Məhkəmə qərarları › İş №3(060)-2696/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2696/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2696/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri X1 və Nümayəndə2 iştirakları ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələri ilə 03 oktyabr 2024-cü il tarixli, 00800-00782/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Monitorinq şöbəsindən daxil olan 3-33- 3100/021/023049 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əsasən müəyyən edilmişdir ki, hüquqi ünvanı AZ 5000, Sumqayıt şəhəri, Bakı-ünvan 1 MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********2513 sorğu nömrəli gömrük bəyannaməsi üzrə invoys dəyəri 98000 ABŞ dolları, yəni həmin bəyannamənin 23-cü qrafasına əsasən 166600 manat təşkil edən, 8 yerdən ibarət, “Mayninq aparatları üçün istilik mübadiləsi sistemlərinin aksesuarları” adlı mallar 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək hüquqi şəxsin Sumqayıt şəhərində yerləşən hüquqi ünvanındakı anbarına saxlanca verilmişdir. xx.xx.2024-cü il tarixdə gömrük qanunvericiliyinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, “Malların saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi ilə bağlı 229 nömrəli və xx.xx.2012-ci il tarixli, “Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında 253 nömrəli qərarına əsasən gömrük nəzarəti formasında hüquqi şəxs tərəfindən saxlanca verilmiş mallara baxış keçirilən zaman 8 sayda qablaşdırmada olan mallardan ikisinin üzərinə vurulan gömrük təminatı vasitələrinin pozularaq, həmin iki sayda malın istifadə edildiyi aşkar edilmişdir. Hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli **********2513 sorğu nömrəli gömrük bəyannaməsi üzrə saxlanc xüsusi gömrük prosedur altında rəsmiləşdirilən 8 yerdən ibarət mallardan ikisinin qablaşdırmalarının ağzı açılaraq istifadə edilməsi onu deməyə əsas verir ki, törədilən əməldə İXM-in 491.1-ci və 492.1-ci maddələrinin tərkib əlamətləri vardır. Bu fakt, daxil olmuş 3-33-3100/021/023049 nömrəli, xx.xx.2024-cü il tarixli raport, ona əlavə edilmiş sənədlər və hüquqi şəxsin nümayəndəsi, "xxxx" MMC-nin satınalma şöbəsinin gömrük məsələləri üzrə mütəxəssisi vəzifəsində çalışan Nümayəndə1 tərəfindən verilən izahatla tam təsdiq olunur. Barəsində inzibati xəta haggında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin satınalma şöbəsinin gömrük məsələləri üzrə mütəxəssisi vəzifəsində çalışan Nümayəndə1 izahatında "xxxx" MMC-nin fəaliyyət istiqaməti informasiya mübadiləsinin istehsalından ibarət olmaqla texniki avadanlıqlar vasitəsilə məlumatların emalı və ötürülməsi prosesini həyata keçirməkdən ibarət olduğunu, idxal edilən mallar həmin texniki avadanlıqların hissələri, başqa sözlə texniki avadanlığın detalları olduğunu, texniki qurğuların iş prinsipinə görə detalların vaxtlıvaxtında dəyişdirilmədiyi təqdirdə avadanlığın sıradan çıxa biləcəyi və nəticədə şirkətə xeyli maddi ziyan dəyəcəyini, eləcə də texniki avadanlıq dayanmadan işlək vəziyyətdə olmalı olduğunu, eləcə də həmin malların müvafiq qanunvericiliklə ƏDV-dən və idxal rüsumlarından azad edilmiş hesab edilən mal olduğunu və bu səbəbdən aidiyyəti qurumdan vergi və rüsumlardan azad olunmanı təsdiq edən təsdiqedici sənəd alındıqdan sonra malların son istifadə xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək təyinatı üzrə istifadə olunacağını, lakin həmin təsdiqedici sənədin vergi xidməti tərəfindən gec verildiyinə və avadanlıqların fasiləsiz işinin təmin edilməsi zərurəti olduğuna görə mallar üzərində olan məhdudiyyətlər pozularaq iki sayda malın qablaşdırmadan çıxarılarag istifadə olunduğunu bildirmişdir. Hüquqi şəxsin nümayəndəsi tərəfindən verilən izahatda ziddiyət təşkil edən bəzi nüanslar mövcud olmuşdur. Onun dediyinə görə vergi xidmətindən verilən təsdiq sənədi gec daxil olmuşdur. Buna baxmayaraq qeyd edilməlidir ki, hüquqi şəxsin anbarında mallara baxış prosesi xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Lakin, hüquqi şəxs tərəfindən sözügedən təsdiq sənədinin alınması üçün aidiyyəti quruma müraciət xx.xx.2024-cü il tarixdə edilmişdir. xx.xx.2024-cü il tarixli **********2513 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların buraxılışı isə xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir. Burdan o nəticə çıxır ki, təsdiq sənədinin alınması üçün müraciət malların buraxılışının həyata keçirildiyi tarixdən 12 gün sonra edilmişdir. Eyni zamanda mallar 4 ay müddətinə saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Əgər ki, nümayəndənin izahatında göstərdiyi, saxlancda olan malların zərurət qarşısında qalınaraq istifadəsindən söhbət gedirsə və saxlanc xüsusi gömrük prosedurunun tələblərinə əsasən prosedur sahibinin mallarla bağlı əməl etməli olduğu öhdəliklər vardırsa, mallar üzərində hər hansı əməliyyatlar aparılması üçün mövcud zəruri hallar nəzərə alınaraq təsdiq sənədinin əldə edilməsi üçün görülməli tədbirlər malların buraxılışı həyata keçirildikdən qısa müddət sonra həyata keçirilməli idi. Buna görə də nümayəndənin izahatında göstərdiyi hallar törədilən inzibati pozuntu üzrə üzrlü səbəb yaxud yüngülləşdirici hal kimi nəzərə alına bilməz. Araşdırma müddətində saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların istifadə edilmiş hissəsinin dəyərinin müəyyən edilməsi zərurəti yarandığından Baş İdarənin rəsmiləşdirmə Mərkəzinə müraciət olunmuşdur. Həmin struktur bölmədən daxil olan raporta əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli **********2513 sorğu nömrəli gömrük bəyannaməsi üzrə saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların istifadə edilmiş hissəsinin dəyəri 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları təşkil edir. Başqa sözlə hüquqpozma predmeti olan malların dəyəri məhz qeyd edilən məbləğdir. Yuxarıda göstərilənlərə əsasən o qənaətə gəlinir ki, aparılan araşdırma üzrə toplanan sənədlər, alınan izahatlar və işin digər halları nəzərə alınaraq nəticə etibarilə hüguqi şəxs "xxxx" MMC tərəfindən törədilmiş əməldə həm gömrük ganunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. Bundan əlavə bildirmişdir ki, müvafiq vergi və rüsumlardan azad edilmə barədə "xxxx" MMC təsdiq edici sənəd 13 sentyabr 2024-cü il tarixdə alınmışdır. Həmin sənəsin alınması barədə müraciət isə gömrük yoxlamasından bir gün öncə olmuşdur. 13 sentyabr 2024-cü il tarixli təsdiq edici sənəd alındıqdan sonra həmin mallardan istifadə edilə bilərdi. Göstərilən halları nəzərə alaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələri ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izhaatında bildirmişdir ki, "xxxx" MMC-nin əsas fəaliyyəti informasiya mübadiləsi avadanlıqlarının quraşdırılması ilə bağlıdır. MMC 2017-ci ildən Sumqayıt Kimya Sənaye parkının rezidenti kimi əlaqədar vergi və rüsumlardan, o cümlədən idxal rüsum, vergi və ödənişlərindən azaddır. Fəaliyyəti il əlaqədar MMC xaricdən mallar idxal edir. Bu zaman malların bəyannaməsi gömrük orqanına təqdim olunaraq, gömrük ödənişlərindən azad olma haqqında İqtisadiyyat Nazirliyinə məktub göndərilir. Məktuba cavab gəldikdən sonra mallar istehsalatda istifadə olunur. Azadolma məktubuna cavab gələnə kimi isə mallar MMC-nin ərazisində saxlanılır. Bu proses gömrük orqanının da nəzarəti ilə illərdir ki, bu formada davam edir. Lakin, bu ilin avqust ayında idxal olunmuş və İqtisadiyyat Nazirliyinin məktubunu gözləyən 8 qutuda olan borular MMC-nin ərazisində olarkən gömrük orqanının əməkdaşları monitorinqə gəlmiş və qutuların plomblarının pozulduğu, eləcə də 2 qutuda yerləşən malların müvəqqəti saxlanc gömrük proseduru atlında olmasına baxmayaraq MMC tərəfindən istifadə olunduğu qənaətinə gələrək İXM-in 491.1 və 492.1-ci maddələri üzrə müvafiq protokol tərtib etmişlər. Həmin işə aşağıdakı əsaslar üzrə xitam verilməlidir. Əvvəla mallara müvəqqəti saxlanc gömrük proseduru rəsmiləşdirilməmişdir. Bu barədə gömrük orqanı tərəfindən hər hansı qərar elan edilməmiş, MMC-yə hər hansı məktub təqdim edilməmişdir. Belə olan təqdirdə mallar müvəqqəti saxlanc gömrük proseduru altında olmuş sayıla, deməli prosedurun pozulmasından da söhbət gedə bilməz. Digər tərəfdən mallara müəyyən olunmuş qaydada gömrük təminatı vurulmamışdır. Əslində bu həmişə belə olmuşdur. İdxal olunmuş mallar gömrük ərazisində gömrük orqanı tərəfindən öz sahibinə təbii istehsal qutularında təhvil verilmiş, qutular hər hansı formada plomb, möhür və ya lentlə bağlanmamış, İqtisadiyyat Nazirliyindən azadolma məktubu alınana qədər adi qutularda MMC-nin anbarında saxlanılmışdır. Belə olan təqdirdə malların gömrük nəzarəti gömrük qurumu tərəfindən tam rəsmiləşdirilmədiyi üçün MMC tərəfindən hər hansı pozuntudan da söhbət gedə bilməz. Mallar gömrük orqanı tərəfindən lisenziyalı müvəqqəti saxlanc anbarına yerləşdirilməmişdir. Bu tələb Gömrük Məcəlləsinin 163-177-ci maddələrindən irəli gəlir. Həmçinin son istifadə gömrük proseduruna keçməzdən əvvəl mallardan istifadə olunmamışdır. Sadəcə mallar aid olduğu avadanlığa uyğun olubolmamasını müəyyən etmək üçün istehsal sahəsinə aparılmış, daha sonra isə qaytarılaraq qutusuna qoyulmuşdur. Bu barədə foto şəkillər məhkəməyə təqdim edilmişdir. MMC-nin nümayəndəsi Nümayəndə1 yalnız gömrük rəsmiləşdirilməsi işləri ilə məşğul olduğu üçün malların istehsalda istifadə olunması barədə məhdud təsəvvürə malikdir. İnzibati icraat zamanı azadolma məktubu alınmadan və son istifadə gömrük proseduru tamamlanmadan malların istehsal zərurətinə görə istifadə edilməsi barədə dedikləri onun öz təsəvvürüdür. Həqiqət isə bunun əksidir. Əslində mallar son istifadə üçün deyil, yuxarıda qeyd edildiyi kimi kəmiyyət və keyfiyyətinin, eləcə də avadanlığa uyğunluğunun yoxlanılması üçün götürülmüş və yerinə qaytarılmışdır. Mallar onsuz da bütün gömrük ödənişlərindən azaddır. Yəni, saxlanc qaydası pozulsaydı belə, bu dövlət üçün hər hansı itkiyə səbəb olmur. Məlumdur ki, gömrük nəzarəti əleyhinə olan inzibati xətaların əsas məqsədi şəxslərin gömrük rüsumlarından yayınmasının qarşısını almaqdır. Bu baxımdan istinad olunan xətalar "xxxx" xarakterdədir. Yəni, burada MMC-nin tamah və rüsumdan yayınma məqsədi tamamilə istisna olunur. İşə baxılarkən bu hal da nəzərə alınmalıdır. Mallar yoxlamadan cəmi 9 gün sonra 14 sentyabr 2024-cü il tarixdə son istifadə gömrük proseduru ilə realizə olunmuşdur. Daha sonra isə xx.xx.2024-cü il tarixdə istehsalatda sərf olunmuşdur. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 izhaatında bildirmişdir ki, "xxxx" MMC-nin satınalma şöbəsinin gömrük məsələləri üzrə mütəxəssisi vəzifəsində işləyir və həmin işləri yerinə yetirir. Ona görə də malların istehsalda istifadə olunması barədə dəqiq məlumatı yoxdur. Bu barədə aidiyyəti əməkdaşlar dəqiq məlumatlıdır. 03 sentyabr 2024-cü ildə gömrük əməkdaşları tərəfindən "xxxx" MMC-nin anbarında yoxlama keçirilərkən 08 sayda qablaşdırmada olan malların ikisinin açıq olmasını görmüş və istehsal zərurəti ilə əlaqədar istifadə olunmasını düşünmüşdür. Lakin, sonradan aidiyyəti əməkdaşlar həmin malların yalnız yoxlama məqsədi ilə götürülməsini və sonradan yerinə qoyulmasını, yəni istifadə edilmədiyini bildirmişlər. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid izahatında göstərmişdir ki, "xxxx" MMC-də aparıcı mühəndis işləyir. Avqust ayında ölkəyə idxal edilmiş istilik mübadiləsi aparatlarının hissələri MMC-nin anbarına yerləşdirilmişdir. Həmin mallar səkkiz ədəd qablaşdırmada olmuş, onların ikisində olan metal boruları götürərək yoxlamışlar və yerinə qoymuşlar, lakin istifadə etməmişlər. Bununla bağlı gömrük orqanı tərəfindən yoxlama həyata keçirilmiş və həmin halın pozuntu olmasını bildirmişlər. Həmçinin qeyd etmişdir ki, idxal edilmiş mallardan bütün gömrük prosedurları başa çatdıqdan sonra istifadə etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi yaranmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan 03 oktyabr 2024-cü il tarixli, 00800-00782/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********2513 sorğu nömrəli gömrük bəyannaməsi üzrə invoys dəyəri 98000 ABŞ dolları, yəni həmin bəyannamənin 23-cü qrafasına əsasən 166600 manat təşkil edən, 8 yerdən ibarət, “Mayninq aparatları üçün istilik mübadiləsi sistemlərinin aksesuarları” adlı mallar 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək hüquqi şəxsin Sumqayıt şəhərində yerləşən hüquqi ünvanındakı anbarına saxlanca verilmişdir. xx.xx.2024-cü il tarixdə gömrük qanunvericiliyinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, “Malların saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi ilə bağlı 229 nömrəli və xx.xx.2012-ci il tarixli, “Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında 253 nömrəli qərarına əsasən gömrük nəzarəti formasında hüquqi şəxs tərəfindən saxlanca verilmiş mallara baxış keçirilən zaman 8 sayda qablaşdırmada olan mallardan ikisinin üzərinə vurulan gömrük təminatı vasitələrinin pozularaq, həmin iki sayda malın istifadə edildiyi aşkar edilmişdir. Araşdırma müddətində müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli **********2513 sorğu nömrəli gömrük bəyannaməsi üzrə saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların istifadə edilmiş hissəsinin dəyəri 24.500 (iyirmi dörd min beş yüz) ABŞ dolları təşkil edir. Başqa sözlə hüquqpozma predmeti olan malların dəyəri məhz qeyd edilən məbləğdir. Beləliklə də "xxxx" MMC-nin əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələrinin tərkibi yaranmışdır. İş materiallarına olan xx.xx.2024-cü il tarixli **********2513 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən xaricdən idxal edilmiş və invoys dəyəri 98000 ABŞ dolları təşkil edən “Mayninq aparatları üçün istilik mübadiləsi sistemlərinin aksesuarları” adlı mallar "xxxx" MMC anbarına yerləşdirilmişdir. İş materiallarına olan gömrük baxışının keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və həmin vaxt qeydə alınmış video görüntülərdən görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən "xxxx" MMC-nin anbarında **********2513 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilmiş malların 02 ədəd qablaşdırmada olan hissəsinin təminat vasitələrinin qoparılaraq istifadə edilməsi və mayninq aparatlarına qoşulması müəyyən edilmişdir. Protokol "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin X4 Agentliyinə 02 sentyabr 2024-cü il tarixli müraciətindən görünür ki, idxal olunan malların ƏDV-dən və gömrük rüsumlarından azad edilməsi məqsədi ilə təsdiqedici sənədin verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İN AS-472/2024 nömrəli təsdiqedici sənədddən görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2011-ci il tarixli 548 nömrəli Fərmanına əsasən yaradılmış Sumqayıt Kimya Sənaye Parkının 31 mart 2017-ci il tarixli **********6 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında rezidentidir. Siyahıda göstərilmiş texnika, texnoloji avadanlıqlar, qurğular və eyni təyinatda bütün növ mallar həmin rezident tərəfindən məlumatların (datanın) emalı, qeydə alınması və ötürülməsinin təşkil məqsədi ilə Azərbaycan Respublikasına idxal edilir. Təsdiqedici sənəd müvafiq gömrük orqanına təqdim etmək üçün verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********2793 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən xaricdən idxal edilmiş və invoys dəyəri 98000 ABŞ dolları təşkil edən “Mayninq aparatları üçün istilik mübadiləsi sistemlərinin aksesuarları” adlı mallar son istifadə gömrük proseduru ilə realizə olunmuşdur. Beləliklə də müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli **********2513 sorğu nömrəli gömrük bəyannaməsi ilə "xxxx" MMC tərəfindən xaricdən idxal edilmiş və invoys dəyəri 98000 ABŞ dolları təşkil edən “Mayninq aparatları üçün istilik mübadiləsi sistemlərinin aksesuarları” adlı mallar "xxxx" MMC anbarına yerləşdirilmiş və 04 ay müddətinə saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Bundan sonra 02 sentyabr 2024-cü ildə "xxxx" MMC həmin malların ƏDV-dən və gömrük rüsumlarından azad edilməsi barədə X4 Agentliyinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən "xxxx" MMC-nin anbarında yoxlama zamanı idxal edilmiş malların 02 ədəd qablaşdırmada olan hissəsinin təminat vasitələrinin qoparılaraq istifadə edilməsi və mayninq aparatlarına qoşulması müəyyən edilmişdir. MMC-nin nümayəndəsi həmin vaxt yoxlama prosesində iştirak edərək aşkar edilmiş halları təsdiq etmiş və həmin malların avadanlıqların fasiləsi işləməsini təmin etmək üçün istifadə edildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə qeyd edilən malların vergi və rüsmulardan azad edilməli mallara aid olması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqedici sənəd verilmiş və xx.xx.2024-cü il tarixdə həmin mallar son istifadə gömrük proseduru ilə realizə olunmuşdur. Göründüyü kimi formal nöqteyi-nəzərdən baxdıqda "xxxx" MMC-nin əməlində 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların olması ilkin olaraq görünsə də, yuxarıda qeyd edilən işin hallarının obyektiv, tam və hərtərəfli təhlili nəticəsində MMC-nin əməllərində həmin inzibati xətaların tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC Sumqayıt Kimya Sənaye Parkının rezidentidir və qanunvericliliyin tələbinə əsasən qeyd edilən şəxslər həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalına görə 2016-cı il mayın 1-dən 10 il müddətinə vergilərdən və gömrük rüsumlardan azad edilmişdir. Hazırki iş üzrə idxal edilmiş mallar da "xxxx" MMCnin Sumqayıt Kimya Sənaye Parkında həyata keçirdiyi fəaliyyət və həmin fəaliyyətin məqsədləri üzrə idxal edilmişdir. Qeyd edilən saxlanc xüsusi gömrük proseduru altında "xxxx" MMC-nin anbarında saxlanıldığı vaxt, 03 sentyabr 2024-cü il tarixədək istifadə edilsə də, həmin malların bütün növ vergi və gömrük rüsumlardan azad edilməsi öncədən bəlli olmuşdur. Yalnız həmin məsələ üzrə müvafiq rəsmiləşdirmə başa çatmadan mallardan istifadə edilmişdir və "xxxx" MMC tərəfindən əvvəllər analoji xarakterli hərəkətlərə yol verilməmişdir. Qeyd edilən səbəblərdən də məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən saxlanc xüsusi gömrük proseduru altında saxlanılan mallara gömrük orqanı tərəfindən tətbiq edilmiş nəzarət vasitlərinin açılması və onlardan istifadə edilməsində məqsəd hər hansı vergi və gömrük rüsumlarından azad olmaq və ya yayınmaq məqsədi daşımamışdır və həmin hərəkətlər İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən əməl olmamışdır. Nəzərə almaq lazımdır ki, həmin mallar yoxlamanın həyata keçirildiyi vaxtdan 11 gün sonra, yəni 14 sentyabr 2024-cü ildə rüsumlardan azad şəkildə son istifadə gömrük proseduru ilə realizə olunmuşdur. Qanunvericlilikdə vergi və gömrük sahəsində yol verilmiş pozuntulara görə məsuliyyət müəyyən edən normalar son nəticədə məhz vergilərin və gömrük rüsumlarının lazımi qaydada ödənilməsinin təmin edilməsini məqsədi ilə nəzərdə tutulmuşdur. İndiki halda isə hər hansı vergilərdən və gömrük rüsumlarından yayınma halları və ya həmin məqsədlərə nail olma məqsədi ilə törədilmiş hər hansı əməllər müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə inzibati xəta tərkibinin yaranması üçün zəruri olan dörd zəruri elementdən (obyekt, obyektiv cəhət, subyek və subyektiv cəhət) biri olan subyektiv cəhət mövcud deyil. Yəni, inzibati xəta törətməsi iddia edilən hüquqi şəxsin adından çıxış edən şəxs (şəxslər) həmin əməllərə yol verərkən (indiki halda saxlanc xüsusi gömrük proseduru altında saxlanılan mallara gömrük orqanı tərəfindən tətbiq edilmiş nəzarət vasitlərinin açılması və onlardan istifadə edilməsi) onun (onların) məqsəd və niyyəti saxlanc xüsusi gömrük proseduru altında saxlanılan mallardan müvafiq gömrük prosedurlarını pozmaqla istifadə olmamışdır. Nəzərə almaq lazımdır ki, həmin mallar yoxlamanın həyata keçirildiyi vaxtdan 11 gün sonra, yəni 14 sentyabr 2024-cü ildə rüsumlardan azad şəkildə son istifadə gömrük proseduru ilə realizə olunmuşdur. Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2011-ci il tarixli 548 nömrəli Fərmanına əsasən ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilirlər. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.52-ci maddəsinə əsasən sənaye parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənaye parkının rezidentinin qeydiyyat şəhadətnaməsini almış və sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir. Həmin Məcəllənin 164.1.28-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 10 il müddətinə malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsindən, habelə idxalından ƏDV tutulmur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.14-ci maddəsinə əsasən gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlərdir. Həmin Məcəllənin 1.0.15-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar gömrük nəzarəti altında olan mallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından həmin MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar