Məhkəmə qərarları › İş №3(060)-2689/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2689/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2689/2023 24.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri X1 və X3 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il və xx.xx.2023-cü il X8 Monitorinq İdarəsi tərəfindən "xxxx" MMC-nin məişət tullantı sularının Acı-Dərə kanalına çıxışından götürülmüş su nümunələrinin tərkibində zərərli bakterioloji maddələrin miqdarı ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi T.N.Əzizov öz izahatında bildirmişlər ki, Sumqayıt şəhər İcra başçısı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış məktuba əsasən Acı Dərə kanalına ətrafda yaşayan əhali və orada yerləşən müəssisələr tərəfindən çirkab suları axıdılır. Bununla bağlı müvafiq monitorinq və araşdırma aprılması xahiş edilmişdir. Bu səbəbdən Acı Dərə kanalı ətrafında yoxlamalar aparılmış, bir çox müəssisələr tərəfindən, o cümlədən Şəxs MMC-yə məxsus müsəssisənin tullantı sularının “Acı-Dərə” kanalına çıxışlarından su nümunələri götürülmüş və nümunələrin lobarator kimyəvi təhlilləri aparılmışdır. “Acı Dərə” kanalına çirkab suyun axıdılması müəyyən edildiyi üçün müvafiq akt tərtib edilmiş, həmçinin axan suyun tərkinin müəyyən edilməsi ilə bağlı nümunələr götürülərək kimyəvi təhlillər aparılmışdır. Həmçinin bildirmişdir ki, hazırki yoxlama müvafiq müraciətlər əsasında olmuş, yoxlama müəssisə daxilində olmamış, müəssisənin xaricində olmaqla ətaf mühitə vurulan zərərin yoxlanılması ilə bağlı olmuş, yoxlama zamanı isə bir çox müəssisələrin qanun pozuntusu müəyyən edilmişdir. Qeyd edilən səbəbdən də yoxlamanın vahid reyestrdə qeydə alınmasına ehtiyac yoxdur. Həmçinin Şəxs MMC ilə "xxxx" ASC arasında olan hər hansı müqavilə öhdəliyinin yerinə yetirilməməsi onların öz aralarında olan mülki-hüquqi məsələdir. Əgər həmin tərəflər arasında hər hansı müqavilə öhdəliyi pozulmuşdursa, bu tərəflərin öz məsələsidir, hazırki inzibati xətanı istisna edən hal deyil. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi T.N.Əzizov ona verilmiş suala cavab olaraq bildirmişdir ki, inzibati xəta haqqında icraat sənədlərində bəzi yerlərdə MMC-nin adının Şəxs MMC, bəzi yerlərdə isə "xxxx" MMC qeyd edilməsinin səbəbi müəssisənin adının dəyişməsi ilə bağlı olmuşdur. Belə ki, həmin MMC əvvəl "xxxx" MMC olmuş, sonradan adı dəyişdirilərək Şəxs MMC olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi L.N.Məmmədova bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Şəxs MMC-də aparılan yoxlama qanunsuz olmuşdur, bu yoxlamaların keçirilməsi barədə reyestrdə heç bir məlumat yoxdur, ona görə də həmin yoxlamanın nəticələri üzrə MMC-nin məsuliyyətə cəlb edilməsi əsassızdır. Həmçinin bildirmişdir ki, Şəxs MMC-yə məxsus müəssisədən tullantı sularının axıdılması ilə bağlı "xxxx" ASC ilə müəssisə arasında müqavilə mövcuddur. MMC-yə məxsus tullantı sularının “Acı Dərə” kanalına axıdılmasına görə onlara dəymiş zərərə görə "xxxx" ASC-yə qarşı müvafiq təzminat iddiası qaldıracaqlar. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə Şəxs MMC-nin nümayəndəsi L.N.Məmmədova ona verilmiş suala cavab olaraq bildirmişdir ki, təmsil etdiyi MMC-nin adı həqiqətən də əvvəllər "xxxx" MMC olmuş, hazırda adı dəyişdirilərək Şəxs MMC olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi N.N.Əhmədov ondan əvvəl çıxış etmiş digər nümayəndənin izahatını təsdiqlədiyini bildirərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-6/2- 1354/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıt şəhərində genişmiqyaslı abadlıqquruculuq işləri həyata keçirilir, əhalini narahat edən sosial və ekoloji problemlər həll olunur, xüsusilə Sumqayıt şəhərinin daxili hissəsindən keçib birbaşa Xəzər dənizinə axıdılan “Acı Dərə” kanalının axarının boruya alınması işleri mərhələli şəkildə həyata keçirilməkdədir. Bununla yanaşı, “Acı Dərə” kanalı ətrafında yaşayan əhali, eləcə də müxtəlif illər yaranmış çoxsaylı istehsal və xidmət sahələri tərəfindən ərazilərində formalaşan məişət çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması nəticəsində uzunluğu 5 km-dən artıq olan Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu hissələrdə davamlı surətdə kəsgin iy və qoxu, güclü antisanitariya yaranmaqla ekoloji tarazlıq pozulur. Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə daimi yaşayan isti yay günlərində istirahət üçün ora gələn əhali tərəfindən müntəzəm olaraq ekoloji vaziyyətin yaxşılaşdırılması ilə bağlı təsirli tədbirlər görülməsi məqsədilə Şəhər İcra Hakimiyyətinə və digər qurumlara çoxsaylı müraciətlər olunur. Qeyd edilənləri nəzərə alaraq, Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə mövcud olan ekoloji durumun yaxşılaşdırılması məqsədilə “Acı Dərə” kanalına birbaşa təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi üçün müvafiq köməklik göstərilməsi qeyd olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 12 oktyabr 2023cü il tarixli 001086 №li aktın surətindən görünür ki, X8 Monitorinq İdarəsinin xx.xx.2023cü il tarixli Sərəncamına əsasən Sumqayıt şəhərinin saxili hissəsindən keçən və birbaşa təmizlənmədən Xəzər Dənizinə axıdılan “Acı-Dərə” kanalının ətrafında yerləşən istehsal və xidmət sahələrində formalaşan məişət, çirkab suların idarə olunması ilə bağlı XKEMnin əməkdaşları tərəfindən ekoloji monitorinq keçirilmişdir. Baxış zamanı "xxxx" MMCnin, Şəxs MMC-nin və "xxxx" MMC-nin fəaliyyəti zamanı yaranan çirkab sularının “Acı- Dərə” kanalına axıdılması müşahidə edilmiş, həmin müəssisələrin “Acı-Dərə” kanalına olan çıxışından lobarator təhlillər üçün su nümunələri götürülmüşdür. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 12 oktyabr 2023cü il tarixli 661 №li Nümunə aktın surətindən görünür ki, Şəxs MMC-yə məxsus təmizləyici qurğunun, istehlak tullantı sualarının, həmçinin məişət tullatın sularının “Acı- Dərə” kanalına olan çıxışlarından lobarator təhlillər üçün nümunələr götürülmüşdür. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 03 noyabr 2023-cü il tarixli 82668 №li aktdan görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il X8 Monitorinq İdarəsi tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən "xxxx" MMC-nin məişət tullantı sularının “Acı-Dərə” kanalına çıxışından götürülmüş su nümunələrinin tərkibində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə tərtib edilmiş monitorinq aktında və ekoloji məlumat bülletenində göstərilən faktların araşdırılması məqsədi ilə "xxxx" MMC-nin baş energetiki X2 və SƏTƏM şöbəsinin aparıcı mütəxəssisi X4 iştirakı ilə qeyd edilən ərazidə yerində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində "xxxx" MMC-nin itehsal tullantı sularının “Acı-Dərə” kanalına çıxışından götürülmüş su nümunələri üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə su nümunələri tərkibində oksigenin biokimyəvi sərfi 11,6 dəfə, ammonium ionunun miqdarı 6,0 dəfə, xəstəlik törədən bakteriyaların miqdarının və səhti aktiv maddələrinin miqdarı 2,2 dəfə ətraf mühit üçün yol verilən norma həddindən artıqdır. Araşdırmada iştirak edən "xxxx" MMC-nin baş energetiki X2 və SƏTƏM şöbəsinin aparıcı mütəxəssisi X6 aşkar edilmiş fakt barədə izahat verməkdən imtina etmişlər. İş materiallarında olan X8 Monitorinq İdarəsinin əməkdaşlarının Acı Dərə kanalında keçirdikləri ekoloji monitorinqin nəticələrinə dair 31 oktyabr 2023-cü il tarixli məlumat bülletenin surətindən görünür ki, “Acı Dərə” kanalını çirkləndirilən müəssisələrdən biri də Şəxs MMC-dir. Həmin MMC-nin təmizləyici qurğusunun çıxışından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillər nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az, oksigenin biokimyəvi sərfi (OBS2)-11,6 və ammonium ionu – 6,0 dəfə yol verilən qatılıq həddindən artıq və mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı – 3.680.000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı – 2.920.000 ədəd/litr təyin edilmişdir. Şəxs MMC-nin istehsalat tullantı sularının “Acı-Dərə” kanalına çıxışından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə oksigenin biokimyəvi sərfi (OBS5)-7,1; ammonium ionu 2,2 və sintetik səhti aktiv maddələr (SSAM) – 2,2 yol verilən qatılıq həddindən artıq və mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı – 4.820.000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı – 4.610000 ədəd/litr təyin edilmişdir. Şəxs MMC-nin məişət tullantı sularının “Acı- Dərə” kanalına çıxışından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az, oksigenin biokimyəvi sərfi (OBS5)-20,1 və ammonium ionu – 17,0 və sintetik səhti aktiv maddələr (SSAM) – 3,6 yol verilən qatılıq həddindən artıq və mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı – 5.000.000 ədəd/litr, enterokokların miqdarı – 633.000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı – 4.710000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə kəskin zəhərli təsirə malik olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC-yə məxsus təmizləyici qurğunun, istehlak tullantı sualarının, həmçinin məişət tullatın sularının “Acı-Dərə” kanalına olan çıxışlarından götürülmüş su nümunələrinin tərkibində zərərli bakterioloji maddələrin miqdarı ətraf mühit üçün yol verilən həddən artıq olmuş, bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələblərinin pozularaq reyestrdə qeydə alınmadan müəssisədə yoxlama aparılması barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırki inzibati xəta haqqında iş üzrə X8 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırma müəssisə daxilində sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılmamış, müəssisədən kənarda Şəxs MMC-yə məxsus təmizləyici qurğunun, istehlak tullantı sualarının, həmçinin məişət tullatın sularının “Acı-Dərə” kanalına olan çıxışlarında aparılmışdır. Qeyd edilən səbəbdən də hazırki inzibati xəta haqqında iş üzrə araşdırma zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələblərinin pozulması qənaətinə gəlmək olmaz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat materaillarında barəsində icraat aparılan hüquqi şəxsin adı bəzi sənədlərdə "xxxx" MMC, bəzilərində isə Şəxs MMC kimi qeyd edilmişdir. Məhkəmə prosesində müəyyən edilmişdir ki, barəsində icraat aparılan hüquqi şəxsin adı əvvəllər "xxxx" MMC olmuş, hazırda adı dəyişdirilərək Şəxs MMC olmuşdur. Bunu hər iki tərəfin nümayəndələri təsdiqləmişlər və bununla da qeyd edilən anlaşılmazlıq aradan qaldırılmışdır. Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. Göründüyü kimi Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması iş materialında olan aktlar, protokollar, hesabat və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10.500 (on min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar