdən törədilməsi iddia edilən inzibati xəta üzrə məhkəməyə təqdim edilmiş sübutlara əsasən Şəxs hər hansı təqsiri, yəni onun uşağı qərəzli olaraq anasına qaytarmaması halı müəyyən edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqdainzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2688/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2688/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver