Məhkəmə qərarları › İş №3(060)-27/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-27/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-27/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin inzibati xəta haqqında 24 dekabr 2023-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxılmağa hazırlanması zamanı baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4 və 482.1-ci maddəsinə əsasən 24 dekabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən araşdırma ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ünvanına göndərilmiş yükün içərisindən aşkar edilmiş, hər biri 25 kg olmaqla, ümumilikdə 440 kisədə, 11000 (on bir min) kq “polietilen” yükünü gömrük nəzarətinə bəyan etməməklə AR İXM-nin 482.1-ci, yəni gömrük sərhədindən keçirilən malların bəyan edilməməsi, ekspertiza rəyinə əsasən qalınlığı 15 mikrondan aşağı olan polietilen torbaları ölkə ərazisinə idxal etməklə AR İXM-nin 275.4-cü, yəni qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasında fərqli yanaşma nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarı). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər. Həmin inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Həmin qərarda vurğulanır ki, inzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların formal və ya maddi tərkibli olmasından asılı olmayaraq bəyannaməyə düzgün olmayan məlumatların daxil edilib elektron qaydada göndərilməsində ifadə olunan inzibati xətaların törədildiyi yeri müəyyən etmək olduqca mürəkkəbdir. İnformasiya texnologiyaları sahəsində inzibati xətaların əksəriyyəti elektron şəbəkələrdə törədilmiş olur. Bu zaman hüquqazidd əməlin törədildiyi yer və ictimai təhlükəli nəticələrin baş verdiyi yer müxtəlif ərazilərdə ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, informasiyakommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş belə inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı yerdə baxılmalıdır. İnzibati xətanın aşkarlandığı yer dedikdə, inzibati xətanın baş verməsinə, həmçinin hüquqpozmanın digər hallarına dair inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsin protokol tərtib etdiyi yer başa düşülür. Həmin qərarda göstərilir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İş materiallarından göründüyü kimi Şəxs MMC tərəfindən törədilməsi istinad olunan inzibati xəta Astara Gömrük İdarəsi tərəfindən aşkar edilmiş, həmin orqan tərəfindən araşdırma aparılmış və hüquqi şəxs tərəfindən elektron bəyannamədə düzgün məlumat daxil etmədiyinə görə müvafiq protokol tərtib edilmişdir. İnzibati materialı nəzərdən keçirib qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən inzibati material aidiyyatı üzrə baxılması üçün Astara rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən Bu Məcəllənin 110cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 və 112.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində tərtib olunmuş 24 dekabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Astara rayon Məhkəməsinə göndərilsin. Hakim: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar