Məhkəmə qərarları › İş №3(060)-2698/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2698/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2698/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 05:30 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində Yelmar dairəsində səs-küy salmış, söyüş söymüş, polis əməkdaşları tərəfindən Bölməyə gətirilmiş, Bölmədə polislərə tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 06:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində Yelmar dairəsində dostu ilə görüşmüşdür. O zaman taksi görmüş və onu saxlamaq üçün qışqırmış və uca səslə gülmüşdür. İçkili olmuşdur, lakin söyüş söymədiyini bildirmişdir. Ərazidə olan PPX əməkdaşları onlara yaxınlaşaraq onları Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. Bölmədə olan zaman PPX əməkdaşları onlara yaxınlaşaraq “niyə belə rahatsan” deyərək stula təpik vurmuş, stul onun ayağına dəymişdir. İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, müharibədə əsəblərinin pozulduğunu bildirdi. Həmin vaxt da əsəbi olmuş və qışqırmışdır. Əməlindən peşman olduğunu, İİ Qarabağ müharibəsində iştirak etdiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nun polis nəfəri, polis nəfəri-sürücü X1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 06:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisindəxidmətdə olarkən dəhşətli dərəcədə səs-küy, gülüş səsləri və söyüş eşitmişlər və ora yaxınlaşmışlar. Həmin şəxsləri PB-nə dəvət etmişlər və onlar da etiraz etmədən avtomobilə oturaraq onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişlər. Bölmədə olan zaman Rəcəb gülməyə başlamış, o isə ona PB-də olduğunu və özünü yaxşı aparmağı bildirmişdir. Rəcəb isə Qazi olduğunu, əsəblərinin pozulduğunu bildirmiş və Bölmənin növbətçi hissəsində mübahisə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 05:50 radələrində tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində azad olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatını dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir, o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 05:30 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində Yelmar dairəsində səs-küy salmış, söyüş söymüş, polis əməkdaşları tərəfindən Bölməyə gətirilmiş, Bölmədə polislərə tabesizlik göstərmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar