Məhkəmə qərarları › İş №3(060)-269/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-269/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-269/2023 30.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xızı rayonu, Giləzi qəsəbəsi ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 27 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2377/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda 5260 manat aliment borcu vardır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, məhkəmə tərəfindən borcluya ödəniş etməsi ilə bağlı vaxt verilməsi ilə əlaqədar məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2377/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 386 manat pul məbləğində aliment və X5 oğlunun xəstəliyi ilə əlaqədar hər ay 200 manat pul, 25 manat rüsum və 25 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hal-hazırda borclu borcundan 2500 manat ödəniş etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir, onun nəticəsini gözləyir. Aylıq 500 manat əmək haqqı alır. Hər ay aliment borcundan 200 manat ödəniş edir. Hal-hazırda borcundan 2500 manat ödəniş etmişdir. İmkanı olduqca da əlavə ödəniş edir. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil borclunun hazırda borcundan 2500 manat, hər ay isə 200 manat olaraq ödəniş etməsini, qərəz olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, bir uşağı ağır onkoloji xəstədir, müalicə alır. Onu saxlamaqda çətinlik çəkir. Borclunun maddi imkanı yaxşıdır. Borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu barəsində tərtib edilmiş protokolu məhkəmənin mülahizəsinə buraxır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2377/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2022-ci il tarixindən etibarən 17 oktyabr 2016-cı il təvəllüdlü X5 oğlu və 17 sentyabr 2018-ci il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment, 17 oktyabr 2016-cı il təvəllüdlü X5 oğlunun xəstəliyi ilə bağlı olaraq əlavə zəruri xərclər üçün hər ay 200 manat məbləğində pul, 25 manat ödənilmiş dövlət rüsumu və 25 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs məxsus "xxxx" ASC və "xxxx" ASC-dəki bütün hesablarda olan pul vəsaitləri üzərinə 2702 manat aliment borcu həcmində həbs qoyulmuşdur. İş materiallarında "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs müəyyən edilmiş hesablaşma hesabına həbs qoyulması təmin olunmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-1018/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə təqdimat təmin edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, müdafiəçinin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən hazırda ödəniş edilməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin qeyd edilən hallar icra məmuru və özünün izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 06 saat hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar