Məhkəmə qərarları › İş №3(060)-2703/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2703/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2703/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Qönçə Süleymanlının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikası, Çəmbərək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Qönçə Süleymanlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-962/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə üzrə 9000 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Qönçə Süleymanlı bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-962/2020 saylı icra vərəqəsi xx.xx.2020-ci ildə İcra İdarəsinin icraatına daxil olmuşdur. Borclu ilə tələbkar öz aralarında razılığa gəlmiş və borclu mülkiyyətində olan avtomobili tələbkara satmış, avtomobilin dəyəri borclunun borcundan çıxılmışdır. 2025-ci ilin fevral ayında borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, lakin borclu və tələbkar borcun hissə-hissə ödənilməsinə razılıq verdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hal-hazırda borclu borcunu tam şəkildə tələb edir. Sonuncu dəfə borclu barəsində 7640 manat aliment borcu ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin vaxtdan bəri borclu heç bir ödəniş etmədiyi üçün hazırda 9000 manat aliment borcu yaranmışdır. Məhkəməədn protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Borcunu ödəməyə etirazı yoxdur və qərəzli şəkildə boyun qaçırmır. Xəstə anası ilə birgə yaşayır və onu qoyub başqa yerdə işləməyə gedə bilmir. 2025-ci ilin fevral ayında barəsində inzibati xəta haqqında protokol tərtib olunandan sonra tələbkarın kart hesabına 2 dəfə olmaqla 5 manat göndərib. Qeyd edir ki, aylıq gəliri 200-250 manatdır, sürücü işləyir, anasının mülkiyyətində olan avtomobilini satıb borcundan müəyyən qədər ödəniş edib borcunun qalan hissəsini isə işləyib ödəyə bilər. Hazırda borcundan hər hansı məbləğdə ödəniş edə bilmir. Məhkəmədən ona borcunu ödəmək üçün vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən “ŞİMAL” Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, borclunun hal-hazırda borcundan ödəniş etmək imkanı olmasa da, borcundan qərəzli şəkildə yayınmır. Borclu anasının mülkiyyətində olan avtomobilini satıb borcundan müəyyən qədər ödəniş edəbilər. Məhkəmədən qeyd olunan halların nəzərə alınmasını və ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-962/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs 03 dekabr 2019-cu il tarixdən etibarən xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-962/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borcluya icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Borclu qərar və bildirişlə xx.xx.2023-cü il tarixində tanış olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində məcburi gətirilmə tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs məxsus “VAZ 21074” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışı elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan BDYPİ-nin məktubundan görünür ki, Şəxs məxsus “VAZ 21074” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə mərkəzi informasiya sistemində həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədi üzrə tələbi təmin etmədiyi halda məcburi gətirilməsi və ya ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı bildirilmişdir. Borclu xəbərdarlığın surətini xx.xx.2024-cü il tarixində almışdır. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, işsiz olduğu üçün icra sənədi üzrə ödəniş edə bilmir. 9000 manat aliment borcunu tam şəkildə ödəmək imkanı yoxdur, lakin aliment borcundan imtina etmir. İş materiallarında olan Şəxs xx.xx.2020-ci il tarixli izahatından görünür ki, icra sənədi üzrə tələbi işsiz olduğu və maddi imkanı olmadığı üçün ödəyə bilmir. Yaranmış 1700 manat aliment borcunu hər ay 100 manat olmaqla ödəyə bilər. İş materiallarında olan Zərərçəkmiş şəxs İlqar qızının xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, borclu bu vaxta qədər ona heç bir ödəniş etməmişdir. Borcun ona ödənilməsi üçün qanunamüvafiq tədbirlər görülməsini xahiş edir. İş materiallarında olan Şəxsn xx.xx.2024-cü il tarixli izahatından görünür ki, işsiz olduğu üçün borcunu tam şəkildə ödəyə bilmir. Bu günədək 2400 manat ödəniş etmişdir. 7600 manat borcunu hər ay 200 manat olmaqla ödəyəcək. İş materiallarında olan Zərərçəkmiş şəxs İlqar qızının xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, borclu 59 aylıq icraat dövründə ona 900 manat aliment ödənişi etmişdir. xx.xx.2024-cü il tarixində borclunun mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili 1500 manata qəbul etmişdir. 2024cü ilin noyabrı da daxil olmaqla borclunun qalıq borcu 7600 manat təşkil edir. İcra sənədinin icrası ilə bağlı “VAZ 21074” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə göstəriş verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs İlqar qızının xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclunun 7640 manat borcunun ödənilməsinə görə qanunamüvafiq tədbirlərin görülməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)- 962/2020 saylı icra sənədinə əsasən 1 uşağın saxlanılması üçün hər ay 170 manat tutulmalıdır. İş materiallarında olan Zərərçəkmiş şəxs İlqar qızının xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs 7640 manat aliment borcunu hissə-hissə ödəməsi barədə razılığa gəliblər. Məhkəmədən icraatda olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Şəxs barəsində İXm-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat onun əməllərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs İlqar qızının xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2205-ci il tarixində borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq həmin tarixdən bəri heç bir ödəniş etməmişdir və bu günə kimi 9000 manat aliment borcu yaranmışdır. Borcunun ödənilməsini tələb edir və məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını xahiş edir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs borcunun yönəldilə biləcəyi əmlak, əmək haqqı, pensiya, təqaüd və sair gəlirləri yoxdur. Məhkəmə iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, borclu tərəfindən müəyyən miqdarda ödənişlər olsa da, tam icra edilməmiş, nəticədə kifayət qədər yüksək məbləğdə aliment borcu (9000 manat) yaranmışdır. Borclunun müəyyən məbləğlərdə ödənişlər etməsi və iş yerinin olmaması üçün ödənişləri tam etməməsi onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs özünü təqsirli bilməsini yüngülləşdirən hal kimi qiymətləndirilir. Ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 23 oktyabr 2025-ci il tarixdən saat 10:40-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2025-ci il, saat 10.40-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar